Ruhlar şəhəri - 24
Yaşı iyirmi dördə, dərdi ərşə yetsə də, haqqı beynəlxalq hüququn qulağına çatmayan məzar-Xocalı...
...Daha qələm də adamın üzünə
durur; axı bu faciədən
nə qədər yazmaq olar?
- “deyə”...
...Deyirəm, bəlkə,
cansız da olsa, bu söz-fikir
“hacat”ının da heysiyyəti var; tutalım, AŞPA
başçılarından, ATƏT-in Minsk
qrupunun “serial” həmsədrlərindən
fərqli olaraq, eyni sözü saqqız sayaq
çeynəyib, gün kimi
aydın məsələni rezin təki uzatmaqdan arlanır?..
Nəysə... Və yenə, bir də, bir daha, təzədən Xocalı haqda!..
Vandal bir “xalq”ın iyirmi dörd il bundan öncə törətdiyi bir akt. İndiyədək, bütün təfsilatıyla hamıya bəlli olan bu “kor-kor - gör-gör” soyqırımına dünya yönətmənlərinin laqeydliyinə dair söylənmiş, yazılmış, göstərilmiş, qışqırılmış minbir fakt. Və bütün bunlarla yanaşı, zaman-zaman sonda hər şeyi öz yerinə qoyan Haqq!..
... 613 ölüm, 1275 əsir, 150 itkin, valideynlərinin hər ikisini itirmiş 25, birini itirmiş 130 uşaq!..
Ağlı başında olan bütün bəşər övladları üçün ən zirvə acı sayılası bu faktlardan sonra, “dünya malı” deyilən beş milyardlıq maddi ziyanı, 24 ildir foto, kino, telelentlərdə gördüyümüz, qəzet-kitablardan oxuduğumuz digər faktları milyonuncu kərə sadalamamaq da olar...
Bəs, ay eşitməkdən yorulmayan, görməkdən yağır olmayan dünya qulaq və gözləri, bu “köhnə” bəşəri Faciə haqda sizə təzə nə deyək, nə göstərək? Bəyəm Faciə - hər gün oynadığınız siyasi şoulardandırmı ki, bizim də buna hər il yeni donlar geyindirib, qarşınıza çıxarmağımızı gözləyirsiz? Fərqindəsizmi ki, həmin o ölüm Gecəsi kənar çığırtılar altında doğulub (və doğulmayıb!) ölən çağaların iyirmi dörd, ana döşündə güllələnən, qarlı dağ, çovğunlu meşə yollarında - səs salıb düşməni duyuq etməmələri üçün ana (!) əllərilə boğulan, erməni süngülərilə gözləri oyulan körpələrin 25, 26, 27... yaşı tamam olur?!
Bəs sizin laqeydliyinizin?..
Bu qədər illər ərzində vecə almadığınız bu Faciənin hərb istisi soyumayıb, qəlb tüstüsü kəsilməyib hələ, qospadinlər! Bu qədər texnogen qitə olduğunuzu hamı bilir və o qar-çovğunlu yollara vicdan mikrofonu uzatsanız, Xoca kişinin öz Ağca balasına: “Elə indidən məni bağışla, qızım, murdarların əlinə keçməməyinçün, lazım gəlsə, səni öldürməli olacağam” sözlərini də eşidə bilərsiz.
Siz bunu da bilirsiz ki, o Xoca kişilər keçmişdə belə məzlum olmayıblar. O kişilərin “qılınc qımıldansa, düşmən qımzanmaz” deyən Atilla kimi babaları, qədim xalq ordularından birinin “şəxsi heyət”ində 7777 dəli olduğunu da yaxşı xatırlamış olarsız. Lakin “iki qoçun başı bir qazanda qaynamaz” məsəlinə binaən müttəfiq respublikalarının köməyilə yıxdığınız SSRİ o kişilərin ov tüfənglərini belə əvvəlcədən yığdığından, bu kişilər nəinki canlarını, heç namuslarını da düz-əməlli qoruya bilmədilər...
Hörmətli əlaqədar təşkilatlar!
Əlbəttə, öz dualizmi
ilə türk-müsəlman dünyasına humanizmlik
əvəzinə cumanizmlik yapan Amerika-Avropa cütlüyü! “Bağışlayın”
ki, dünyanın ən şirin
maddi və siyasi nemətlərilə
qidalandığınız bu erada hərdən hüquqlarını “qoruduğunuz” bizim kimi ucqar jurnalistlərdən
istiot da dadmalı olursuz. Ötənilki “Xocalınamə”mdə sizi “planetimizin ən
yaxşı maddiyyatlarını idxallayıb, öz
əxlaqiyyətlərini ixracatlayan”
adlandırdığıma görə də məni
“bağışlayın”. “Açıq-saçıqlıq
eksportlarınız, mənəviyyat sortlarınız, neo-kovboy jestlərinizlə
başımızı hərləndirməyə nail olsanız da, məxfi
testlərinizlə qanımızı soyuda
bilməmisiz” sözlərim isə qüvvədədir. Belə ki, indi bizim can sayımız - çoxusu
“7777”-dən ibarət
olan on milyonu ötməkdədir. Çoxdandır
ayaqda olan bu can milyonlar
sizin maddi-məbləğ
milyardlarınıza və
məlum məqsədlə
müdafiə etdiyiniz
namərdlərə dəstək-köməyə
məhəl qoymadan,
Ali Baş Komandan əmri ilə Oraya doğru yürüyə bilər.
