Lentlərdə davam edən ömür
Hər kəs bu dünyaya
bir missiya ilə gəlir. Təəssüf
ki, ağlı kəsən zaman ilahi səs hər kəsin
qulağına pıçıldayıb ona
yol göstərmir. Bəlkə də
pıçıldayır, amma yeniyetmə
maksimalizmi, xəyalı gerçəklik kimi qəbul etmək istəyi çoxuna
mane olur. Beləcə,
zaman keçdikcə məlum olur ki, kimlərsə öz yerində deyil.
Tariyel Vəliyev yerində olan adam
idi... Təəssüf
ki, onun yaradıcılığının təsadüf etdiyi dövrlərdə televiziyada
teletamaşaların, proqramların
anonsunu vermək, onların yaradıcı heyətini iş prosesində, çəkiliş
zamanı göstərmək,
onlar barədə mətbuatda yazı yazmaq dəb deyildi. Bu üzdən də milli televiziyamızın
inkişafında can qoymuş,
bu sahəyə ömür həsr eləmiş, amma adı bəzən heç titrlərə də yazılmamış
neçə insanı
layiq olduğu qədər tanıya bilmədik.
Fevralın 24-də onsuz gələn növbəti ad günü
şərəfinə keçirilən
tədbirə yığışmış
hər kəs onu xoş xatirələrlə,
ən yaxşı sözlərlə xatırladı. Dövlət Film Fondunda Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə keçirilən
xatirə gecəsində
Tariyel Vəliyev sənətinə və şəxsiyyətinə işıq
salındı.
Gecəni
Əməkdar incəsənət
xadimi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin
baş direktoru Cəmil Quliyev açaraq Tariyel Vəliyevi öz işinin mahir bilicisi, Azərbaycan televiziya rejissorluğunda
ilk dəfə çoxseriyalı
televiziya tamaşası
çəkmiş sənətkar
kimi dəyərləndirdi.
Əməkdar incəsənət xadimi, telerejissor Məhərrəm
Bədirzadə hələ
1967-ci ildə respublika
radiosunda işlədiyi
zamandan Tariyel müəllimlə başlayan
dostluğundan, onunla birlikdə bayram proqramlarının çəkilişlərində
çalışdığı günlərdən danışdı.
Xalq artisti İlham Namiq Kamal mərhum sənətkarın Mədəniyyət
və İncəsənət
Universitetində televiziya
rejissorluğundan dərs
dediyi zamanlarda tələbələrinə bəslədiyi
qayğısını xatırladı. Rejissorla
uzun müddət birgə çalışmış
teleaparıcı Nərgiz
Cəlilova Tariyel müəllimin öz iş yoldaşlarına diqqət və sayğısını unutmadığını
dedi.
Xalq artisti Ramiz Həsənoğlu
isə hələ təcrübəsi olmayan iki gənc rejissorun
- Tariyel Vəliyevlə
özünün ilk birgə
işi - «Ötən ilin son gecəsi» tamaşası ilə başlayan uğurlu yaradıcılıq tandemini
yada saldı. Xalq artisti Azad Şükürov
Tariyel müəllimin
onun ifasında bəyəndiyi şeiri ifa etməklə görkəmli rejissorun ruhunu şad etdi.
Xatirə gecəsinin təşkilatçıları belə qərara gəlmişdilər ki, rejissorun quruluş verdiyi tamaşalardan fraqmentlər göstərmək əvəzinə onun tələbəsi Tural Rəcəbovun 2009-cu ildə kurs işi kimi lentə aldığı «Kadr arxasında qalan rejissor» sənədli filmi nümayiş etdirilsin.
Filmin nümayişindən sonra Tariyel Vəliyevin oğlu, televiziya rejissoru Vüqar Vəliyev ailə üzvləri adından tədbirin təşkilatçı və iştirakçılarına minnətdarlığını bildirdi.
Hər zaman özünü kadr arxasında görüb, amma öz tamaşa və proqramlarında ən yaxşı kadrı seçərək tamaşaçıya təqdim etmiş Tariyel Vəliyevin rejissoru olduğu “Səni axtarıram”, «Bağışla» və «Səndən xəbərsiz» trilogiyası, «Məhəbbət macərası», «Pəncərədə işıq», «Duel” və digər ekran yadigarları, aradan illər ötsə də, bütün nəsil seyrçilərin sevimli tamaşası olaraq qalacaq.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 26
fevral.- S. 5.