Qəbələdə
keçən iki gün...
Media təmsilçiləri üçün yaddaqalan tur
Ölkəmizin qədim
tarixə, zəngin mədəniyyətə və təbii
gözəlliklərə sahib olması turizmin daha yüksək səviyyədə
inkişafı üçün münbit şərait yaradır. Son illər dövlətin dəstəyi ilə
bu sahədə böyük
layihələr icra olunub,
geniş imkanlara malik müasir infrastruktur yaradılıb, maddi-texniki
baza gücləndirilib. Qusarda
“Şahdağ” Turizm Mərkəzinin,
Qəbələdə “Tufandağ”
Qış-Yay Turizm İstirahət Kompleksinin istifadəyə verilməsi ilə
Azərbaycan turizminin mövsümiliyi
də aradan qalxıb.
Ölkəmizə xarici turistlərin cəlb olunması istiqamətində də müvafiq addımlar atılır, islahatlar həyata keçirilir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə edilən dəyişiklikdən sonra turist vizaları ən geci 5 gün müddətində elektron qaydada verilir. Bir sıra ölkənin vətəndaşları isə vizaları respublikanın beynəlxalq statuslu hava limanlarından əldə edə bilərlər.
Qəbələ “turizm paytaxtı”na çevrilir
Bu gün regionlarımız arasında turizmin daha çox inkişaf etdiyi bölgələrdən biri Qəbələ rayonudur. Qədim Qafqaz Albaniyasının paytaxt şəhəri indi turizmin paytaxtına çevrilməkdədir. Zəngin tarix və mədəni irsi, əsrarəngiz təbiəti olan Qəbələ bu gün beynəlxalq hava limanına, inkişaf etmiş şəhər və turizm infrastrukturuna malik bir məkandır.
Fevralın 20-21-də “Qafqaz” hotellər şəbəkəsinin təşkilatçılığı ilə Azərbaycanda daxili turizmin inkişafına dəstək məqsədilə Qəbələyə “Turizmin inkişafında KİV-in rolu və funksiyası” adlı media tur təşkil olundu. Media tur sayəsində ölkəmizdə fəaliyyət göstərən 30-a yaxın KİV-in nümayəndəsi bölgənin turizm potensialı ilə yaxından tanış olmaq imkanı qazandı.
“Qafqaz Baku City Hotel”dən başlayan səfərdə ilk duracağımız “Qafqaz Yengicə Termal & SPA Hotel” kompleksi oldu. Hotelin rəhbəri Rəşad Abdulhəlimov məlumat verdi ki, bu hotel Qəbələ rayonunda yerləşən 8, ölkə ərazisində “Qafqaz” brendi ilə fəaliyyət göstərən 13 hoteldən biridir. Rayonun Yengicə kəndində, mineral su mənbəyinə yaxın ərazidə yerləşən kompleksdə ümumilikdə 61 otaq mövcuddur.
Yaxınlıqda məşhur “Yeddi gözəl” şəlaləsi, Nohur gölü və süni yaradılmış göllər var. Ərazidəki mineral su vasitəsilə sümük ağrıları, revmatik ağrılar, əzələ ağrıları, dəri xəstəlikləri, osteoxondroz kimi müxtəlif xəstəliklərin müalicəsi aparılır. Burada olan mineral sulardan hələ qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunduğu haqda bilgilər var. Hoteldə həmçinin Naftalan nefti ilə kompleks müalicə prosedurları təklif edilir.
Sonra “Qafqaz Sport Hotel”i ilə tanış
oluruq. Yeddimərtəbəli əsas korpusdan
və kotteclərdən
ibarət olan hoteldə 117 nömrə
var. Bütün nömrələrdə
qonaqların yüksək
səviyyədə istirahəti
üçün hər
cür şərait yaradılıb. Hotelin idman
mərkəzində təlim-məşqlər
keçirmək də
mümkündür. Hotelin ərazisində
yüksək standartlara
cavab verən, ailəvi istirahət üçün hər cür şəraitə malik 21 kottec, həmçinin açıq
havada hovuz, uşaq oyun meydançası turistlərin
ixtiyarındadır.
Buludlardan
yüksəkdə duran
“Tufandağ”
Gözəl təbiətə malik olan Qəbələ artıq MDB və Avropa məkanında da geniş tanınmaqdadır. Media turun ikinci günü
“Tufandağ” Qış-Yay
Turizm İstirahət Kompleksinə səfərlə
davam etdi.
Turizm mərkəzinin müştəri
xidmətinin rəhbəri
Samir Cəfərov kompleks haqqında məlumat verərək bildirdi ki, obyekt
2014-cü il yanvarın 3-də dövlət
başçısı İlham
Əliyevin iştirakı
ilə istifadəyə
verilib. Burada turistlərə ilboyu
kanat gəzintisi, qış mövsümündə
mürəkkəb səviyyəli
yollarda xizəklə sürüşmə təlimi,
hotel və digər xidmətlər göstərilir.
Samir Cəfərov əvvəlki illə müqayisədə müştərilərin
bu turizm obyektinə daha çox maraq göstərdiklərini bildirdi:
“Xizək sürməyə
görə ötən
mövsümdə 1700-dən artıq turist qəbul etmişdiksə, hazırda bu rəqəm 3000-dən çoxdur.
Hazırda kompleksdə ümumi
uzunluğu 6 kilometr olan 4 kanat xətti
turistlərin xidmətindədir.
Qış aylarında
hündürlüyü dəniz
səviyyəsindən 1920 metr
yüksəklikdə, ümumi
uzunluğu 17 kilometr olan və 10 müxtəlif çətinlik
səviyyəli xizək
yolu turistlərin ixtiyarına verilib. Ən uzun xizək yolu 1950 metrdir. Xizək həvəskarları dolanıb
getməklə bu yolu 6 kilometrə qədər uzada bilərlər. İlk dəfə
xizək sürənlərə
fərdi və qrup şəklində təlim keçilir”.
Media nümayəndələrinə
də xizəkdən istifadə etməyə şərait yaradıldı. Əvvəlcə hər kəsə xizək kirayəsi məntəqəsində xizək
və xizək ləvazimatları verildi.
Sonra kompleksin yeni öyrənən turistlər
üçün nəzərdə
tutulmuş sürüşmə
zolağında təlim
başladı. Təlim zamanı
xizəkdən istifadə
qaydaları, xizəksürmənin
ən asan və təhlükəsiz
yolları, xizək enişi və yamaclardan istifadə zamanı diqqət yetirilməli olan əsas məqamlar öyrədildi. Daha sonra media mənsubları xizəksürmənin həyəcanlı
anlarını yaşadılar...
Qeyd edək
ki, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ərazisində yerləşən
“Tufandağ” hoteli həm həftə içi, həm də həftəsonu xüsusi paketləri ilə müştərilərinə
maraqlı təkliflər
edir. Belə ki, müştərilər 2 nəfər
üçün 179 manat
ödəyərək hoteldə
ikinəfərlik otaqda
gecələməklə bərabər,
səhər yeməyi,
SPA və fitnes, xizək dəsti və geyimləri, xizək xəttinə buraxılış kartı
almaq imkanları da əldə edə bilirlər. Hotel Novruz bayramı
münasibətilə martın
19-dan 28-dək endirimli kampaniya
da keçirir.
Media nümayəndələri soyuq Qəbələdən
isti, xoş təəssüratlarla ayrıldılar.
F.Hüseynov
Mədəniyyət.- 2016.- 24
fevral.- S. 7.