AZAL
aşağı büdcəli brendini
yaradır
“AZALJET”in uçuşları 28 martdan başlanacaq
“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətin aşağı büdcəli istiqamətləri üzrə uçuşlar yerinə yetirəcək yeni “AZALJET” brendinin yaradılması planını elan edib.
“AZALJET” brendi altında uçuşlar 28 mart tarixindən etibarən Azərbaycan mülki aviasiyasının mövcud infrastrukturu əsasında yerinə yetiriləcək.
“AZALJET” brendi altında yerinə yetiriləcək reyslərdə baqajın daşınması və bortda qidalanma əlavə ödəniş müqabilində təklif olunacaq. Belə təcrübə 2015-ci ilin avqustundan qismən və 2016-cı il 1 fevral tarixindən isə tam miqyasda AZAL-ın bir sıra aviareyslərində uğurla tətbiq olunmağa başlayıb. Bununla əlaqədar olaraq, aviaşirkət bu sxem üzrə aviabiletlər təklif edəcək ayrıca brendin yaradılması haqqında qərar qəbul edib.
Son illərdə aşağı büdcəli aviaşirkətlər (loukoster) bütün dünyada məşhurluq qazanıb. Bu, aviadaşıma biznesinə “aşağı xərclər - aşağı tariflər - yüksək tələb - yüksək gəlir” formulu ilə ifadə olunan yanaşmadır.
AZAL özünün aşağı büdcəli brendini ayrıca struktura ayırdıqdan sonra, əvvəlki kimi həm baqajın daşınması, həm də tam çeşidli bort qidalanmasının daxil olduğu aviareyslərini də yerinə yetirməyə davam edəcək.
Bununla da,
Azərbaycanın milli aviadaşıyıcısı
bizim bazara maraq göstərən aşağı
büdcəli aviaşirkətlər ilə səmərəli
rəqabət etmək imkanı əldə edəcək. Məsələn, Azərbaycanın regionlarına “Türk Hava
Yolları”nın (THY) aşağı büdcəli brendi olan “Anadolu
Jet” artıq uçuşlar
yerinə yetirir və mart
ayının sonunda Macarıstanın
aşağı büdcəli aviaşirkəti “WizzAir” tərəfindən Bakıdan
Budapeştə uçuşlar bərpa ediləcək.
Mədəniyyət.- 2016.- 24
fevral.- S. 8.