Saksafon əbədi sirdaşımdır”

 

Əməkdar incəsənət xadimi, tanınmış ifaçı Rafiq Seyidzadə ilə söhbətimizdə uzun illərin

xatirələrini çözələdik.

 

- Rafiq müəllim, sizi məşhur saksafon ifaçısı kimi tanıyırıq. Musiqiyə necə gəlmisiniz?

- 1939-cu ildə Bakı şəhərində anadan olmuşam. Köküm Güney Azərbaycanın Əhər şəhərindəndir. Atam hakim, vəkil idi. Ailədə 4 qardaş olmuşuq. Qardaşlarım öz dilimizdə təhsil almışdılar, təkcə məni rus məktəbinə qoymuşdular. Musiqiyə gəlişim təsadüfi olub. 15 yaşım vardı, xalam qızının İşərişəhərdəki toyuna getmişdik. Orada bir klarnetçalan vardı, mən onun çalğısına vuruldum. Birdən-birə içimdə bu alətə rəğbət yarandı. Böyük qardaşım hərbçi idi, sanki ürəyimi oxumuşdu. Səhəri gün tezdən məni oyadıb köhnə univermağa gətirdi. Orada bir klarnet qoymuşdular, qiyməti 916 manat (1961-ci ilədək işlənmiş manatla, denominasiyadan sonra 91,6 manat - red.) idi. Bu, çox böyük pul idi. Qardaşım həmin klarneti mənim üçün aldı, gözlərimə inanmırdım. Ogünəcən hansısa nəfəsli aləti ifa etmək bacarığım yox idi. Həmin gündən evdəkiləri, qonşuları dəng eləməyə başladım. Beləliklə, klarneti müstəqil öyrəndim. Notsuz da olsa, bütün mahnıları çala bilirdim. Sonradan notu da özüm öyrəndim.

Azərbaycan Estrada Orkestrində işləyən zaman özümün Natəvan (həyat yoldaşı, Xalq artisti Natəvan Şeyxova - S.S.) xanımın mahnılarını aranjiman edirdim, bütün partiturasını yazırdım. O vaxt yazdığım partituraları indi saxlayıram.

- Bildiyimə görə, musiqi təhsilinizi vokal üzrə almısınız. Həm eyni vaxtda saksafona könül vermisiniz...

- Mən Rəşid Behbudovun vurğunu idim, bütün mahnılarını bilirdim. Onun ifaçılıq ustalığı, estetikası mənə həyatda düzgün yön verib. R.Behbudovun mahnıları ilə 1955-ci ildə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin vokal şöbəsinə daxil oldum. Orada Üzeyir Hacıbəylinin yaxın qohumu Tamara Xəlilovanın sinfində oxudum. Məndə səs öncədən vardı. Orada təhsil alarkən saksafona meyl saldım, 17 yaşım olardı. 1956-cı ildə İnşaatçılar sarayında məşqlər edirdik. O vaxtQayaqrupu yeni yaranmışdı. Hətta mən bir ay orada oxudum. Ancaq saksafon məni daha çox özünə çəkirdi. Məni şəhərdə hamı saksafonçu kimiKəbleyiləqəbi ilə tanıyırdı. Ən çox da improvizələrim insanların xoşuna gəlirdi. O vaxt Bakıda Kamal Qasımov, Tofiq Əhmədov kimi tanınmış saksafonçular vardı. Amma onlar improvizə etmirdilər. Mən bu yolla cazla da məşğul olmağa başladım.

Bakı Sirkində orkestr vardı, məni ora saksafonçu kimi dəvət etmişdilər. Onda 18 yaşındaydım, bir ara orada çalışdım. Sirkdə tanınmış bir rus dirijor işləyirdi. Bir dəfə not üzrə solo çalmalı idim, nədənsə alınmadı. Özümü itirmədim, başladım improvizə etməyə. Onda belə şeyləri peşəkar musiqiçilər hoqqabazlıq sayırdılar. Əsər bitəndən sonra dirijor mənə dedi ki, bundan sonra həmin solonu özün bildiyin kimi çal. Dünyada məşhur improvizə edən caz musiqiçilərinin çoxu peşəkar təhsil görməyənlərdir.

- Ömrünüzün ən çılğın, enerjili çağlarını Azərbaycan Dövlət Estrada Orkestrində keçirmisiniz. O günləri necə xatırlayırsınız?

- Öncə Azərbaycan Dövlət Estrada Orkestrindən danışım. Orada müxtəlif orkestrlər vardı. İki il həmin orkestrlərlə çalışdım. Sanatoriyalarda, klublarda, rəqs gecələrində, parklarda konsertlər verirdik. 1960-cı ilin sonunda məni Azərbaycan Dövlət Estrada Orkestrinə saksafonçu kimi dəvət etdilər. Ora hər adam qəbul olunmurdu. 1975-ci ilədək orada çalışdım. Həmin il orkestr fəaliyyətini dayandırdı. Son illərdə mən orkestrin həm solisti, həm direktoru idim. Səfərlər təşkil edirdim, müxtəlif şəhərlərdə konsertlər verirdik. O zamanlar Elmira Rəhimova, Natəvan Şeyxova, Oqtay Ağayev püxtələşməyə başlamışdılar. Natəvan xanımla mən o vaxt ailə qurdum, artıq 50 ildir bir yerdəyik. 7 il həmin orkestrdə həm vokalist olmuşam.

