Sumqayıta bağlanmış sənət ömrü

 

Sumqayıt Dövlət Rəsm Qalereyasında şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm İdarəsi ilə birgə monumentalist rəssam Vaqif Nəzirovun 75 illik yubileyinə həsr olunmuş “Sumqayıta bağlanmış sənət ömrü - 45 il” adlı fərdi sərgisi keçirilib. Sərgidə rəssamın 30-a yaxın rəngkarlıq işləri - gips, mis oyma işləri nümayiş olunub.

Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov yubilyarı təbrik edib, onu uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edib.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, Vaqif Nəzirov hələ sağlığında özünə abidə qoymuş bir insandır. İllər keçəcək, adı Sumqayıtın rəmzi olan “Göyərçin” abidəsi ilə bərabər çəkiləcək, nəsillərdən-nəsillərə ötürüləcək. Yubilyarı təbrik edən Z.Fərəcov sənətkara hədiyyələr təqdim edib və yaxın zamanlarda Sumqayıtda rahat fəaliyyət göstərməsi üçün ikiotaqlı mənzillə təmin ediləcəyini bildirib.

Əməkdar memar Hafiz Əmirxanov, şair Vahid Əziz də rəssamla bağlı ürək sözlərini bildirib, xatirələrini bölüşüblər.

Sonda Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin fortepiano sinfinin şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 7.