Dövlət
reyestrindən keçməyən filmlər kinoteatrlarda
nümayiş olunmayacaq
Xəbər verdiyimiz kimi, Azərbaycan
Respublikası Prezidentinin 27 yanvar 2016-cı il tarixli fərmanı ilə İnzibati
Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə bəzi
dəyişikliklər edilib. Dəyişikliklərə
əsasən, kino və videofilmlərin
Filmlərin Dövlət Reyestrində qeydiyyata
alınmadan Azərbaycan Respublikası ərazisində
yayımına və kütləvi nümayiş
etdirilməsinə görə 2 min manat miqdarında cərimə nəzərdə
tutulur. Müvafiq
qanunvericiliyə uyğun olaraq
ölkə ərazisində yayımına və kütləvi
nümayişinə icazə verilən bütün
filmlər Mədəniyyət və Turizm
Nazirliyində qeydə alınmalı və Filmlərin
Dövlət Reyestrinə daxil edilməlidir.
Bununla bağlı mətbuatda və sosial şəbəkələrdə bəzi mübahisəli fikirlər meydana çıxıb. Bu məqamlara aydınlıq gətirmək məqsədilə fevralın 24-də Nizami Kino Mərkəzinin konfrans zalında media nümayəndələri üçün brifinq keçirildi.
Nazirliyin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov bildirdi ki, filmlərin qeydə alınması prosesi 2006-cı ildən başlayıb: “Bu vaxta qədər nazirlikdə 12 minə yaxın film qeydə alınıb. Əvvəllər bütün distributorlar bu qərara həssaslıqla yanaşırdı. Amma sonra bu məsələyə önəm verilmədi. Ona görə də nazirlik qəti addım atmağa məcbur oldu. Bu qərar həm də filmlərin kinoteatrda tərcümə ilə nümayişinə səbəb olacaq. Bununla bağlı kinoteatrlara aprelin 15-nə kimi vaxt vermişik. Bundan sonra dövlət reyestrindən keçməyən filmlər kinoteatrlara yol ala bilməyəcək”.
Sektor müdiri əlavə etdi ki, qadağalara əsasən, Azərbaycana gətirilən filmlərin yaş kateqoriyası müəyyən ediləcək. Bundan əlavə, zorakılıq və pornoqrafiyanı təbliğ edən filmlərə qadağa qoyulub. Azərbaycana xarici filmləri gətirən bütün distributor şirkətlərinə vaxt verilib ki, filmlərin tərcüməsi ilə bağlı bütün məsələlər həll olunsun. Yəni Azərbaycan dilində alt yazısı olmayan film heç bir Azərbaycan kinoteatrında nümayiş etdirilə bilməz. Qaydalara riayət etməyənlər 2 min manat cərimə olunacaqlar. Azərbaycana gətirilən film ölkə ərazisində yayımlanmaq üçün yayım vəsiqəsi alır. Bundan sonra hər hansı başqa şirkət bu filmi nümayiş etdirmək istəsə, onun üçün əlavə vəsiqəyə ehtiyac olmayacaq. Yeni qaydaya əsasən, subtitri olmayan filmlər qeydiyyatdan keçməyəcək. Yaxın zamanlarda reyestr proqramı internetə çıxarılacaq və istənilən vətəndaş maraqlandığı filmin qeydiyyatdan keçib-keçmədiyi haqda məlumat əldə edəcək.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Hesablama Palatasının kino sahəsində fəaliyyətlə bağlı Milli Məclisə təkliflər paketi təqdim etməsinə münasibət bildirdi. İrəli sürülən təklifləri təqdirəlayiq hesab edən direktor qeyd etdi ki, burada rejissorların, ssenaristlərin qonorar məsələləri barədə məlumat yer alır: “Bizdə rejissorlara, ssenaristlərə ödənilən qonorar dünyada qəbul edilmiş qonorar həcmində deyil. Hesablama Palatasının bu məsələni qaldırması çox yerində atılan addımdır. Biz yaxın gələcəkdə qəbul edilməsi gözlənilən kino haqqında qanunda yer alan normativ sənədlər bölməsində bu təkliflərdən istifadə edəcəyik”.
Ekran əsərlərinin qeydiyyatı məsələsinə də toxunan M.Hətəmov bildirdi ki, tamaşaçıların keyfiyyətli filmlərə baxmasına və hüquqların düzgün bölünməsinə dəstək olacaq.
Sonda KİV nümayəndələrinin sualları cavablandırıldı.
Lalə
Mədəniyyət.- 2016.- 26
fevral.- S. 6.