Öz doğma, halal Vətən kəsiyini kəsəyənlərdən
azad etməyə, öz Şəhid Şəhərinin ruhuna
lap yaxından da salavat çevirməyə
doğru! Avro-Amerika paraqraf-parametrlərində
“müqəddərat-müdafiə” statuslu vandalların dağıtdığı milli
və dini mədəniyyət avtoqraflarımıza
baxıb, ümummilli bir köks ötürüb,
təbii konservatoriya Şuşasında “namərdəm,
əgər bir də sənə aldansam!” xoru oxumağa doğru. Yerlə-yeksan edilmiş sələf-tələf
məzarıstanlarımızda öz ölülərinin
qəbirlərini tapa bilmədiklərindən... sonuncu
(!) kərə zülüm-zülüm
ağlamağa doğru.
Və bütün gələcək boyu bir daha yaltaq-yalıncığa,
“ayağıma yer eylərəm, gör sənə neylərəm!”
xislətilə ahu-zar
edənlərə əl
tutmayıb, “zalıma
zülm!” andı içməyə doğru!..
Bağışla məni, Şəhidşəhərim!
Ki, bayaqdan Sənə diqqətsizlik edirəm...
Sənə bağlı nə qədər ana, ata, bacı, qardaş, körpə, yeniyetmə, cavan-comrul ruhu var, hamısının
əvəzindən bağışla
bizləri.
O qətl-qətliam Gecəndən
əvvəlki günlər
səsinə səs vermədiyimizə görə
bağışla. Sən - hamımızın
əvəzindən də
öldürüldüyünə görə belə deyirəm mən. Ümumağızdan danışıram. Amma işə bax ki, Sən o qədər müsibətləri
təkbaşına çəkdiyin
halda, mən hamının adından üzr istəməyə çətinlik çəkirəm.
Nədən? Heç, deyirəm, birdən
bir vaxtlar - yaralarının qan verdiyi macallarda - yaşamaq üçün
yardım istəyən
Qarabağ əlillərinə
“Səni mən göndərmişdim?!” deyə
nərə çəkən
bəzi kabinet koroğluları mənə
də irad tutarlar ki, “niyə
məni də “bağışla” səviyyəsinə
endirirsən?!”
Bağışla məni, rəhmətlik
Şəhərim! Həmin Gecə
Sənin harayını
səndən uzaqda dayanıb dinləyən qulaqlarımı bağışla.
Sonrakı günlər Səni
ekranlardan sakitcə seyr edən gözlərimi bağışla.
Düz bir ay heç nə yaza bilməyən qələmimi, sonralar “Bir çox xristianlar Fəxri xiyabanda yönü qibləyə dəfn ediliblər, Cəlil Məmmədquluzadə isə
yönü fələyə;
bəs görəsən,
müsəlman xocalılar
yönü nəyə?!.” mövzulu verilişimi efirə verdirə bilməyən fərasətsizlik-cəsarətsizliyimi bağışla...
Ay Şəhidşəhərim hey, deyirəm, yolda-rizdə qırılanlarının bir
parasını görüb,
bir göynək ağrımış, bir köynək uzaq olsa da, acımışıq.
Bəs bizim görmədiyimiz meyitlərdən, didərginlərdən
nə xəbər?
Alçaldıla-alçaldıla gəncləşməkdə, qocalmaqda
olan girov-əsir isim-mübtədalardan nə
zərf?!.
Meyiti ortada qalanım...
Hər kəsin başı öz ölüsünə
qarışdığından, həmin Gecənin səhərisi başın
üstdə dayanıb
Səni bir ağlayan da olmadı, dam-daş Şəhidim!
Ağlamaq heç, - 24 ildir
yerdən götürüb,
siyasi arxiv məzarına belə qoyan yox...
Bir məsəl
var; “Lələ köçüb, yurdu qalıb”. Sənsə o qətliam-Gecədən oyanıb gördün yurd da qalmayıb,
eləmi? Nə var
- yanıb, can-cəsədin
şum edilib, həmi? Cavan-cavan meyitlər xalçalanıb
küçələrdə - al-qan çeşnilər kimi. Alınlarda donmuş qəzəb-qırışlarsa
çarəsizlik ilmələri.
Lap əkiz qardaşımız
Türkiyənin Çanaqqala
savaşındakı sayaq.
Lakin həmin gün nə bir Atatürk çıxdı ki yağını darmadağın
edib, o cənazələr
xiyabanını fikir-düşüncələr
yükü ilə seyr edə, nə böyürdən bir qarı və
gəlin cütlüyü
peyda oldu ki: “Bu qədər oğulları qırdırandan
sonra bu Vətən kimə gərək, Mustafa Kamal?!”
deyə. O isə bu sualı ya
özü cavablandıra,
ya da yer
adlarını dəyişmək
şərtilə, Atatürkün
dediyini deyə: “Anneciyim, bu oğulları
sən və yanındakı cavan gəlin yenə doğacaqsız. Bəs anamız Vətən məhv olsa, onu yenidən kim doğacaq?!”
Belə, Şəhidşəhərim! Bağışla ki, builki “namə”mi də bir az minor notlarla imlaladım. İnşallah, Səni yenidən inşalayanda qıjov-qıjov notlarla majorlarıq!..
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 26
fevral.- S. 15.