“Nəriman Həsənzadə və teatr

 

Fevralın 23-də Azərbaycan Teatr Xadimləri İttifaqında Mədəniyyət və Turizm NazirliyiAkademik Milli Dram Teatrı ilə birlikdə Xalq şairi, dramaturq Nəriman Həsənzadənin 85 illik yubileyi münasibətilə «Nəriman Həsənzadə və teatr» adlı tədbir keçirildi.

 

Yubiley tədbirini açan Xalq artisti, Milli Dram Teatrının direktoru və bədii rəhbəri, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət çıxışına böyük rus tənqidçisi V.Belinskinin «Dramaturgiya ədəbiyyatın tacıdır» fikri ilə başlayaraq, nəzmlə dram əsərləri yazmış şairin pyeslərini yüksək qiymətləndirdi.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Nəriman Həsənzadənin yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ona ünvanladığı təbrik məktubunu oxudu, şairi nazir Əbülfəs Qarayevin adından və ölkənin böyük mədəniyyət işçiləri ordusu adından təbrik etdi.

Bildirdi ki, Nəriman Həsənzadə hər zaman cəmiyyət içində olan, çalışdığı bütün vəzifələrdə istənilən şəxsin danışıb söhbət edə biləcəyi qədər sadə insan, çox sadə sözlərlə böyük mətləbləri çatdıran həssas şairdir.

Yubiley tədbirini aparan Xalq artisti, TXİ sədrinin müavini Hacı İsmayılov “bir insan ömrünü bir şair ömrünə qurban verən” Nəriman Həsənzadənin yaradıcılığına qısa ekskursdan sonra ona yaradıcılıq qurumunun xatirə hədiyyəsini təqdim etdi.

34 bədii-poetik toplunun, «Tariximiz, taleyimiz» adlı elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifi olan şair həm də filologiya elmləri namizədi, Azərbaycan Milli Aviasiya Akademiyasının humanitar fənlər kafedrasının müdiri, dosentdir.

Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov şair-dramaturqun pyesləri üzərində işindən, aktyorlar - xalq artistləri Ramiz Novruz, Məleykə Əsədova, Cəfər Namiq Kamal, Valeh Kərimov, əməkdar artistlər Tofiq Bayramov, Əli Nur onun əsərlərində oynadıqları obrazları xatırladılar.

Qocaman rejissor, Xalq artisti Ağakişi Kazımov isə yubilyarla 60 illik dostluğundan söz açaraq, onu daha çox kövrək insan, sevən və sevilən şair, gözəl ailə başçısı kimi səciyyələndirdi.

Bir-birini əvəz edən çıxışların arasında isə səhnədən asılmış ekranda “Atabəylər”, «Pompeyin Qafqaza yürüşü» və digər tamaşaların lent yazılarından fraqmentlər nümayiş etdirildi.

Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına, çıxış edənlərə minnətdarlığını bildirdi, bu gün də qələm sahibi kimi qəlbinin teatrla döyündüyünü vurğuladı.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 4.