Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna
hazırlıq müzakirə olunub
Qurumun nümayəndə heyəti ölkəmizdə səfərdədir
Xəbər verildiyi kimi, 25-27 aprel tarixində Bakıda BMT-nin
Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.
Bununla bağlı ölkə Prezidentinin sərəncamı ilə Təşkilat
Komitəsi yaradılıb. Müxtəlif dövlət
qurumlarının təmsil olunduğu Təşkilat
Komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevdir.
Fevralın 22-də “Holiday İnn Baku” hotelində Foruma hazırlıq işləri ilə əlaqədar Təşkilat Komitəsinin növbəti iclası keçirildi. İclasda BMT-nin Sivilizasiyalar Alyansının ölkəmizdə səfərdə olan nümayəndə heyəti də iştirak edirdi.
İclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, Azərbaycan son illər bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edir. Aprelin 25-dən 27-dək keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna da ölkəmiz yüksək səviyyədə hazırlaşır. Foruma hazırlıq prosesi son mərhələyə qədəm qoyub. Belə bir mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunu bir daha sübut edir.
Nazir Forumun yüksək səviyyədə təşkili üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncamlar imzalandığını diqqətə çatdırdı. Qeyd edildi ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinə dair Tədbirlər Planı hazırlanaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən təsdiq edilib və aidiyyəti dövlət qurumlarına göndərilib. Azərbaycan Televiziyası (AzTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) beynəlxalq tədbirin rəsmi media tərəfdaşlarıdır.
Əbülfəs Qarayev bildirdi ki, Forumun proqramı üzrə iş gedir, demək olar ki, ilkin layihə hazırdır: “Xarici İşlər Nazirliyi ilə birlikdə “Bakı bəyannaməsi”nin layihəsini hazırlayıb BMT-yə təqdim etmişik. Bəyannamə layihəsi bu günlərdə BMT-nin qərargahında müzakirə olunmaqdadır. Layihə alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilib. Sənəddə dünyanı, o cümlədən Azərbaycanı narahat edən bir sıra məsələlər əksini tapıb. “Bakı bəyannaməsi” həm də Forumun gələcək dünya proseslərinə təsirini ortaya qoyacaq”.
Nazir diqqətə çatdırdı ki, Forumda iştirak edən qonaqların ölkəmizin mədəniyyət ocaqları, tarixi məkanları ilə tanış olması və Azərbaycanı daha yaxından tanımaları üçün mədəni proqramlar da təşkil olunacaq. Həmçinin gələn qonaqlarla ali məktəblərdə görüşlərin təşkili də nəzərdə tutulur.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və ali nümayəndənin sözçüsü Nihal Saad Forumun Təşkilat Komitəsi ilə sıx əlaqə qurulduğunu və hazırlıqların yüksək səviyyədə getdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldıqdan sonra bu sahədə ciddi işlər görülür. O, hazırlıq prosesinin yekunlaşdırılması üçün işləri daha da sürətləndirməyin vacibliyini bildirdi: “Bakıya bir gün öncə gəlməyimizə baxmayaraq bir sıra görüşlər keçirmişik. Qlobal Forumun Bakıda keçirilməsi Azərbaycandan dünyaya daha bir mesaj olacaq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması da Forumun əhəmiyyətini artırır”.
BMT Sivilizasiyalar Alyansının rəsmisi Forumun keçirilməsi üçün göstərilən məkanlar - Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi ilə tanış olduqlarını bildirdi. Qeyd etdi ki, iştirakçıların sayı nəzərə alınaraq Forumun Bakı Konqres Mərkəzində keçirilməsi qərara alınıb. Bakı Konqres Mərkəzi istər texniki, istərsə də digər məsələlər baxımından münasib məkandır, burada yaradılan şərait deməyə əsas verir ki, Forum çox yüksək səviyyədə keçiriləcək. Bakının yeni memarlıq incisi sayılan Heydər Əliyev Mərkəzində isə Forumun mədəni tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Forumun proqramının müəyyən edildiyini qeyd edən Nihal Saad plenar və qrup sessiyalarında müzakirə olunacaq mövzular barədə məlumat verdi. Bildirdi ki, “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” mövzusuna həsr edilən Forumda beynəlxalq ictimaiyyət üçün maraq kəsb edən aktual məsələlər müzakirə olunacaq. Bu sıraya ekstremizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman və gənclərin rolu, mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi”, inklüziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlər daxildir. Açılış mərasimindən əvvəl - 25 aprel tarixində gənclər forumu və biznes simpoziumunun keçirilməsi də planlaşdırılır.
Əsas proqramla yanaşı Forum günlərində BMT Sivilizasiya Alyansının tərəfdaşlarının 10-dan çox sessiyası keçiriləcək. Nihal Saad onu da vurğuladı ki, Forum mühüm bəyanatların qəbul ediləcəyi bir platforma olacaq.
İclasda Təşkilat Komitəsinin üzvləri Forumun tədbirlər planı barədə mülahizələrini bildirdilər, müzakirələr aparıldı. Sivilizasiyalar Alyansı nümayəndə heyətinin üzvləri də Forumla bağlı görəcəkləri işlər barədə fikirlərini bölüşdülər.
Qeyd edək ki, fevralın 27-dək ölkəmizdə olacaq BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və AZAL-da görüşlər keçirəcək, habelə Bakı Dövlət Universitetində və ADA-da təqdimatlarla çıxış edəcək. Bu müddət ərzində Foruma hazırlığın səviyyəsi, görüləcək işlər və digər məsələlər müzakirə ediləcək.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 24
fevral.- S. 3.