“Vahidəm, qaldı adım dürr kimi...”

 

Musiqipoeziya gecəsi böyük qəzəlxana həsr olunmuşdu

 

XX əsr Azərbaycan poeziyasının sayılıb-seçilən nümayəndələrindən olan Əlağa Vahidi böyük Füzulinin, Seyid Əzim Şirvaninin yadigarı adlandırırlar. Çünki Vahid də sələfləri kimi elə bir söz yaratdı ki, bu söz onu əbədi yaşadacaq. Məhz buna görə də hər ilin 18 fevral tarixi - ölməz qəzəlxanın dünyaya gəldiyi gün muğam və ədəbiyyatsevərləri bir araya gətirən söz-sənət bayramına çevrilir.

 

Fevralın 18-də Heydər Əliyev Sarayında Əlağa Vahidin qəzəllərindən ibarət "Vahidəm, qaldı adım dürr kimi" adlı konsert proqramı da qəzəl, musiqi həvəskarlarını şairin yaradıcılıq işığına toplamışdı.

Vahidin öz dilində səslənən şeirlə açılan gecə Əməkdar artist Almaz Amanovanın həzin ifası ilə təqdim olunan qəzəllərlə ayrı bir rəngə bürünür. Xalq artistləri Arif Babayev, Əminə Yusifqızı, Aygün Bayramova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Zabit Nəbizadə, Könül Xasıyeva, əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Teyyub Aslanov, Səbuhi İbayev, Babək Niftəliyev, meyxana ustaları Ağamirzə və Mehman Əhmədlinin çıxışları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanır.

Bu unudulmaz gecə həm də şairin sözlərinin ecazkar muğamda ifadəsinin, Azərbaycan ədəbiyyatının Vahid zirvəsinin təntənəsi idi. Xanəndələrimizin şaqraq zəngulələri, sözün qüdrətinin muğamda cilvələnməsi, sözün əsl mənasında, “Əsəri, naleyi-ney arif üçün cana dəyər” ifadəsini tamamlayırdı.

Antrakt zamanı səhnənin arxasına keçib dəyərli sənətkarlarımızın fikrilərini də öyrənməyə imkan tapdım. Görkəmli xanəndəmiz Arif Babayev: “İnanmıram elə bir xanəndə tapılsın ki, 18 fevral tarixində Əlağa Vahidi yad etməsin. Xanəndələr onu heç vaxt unutmurlar. Uzun illərdir səhnədə onun qəzəllərini oxuyur, xatirəsini yaşadırıq. Nə qədər muğam sənətimiz var, Vahidyaşayacaq”.

Ürək sözlərini eşitdiyimiz digər musiqiçilərimiz bu fikirdə yekdildir.

Konsert iştirakçıları böyük şairin yaradıcılığına həsr edilən gecəyə görə Heydər Əliyev Sarayının rəhbərliyinə təşəkkürlərini bildirir, xalqın ruhuna yaxın, sadə dildə yazan qəzəl ustadının ruhu şad olsun deyirlər. Beləliklə, üç saatdan artıq davam edən musiqipoeziya gecəsi bütün izləyicilərə xoş təəssürat və əsl sənət zövqü yaşadır.

Sonda isə qeyd edək ki, Heydər Əliyev Sarayının silsilə xarakter daşıyan musiqi gecələri bundan sonra da davam edəcək. Sözlü, musiqili növbəti gecə isə fevralın 29-da Xalq şairi Cabir Novruzun yaradıcılığına həsr edilib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 6.