Xocalı soyqırımı təsviri sənətdə

 

Xalqımız zaman-zaman bədnam qonşularımızın kənar qüvvələrin himayəsi ilə həyata keçirdikləri işğalçılıq siyasəti üzündən əzəli dədə-baba torpaqlarından didərgin salınmış, deportasiyalara məruz qalmışdır. Nəticədə Azərbaycanın tarixi torpaqları yağıların əlinə keçmiş, yüz minlərlə soydaşımız qətlə yetirilmiş, min illərin mədəni mirası məhv edilmişdir.

 

XX əsrin əvvəllərində, xüsusilə də 1918-ci ilin martında erməni daşnakları tərəfindən yaşayış məntəqələrimiz yandırılmış, xalqımıza qarşı soyqırımı həyata keçirilmişdir. Erməni şovinistlərinin insanlıqdan uzaq əməlləri o dövrdə Azərbaycan ziyalılarının, yazıçılarının bədii əsərlərində, salnamələrdə öz əksini tapmışdır. Bu baxımdan Məmməd Səid Ordubadinin “Qanlı illər” və Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı əsərləri mühüm mənbə hesab olunur.

Davakar erməni millətçiliyi və barbarlığı ən qəddar və qanlı üzünü Xocalı soyqırımında (26 fevral 1992-ci il) göstərmişdir. 613 soydaşımızın vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımı insanlıq əleyhinə cinayət kimi tarixə düşüb.

Ötən əsrin əvvəllərində erməni vandallarının xalqımıza qarşı qeyri-insani əməlləri Azərbaycan professional rəssamlıq sənətinin banilərindən olan Bəhruz Kəngərlinin yaradıcılığında geniş və təsirli şəkildə təcəssüm etdirilmişdir. Qeyd edək ki, B.Kəngərlinin yaradıcılığında qaçqınlar mövzusu xüsusi yer tutur. Rəssam yüksək vətəndaşlıq duyğusu və ağrısı ilə doğma el-obalarından didərgin düşmüş uşaqların və qadınların yaddaqalan, sarsıdıcı silsilə portretlərini yaratmışdır. 1920-21-ci illərdə çəkdiyi “Gənc qızın portreti”, “Xanım adlı qaçqının portreti”, “İki qaçqın qız”, “Qaçqın qadın”, “Ayaqyalın qadın”, “İki qadın fiquru”, “Oturmuş qaçqın oğlan”, “Qaçqın İmran” və başqa portret əsərlərlə rəssam bir daha erməni xislətinin və erməni vəhşiliklərinin ürək dağlayan səhnələrini təsvir edə bilmişdir. O, portretlərini yaratdığı şəxslərə qida, geyim vermiş, hətta onlara müəyyən miqdarda maddi köməklik də göstərmişdir.

Təəssüflər olsun ki, bu əsərlərə sovetlər dövründə mütəxəssislər tərəfindən düzgün qiymət verilməmişdir. Əgər əsrin əvvəllərində baş vermiş hadisələrdən düzgün nəticə çıxarılsaydı, bəlkə də əsrin sonlarında Xocalı soyqırımı kimi faciələri yaşamazdıq.

Xocalı faciəsində vəhşicəsinə, amansızlıqla qətlə yetirilmiş uşaq, qadın, qocaların, həmçinin yerlə-yeksan edilmiş qədim Xocalı şəhərinin, bu yurd yerimizin maddi mədəniyyət nümunələrinin təsirli səhnələri Azərbaycan təsviri sənətində xüsusi bir səhifə təşkil edir. Bu qətliamın dəhşətləri bir çox rəssam, qrafik və heykəltəraşların yaradıcılığında bədii əksini tapmışdır.

Azərbaycan Milli İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında rəssamlarımızın bu soyqırımının qurbanlarına həsr olunmuş bir çox əsərləri saxlanılır. Bunlara misal olaraq Xalq rəssamı Mais Ağabəyovun "Xocalı faciəsi", əməkdar rəssamlar Bəyim Hacızadənin, “Ömrünün axırıncı dəqiqəsi”, Fərman Qulamovun "Azadlığa doğru", Rafael Muradovun "Qaçqınlar", Həmzə Abdullayevin "Yandırılmış Vətən. Qaçqınlar", Rza Avşarovun "Xocalı faciəsi", Sirus Mirzəzadənin “Xocalı”, istedadlı rəssamlar Nazim Məmmədovun", "Xocalının son günü", Məmməd Orucovun "Xocalı qaçqınları", Eldar Babazadənin “Ana fəryadı”, Arif Hüseynovun "Xocalı" və digər fırça ustalarının əsərlərini göstərə bilərik. Qeyd olunan rəsm əsərlərinin hər biri yüksək bədii əhəmiyyəti ilə yanaşı, dərin humanizm, güclü vətəndaşlıq duyğuları, hüzn, iztirabdramatik əhval-ruhiyyə ilə doludur. Bu əsərlərə tamaşa edərkən soyqırımı qurbanlarının faciəsini hiss etməmək və onların acılarını duymamaq mümkünsüzdür.

Əsrin faciəsi heykəltəraşlarımızın da əsərlərində xüsusi yer tutur. Bu mənada Xalq rəssamı Xanlar Əhmədovun “Ana körpəsi ilə”, “Qoca”, "Torpaqlarımız uğrunda", istedadlı heykəltəraşlar Sahib Quliyevin “Soyqırımı”, Zakir Əhmədovun "Çingiz Mustafayev”, Nəriman Məmmədovun “Qarabağ süitası”, Məmməd Rəşidovun “Haray” və başqa əsərləri qeyd etmək olar.

Müəllifi heykəltəraşlar Aslan, TeymurMahmud Rüstəmovlar olan Xocalı abidəsi soyqırımına həsr edilmiş ən yaddaqalan abidələrdən biridir. Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə vətəndaşlarımızın üz tutduğu müqəddəs məkan, and yeridir. Hər il bu abidəni ölkə rəhbərliyi, hökumət üzvləri, ictimaiyyət nümayəndələri yad edir, şəhid olmuş soydaşlarımızın ruhuna öz sayğı və ehtiramlarını bildirirlər. Həmçinin bir çox ölkələrdə Xocalı soyqırımına həsr edilmiş abidələr ucaldılır, faciəyə həsr olunmuş rəsm və fotosərgilər keçirilir.

Bütün bu tədbirlər Xocalı soyqırımının insanlıq əleyhinə ən dəhşətli cinayət kimi bir çox ölkələr və ictimai qurumlar tərəfindən tanınmasına zəmin yaradır.

 

Əsəd Quliyev

sənətşünas, dissertant, Azərbaycan Milli İncəsənət Muzeyinin böyük elmi işçisi, Rəssamlar İttifaqının üzvü

 

Mədəniyyət.-  2016.- 29 fevral.-  S. 8.