Xocalıya ithaf
Fevralın 25-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bülbül adına orta ixtisas musiqi məktəbi ilə birgə “Xocalıya ithaf” adlı tədbir keçirildi.
Muzeyin şöbə müdiri Xanım Abdinova “Xocalı soyqırımı bəstəkarların yaradıcılığında” mövzusunda məruzə ilə çıxış etdi. Diqqətə çatdırıldı ki, “Xocalı soyqırımı” mövzusu Azərbaycan və Avropa bəstəkarlarının yaradıcılığında yer alıb. Xalq artistləri Firəngiz Əlizadə “İntizar” opersını, Vasif Adıgözəlov “Qarabağ şikəstəsi” oratoriyasını, fransız bəstəkarı Pyer Tiloy “Xocalı 613” adlı əsərini bu mövzuya həsr edib.
Çıxışdan sonra BMA-nın tələbələri və Bülbül adına musiqi məktəbi şagirdlərinin ifasında Nikolo Paqanininin “Kantabile”, Cakomo Puççininin “Toska” operasından Toskanın ariyası, Arif Məlikovun “Komdenin arzuları”, “Məhəbbət əfsanəsi” baletindən fraqment, Azərbaycan xalq mahnıları ”Kəklik”, “Laçın”, Asəf Zeynallının “Muğamsayağı”, Frederik Şopenin “Noktürnə”, Vasif Adıgözəlovun “Qərənfil” və Fərhad Bədəlbəylinin “Ave Mariya” əsərləri səsləndirildi.
S.Fərəcov
Mədəniyyət.- 2016.- 26
fevral.- S. 4.