Hər görüş maraqlı təklif və təşəbbüslərlə
yadda qalır
Mədəniyyət və turizm nazirinin vətəndaşlarla növbəti görüşü Sumqayıtda keçirilib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
hər ay şəhər və rayonlarda əhali ilə görüşlər
keçirirlər. Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev
fevralın 19-da Sumqayıt Şəhərinin Tarixi
Muzeyində Sumqayıt şəhər, Abşeron,
Xızı, Qubadlı, Şuşa və
Zəngilan rayonlarından vətəndaşları qəbul edib.
Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Əbülfəs Qarayev daha sonra Sumqayıt Şəhərinin Tarixi Muzeyinin ekspozisiyası ilə tanış olub.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanları və digər məsələlərlə bağlı müraciətlər edilib.
Sumqayıt şəhərindən qəbula yazılan vətəndaşlar tərəfindən "Multikulturalizm ili" çərçivəsində şəhərdə ölkəmizin azsaylı xalqlarının incəsənət festivalının keçirilməsi, mədəniyyət müəssisləri işçiləri, tətbiqi sənət ustaları və özfəaliyyət kollektivlərinin respublika səviyyəli festivallarda, treninqlərdə iştirakının təmin olunması, "Kimyaçılar" mədəniyyət sarayının şəhər Mədəniyyət və Turizm İdarəsinin balansına verilməsi, habelə fəxri adlara təqdimat, işlə təmin olunma barədə xahişlər edilib. Bundan əlavə, kitaba marağın və mütaliənin təşviqi məqsədilə ölkəmizdə ilk buktreyler (kitabların videoçarx və filmlər vasitəsilə təbliği) festivalının keçirilməsi barədə təklif də səslənib. Həmçinin şəhərdəki uşaq incəsənət məktəbində eksperimental siniflərin açılması, 1988-ci il hadisələrinə dair dövri mətbuat məqalələri əsasında Sumqayıt MKS-nin əməkdaşlarının hazırladıqları elektron toplunun çap olunması barədə müraciətlər olub.
Abşeron rayonu sakinləri zəngin tarixə malik Abşeron xalçalarının təbliğinə, Qobu qəsəbəsində xalça sexinin fəaliyyətinə yardım edilməsi, Novxanı kəndindəki XII əsrə aid "Şah Sultan Hüseyn" məscidinin bərpası və ətrafında arxeoloji qazıntının aparılmasına köməklik göstərilməsi barədə müraciətlər ediblər.
Xızı rayonundan qəbula gələnlərin xahişi rayonda ümumrespublika "Oxu, tar" müsabiqəsinin keçirilməsi, turizmin inkişafına dəstək verilməsi barədə olub.
Şuşa, Zəngilan və Qubadlı rayonlarından qəbula yazılan vətəndaşlar da müxtəlif məsələlərlə bağlı nazirə müraciət ediblər. Vaxtilə Şuşa şəhərində olmuş Üzeyir Hacıbəylinin ev-muzeyi haqqında bukletlərin hazırlanmasına, Şuşa MKS-nin fəaliyyətinin yaxşılaşdırılmasına, mədəniyyət müəssisələrinin rəhbərləri üçün marketinq üzrə seminarların keçirilməsinə köməklik göstərilməsi, Qubadlı rayon MKS-nin Uşaq şöbəsinin fəaliyyətinin bərpa olunması xahiş edilib.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
* * *
Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığına əsasən yerlərdə təşkil olunan bu görüşlər bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Eyni zamanda bu görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülür: "Bu gün də bir sıra maraqlı təkliflər oldu. Xızı rayonunda “Oxu, tar” müsabiqəsinin keçirilməsi, milli musiqimizlə klassik musiqilərin qarşılıqlı inkişafı üçün eksperimental siniflərin yaradılması, kitaba marağın təbliğ olunması ilə bağlı buktreyler festivalının keçirilməsi kimi təklifləri qeyd edə bilərəm".
Görüşdə bir sıra aktual məsələlərin qaldırıldığını deyən nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərdə yeni ekspozisiyaların yaradılması, eləcə də regionların turizm imkanlarının təbliğinə dair təkliflərin də nəzərdən keçiriləcəyini bildirib, vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.
F.Hüseynov
Mədəniyyət.- 2016.- 24
fevral.- S. 5.