XX əsrin faciəsi - cəzasız cinayət
Fevralın 23-də Azərbaycan
İstiqlal Muzeyində
Xocalı soyqırımının
24-cü ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir keçirildi. Tədbirdə Əməkdar rəssam Əşrəf Heybətovun
Xocalı soyqırımına
həsr etdiyi “XX əsrin faciəsi - Xocalı” adlı əsərinin təqdimatı
oldu.
Muzeyin direktoru
Fəridə Şəmsi
giriş sözündə
qeyd etdi ki, mədəniyyət ocağında mütəmadi
olaraq tariximizin həm şanlı səhifələri, həm
də faciəvi günləri ilə bağlı belə tədbirlər təşkil
edilir.
Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin
Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov Xocalı faciəsinin dəhşətlərinin xalqımızın
qan yaddaşından heç vaxt silinməyəcəyini dedi.
Sektor müdiri bildirdi ki, tanınmış fırça ustası Ə.Heybətov əsərlərindən
birini İstiqlal Muzeyinə hədiyyə edib. Rəssamın vətənsevərlik duyğularını yüksək
dəyərləndirən nazir
Əbülfəs Qarayev
onu fəxri fərmanla təltif edib. Sektor müdiri fəxri
fərmanı rəssama
təqdim etdi.
Azərbaycan Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Ağəli
İbrahimov həmkarının
yaradıcılığına, şəxsiyyətinə yaxından
bələd olduğunu
vurğuladı, Ə.Heybətovu
incəsənət tariximizdə
xüsusi yeri olan Abşeron məktəbinin tanınmış
nümayəndələrindən biri kimi xarakterizə
etdi.
Prezident
Administrasiyası İctimai-siyasi
məsələlər şöbəsinin
Diasporla iş sektorunun müdiri Qafar Əliyev bildirdi ki, tarix
boyu başımıza
gətirilən faciələrə
baxmayaraq, xalqımız
ən ağır günlərində sınmayıb,
öz iradəsini qoruyub, müstəqilliyi, dövlətçiliyi uğrunda
mübarizə aparıb.
Sektor müdiri Ə.Heybətovun
Xocalı faciəsinə
həsr etdiyi əsəri yüksək dəyərləndirdi.
Əməkdar elm xadimi, tarix üzrə
elmlər doktoru, Moskvadakı “Ocaq” Cəmiyyətinin sədri
Tofiq Məlikli uzun illərdən bəri dostluq etdiyi rəssamın təqdim olunan diptixini tarixi yaddaşımızı yeniləyən
əsər adlandırdı.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev də əsər haqqında düşüncələrini
bölüşdü, onun
milli ruhlu yaradıcılığından bəhs etdi.
Tədbirdə “Günay” Uşaq Teatrı tərəfindən
şairə Zərəngiz
Qayalının Xocalı
faciəsinə həsr
edilmiş “Cavab ver” poeması əsasında səhnələşdirilmiş
kompozisiya nümayiş
olundu.
Təqdimatda Dövlət Rəssamlıq
Akademiyasının, Turizm
və Menecment Universitetinin tələbələri,
Milli Qvardiyanın, Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları
və başqa qonaqlar iştirak edirdilər.
Qeyd edək ki, Ə.Heybətovun
“XX əsrin faciəsi
- Xocalı” əsərinin
ilk təqdimatı 7 il öncə Berlində keçirilib. Ölçüsü 2,5x1 metr olan
diptixdə rəssam Xocalı soyqırımının
bütövlükdə insanlığa
qarşı yönələn
cinayət olduğunu göstərməyə çalışıb.
Faciənin bütün dəhşətlərinin
əks olunduğu əsərdə müəllif
əsasən qırmızı
və qara rənglərdən daha çox istifadə edib.
Soltan
Mədəniyyət.- 2016.- 24
fevral.- S. 3.