- Məşhur bəstəkar Eddi Roznerin sizi öz orkestrinə dəvət etməsini danışa bilərsinizmi?

- 1961-ci ildə Moskvada bir aylıq qastrol səfərində idik. Məni o vaxt məşhur skripkaçı, dirijor, bəstəkar Eddi Rozner öz orkestrinə dəvət etdi. O zaman Roznerin caz orkestri SSRİ- çox populyar idi. O deyirdi ki, mən həmişə yeni proqram quranda ilk olaraq Bakı tamaşaçısından başlayıram. Əgər Bakıda proqramı yaxşı qəbul etsələr, bilirəm ki, istənilən yerdə yüksək qarşılanacaq. Bu, bizə verilən böyük qiymət idi.

Roznerin məni orkestrinə dəvət etməsini rəhbərimiz, bəstəkar Rauf Hacıyev eşitmişdi. Məni yanına çağırıb dedi ki, Rafiq, sən Roznerin yanına getmə. Mən mədəniyyət naziri olacağam, səni filarmoniyanın direktoru qoyacağam. Bu söhbət 1961-ci ilin iyununda olub. Onda ali təhsilim yox idi, sonradan o vaxtkı İncəsənət İnstitutunda ali təhsil aldım. Həmin vaxt filarmoniyanın direktoru Tofiq Quliyev idi. Beş il sonra Rauf Hacıyev filarmoniyanın direktoru, bir il sonra isə mədəniyyət naziri oldu. O, nazir işlədiyi zaman məni hansısa işə təyin etmədi. Mən mədəniyyət naziri Zakir Bağırovun zamanında filarmoniyanın rəhbəri oldum. Bundan daha öncə Şəmsi Bədəlbəyliyə minnətdaram, o məni irəli çəkdi. 1975-ci ildə Azərbaycan Dövlət Estrada Orkestri bağlananda məni filarmoniyada konsert şöbəsinin müdiri qoydu. Orada ermənilər çox idi, azərbaycanlıları sıxırdılar.

O vaxt bütün ifaçılara toylara getmələri, çörək qazanmaları üçün şərait yaradırdım. Bir dəfə rəqqas Qorxmaz Qurbanov mənə xaricdən hədiyyə gətirmişdi. Evdə açıb gördüm ki, bahalı elektrik üzqırxanıdır. Yoldaşım dedi ki, apar qaytar. Mən səhəri gətirib qaytardım. Belə şeylər rüşvət sayılırdı. Cavan çağlarımda mən Mirzə Babayevlə, Vaqif Mustafazadə ilə toylara getmişəm.

- Arada filarmoniyadan uzaqlaşdınız yenidən ora qayıtdınız...

- 1979-cu ildə Ş.Bədəlbəyli filarmoniyadan gedəndən sonra konsert şöbəsini ləğv etdilər. Onun əsasındaAzkonsert”i yaratdılar. Filarmoniyadan 250 nəfər bura keçdi. Ş.Bədəlbəyli Teatr Cəmiyyətinə sədr gəldi, məni özüylə işləməyə dəvət etdi. OradaDostluqadlı bir qurum yaratdı, mən onun direktoru oldum. O vaxt SSRİ-nin məşhur teatr kollektivlərini Bakıya dəvət edirdim. İldə dörd dəfə belə səfərlər olurdu, tanınmış aktyorlar Bakıya gəlirdilər.

1986-cı ildə məni filarmoniyaya direktorun birinci müavini təyin etdilər, sonra direktor oldum, 12 il orada işlədim. 1998-ci ildə işdən çıxdım. Daha sonra Milli Məclis Aparatında işə düzəldim, 13 il orada işlədim. İndi pensiyadayam.

- Bilirəm ki, sizin bir neçə bacarığınız var. Bəstəçiliyinizdən, şairliyinizdən danışasınız.

- O vaxtlar mahnılar da yazırdım. Eleonoraadlı mahnım vardı, ittifaqda məşhur olmuşdu. Oqtay Ağayev onu öz repertuarına daxil etmişdi. Mahnının sözləri mənimdir, rusca yazmışam. Şairliyim var. Bəziləri buna inanmırdılar. Süleyman Rüstəmə şeirlərimi göstərmişdim, mənim yazdığıma inanmamışdı. Sonradan inandı.

Azərbaycan filmlərində çəkilmişəm. Bizim küçəfilmində çəkilmişəm, saksafonla ifa edirəm. Eləcə Əhməd haradadır?” filminin saksafon musiqisini mən ifa eləmişəm. Orada mənim görüntülərim var. Bu gün sevimli alətim mənimlədir. Saksafon əbədi sirdaşımdır. Bu il yanvarın 15-də Mahaçqalada bəstəkar, dirijor, Xalq artisti, keçmiş bakılı Murad Kajlayevin 85 illik yubileyi qeyd olundu. Həyat yoldaşımla məni dəvət eləmişdilər. Orada bizim çıxışımız oldu, yüksək səviyyədə qarşıladılar.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 10.