Rus Dram Teatrında üç
yeni tamaşa
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı bu mövsümün sonunadək daha üç tamaşanı
sənətsevərlərə təqdim edəcək.
Aprel ayında
təhvil verilməsi nəzərdə tutulmuş
səhnə əsərlərindən
biri ingilis dramaturqu Noel Kauardın «Səna qızdırması»
pyesi əsasında hazırlanan «Bliss ailəsi»
tamaşasıdır. Xalq artisti
Aleksandr Şarovskinin məşqlərinə başladığı
komediya eyni zamanda teatrda Əməkdar artist Rita Əmirbəyovanın
yubiley benefisi olacaq. Komediyanın baş qəhrəmanı
(Cudit Bliss) keçmiş
aktrisadır. O, özünün
və ailəsinin həyatını teatr səhnəsinə çevirib.
Həyat
yoldaşı və övladları onun nazı ilə oynayırlar. Amma istirahət günü dəvət edilmiş təsadüfi qonaqlar... Hadisələrin necə cərəyan
edəcəyini bilmək
üçün premyeranı
gözləmək lazım
gələcək.
Tamaşada Xalq artisti Fuad Poladov, teatrın
aktyorları Natəvan
Hacıyeva, Oleq Əmirbəyov, Mariya Dubovitskaya, Maqsud Məmmədov və başqaları rol alıb.
Məşqləri başlamış ikinci
tamaşa isə Viktor
Korkiya və Aleksandr Lavrinin pyesi əsasında hazırlanan «Kazanova: sevgi dərsləri»dir. Tamaşa tanınmış
aktyor, Xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrının səhnəsində
debütüdür.
Əsərin süjeti atanın öz ağıllı, gözəl, müstəqil
düşüncəli, həm
də şıltaq xasiyyətli qızına layiq adaxlı seçimi ilə bağlıdır. Lakin... Quruluşçu rejissor və
musiqi tərtibatçısı
İlqar Safatdır.
Rolları Xalq artisti Yuri Baliyev, Əməkdar artist Firdovsi
Atakişiyev, həmçinin
Murad Məmmədov, Yeganə Hüseynli, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov və başqaları oynayır.
Xalq yazıçısı Elçinin
Azərbaycan teatrının
ən görkəmli simalarından olan aktyor və rejissor Hüseyn Ərəblinskiyə həsr
etdiyi «Artist» pyesinin tamaşası isə may ayına nəzərdə
tutulub.
Əsərə Xalq artisti İranə
Tağızadə quruluş
verir. Tamaşada Xalq artisti Yuri Baliyev, əməkdar artistlər Firdovsi Atakişiyev, Ayan Mirqasımova, Əsgər
Rəhimov, Elmira Aslanova,
aktyorlardan Natəvan Hacıyeva, Teymur Rəhimov, Oleq Əmirbəyov, Murad Məmmədov, Aleksey Saprıkin,
Elşad Murtuzov və digərləri rol alıblar.
Hər üç
tamaşanın quruluşçu
rəssamı Mustafa Mustafayev,
geyim üzrə rəssamı Əməkdar
mədəniyyət işçisi
Olqa Abbasovadır. «Bliss ailəsi» və «Artist» tamaşalarının musiqi
tərtibatı Əməkdar
mədəniyyət işçisi
Vladimir Neverova həvalə
olunub.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 26
fevral.- S. 11.