Xocalı - qan yaddaşımız

 

Mədəniyyət və Turizm Nazirliyi tarixi gerçəklərin daha qlobal miqyasda yayılması, təbliği üçün müxtəlif layihələr reallaşdırır

 

1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törətdikləri soyqırımı dünya tarixində insanlıq əleyhinə ən amansız cinayətlərdən biridir. Azərbaycan xalqına qarşı həyata keçirilən bu müdhiş qətliamla bağlı həqiqətlərin dünyaya yayılması, qan yaddaşımızın gələcək nəsillərə çatdırılması istiqamətində ötən müddətdə bir çox işlər görülmüş, müxtəlif dillərdə kitablar, elektron resurslar hazırlanmış, ekran və səhnə əsərləri, təsviri sənət nümunələri ərsəyə gətirilmişdir. Hər il olduğu kimi, bu il də respublikamızın mədəniyyət ocaqlarında Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı silsilə tədbirlər - dəyirmi masalar, konfranslar, şəhid ailələri və faciənin şahidləri ilə görüşlər, anım mərasimləri təşkil edilir, ədəbi-bədii kompozisiyalar, rəsm sərgiləri, tamaşalar nümayiş olunur.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xalqımızın qan yaddaşının bugünkü və gələcək nəsillərə çatdırılması, Xocalı faciəsi və ümumilikdə Qarabağ münaqişəsi, ölkəmizin məruz qaldığı hərbi təcavüz barədə həqiqətlərin daha qlobal miqyasda yayılması, təbliği üçün müxtəlif layihələr, təşəbbüslər reallaşdırılır. Bu ilbu istiqamətdə işlərin daha effektli həyata keçirilməsi məqsədilə bir sıra tədbirlər hazırlanmışdır.

Tarixi həqiqətlərin geniş kütlələrə çatdırılmasında təsviri sənətin, vizual vasitələrin mühüm rolu var. Fevralın 26-da Azərbaycan Xalça Muzeyində nazirliyin dəstəyi ilə keçiriləcək “Xocalı - qan yaddaşımız” adlı sərgi-tədbir bu məqsədə xidmət edir. Soyqırımının 24-cü ildönümü münasibətilə paytaxtdakı Xocalı abidə kompleksi ətrafında təşkil olunacaq sərgi buraya gələn insanlar, o cümlədən xarici qonaqlara Xocalı faciəsi barədə həqiqətləri çatdırır. Fevralın 26-da Nizami Kino Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunmuş kino axşamı keçiriləcək. Anım mərasimində doğma torpaq uğrunda canını fəda etmiş Vətən oğulları, Milli Qəhrəmanlar haqqında filmlər nümayiş olunacaq.

Tarixi həqiqətlərin dünyaya çatdırılmasının ən mühüm yollarından birimuzey ekspozisiyalarıdır. Almaniyanın paytaxtı Berlindəki Erkən və Qədim Dövr Tarixi Muzeyində dünyanın müxtəlif yerlərinin tarixi irsi ilə yanaşı, Azərbaycanın tunc dövrünü, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətini əks etdirən eksponatlar var. Ötən il nazirlik tərəfindən muzeylə əməkdaşlıq qurulmuş, oradakı eksponatların elmi cəhətdən tədqiq olunması ilə əlaqədar mütəxəssislər qrupu Almaniyaya ezam edilmişdir. Bu günlərdə Bakıya gələn muzeyin direktoru ilə bu istiqamətdə müzakirələr davam etdirilib.

Eramızdan əvvəl XIV-XIII əsrlərdən VII əsrə qədər olan dövrü əhatə edən Xocalı-Gədəbəy mədəniyyəti tarixi-mədəni irs baxımdan qədim dünya tarixinin ən zəngin səhifələrindən biridir. Bu zəngin tarixi irsin, arxeoloji abidələrin, nekropolların böyük hissəsi isə bu gün Ermənistanın işğalı altında olan Xocalıda, Ağdamda, Qarabağın digər yerlərindədir. Xocalı soyqırımın ildönümü ərəfəsində bu qədim tarixin nümunələrinin saxlanıldığı Berlin muzeyinin nümayəndə heyətinin ölkəmizdə olması əlamətdar hadisədir. Ümidvarıq ki, nüfuzlu muzeylə bu istiqamətdə davam etdiriləcək əməkdaşlıq Azərbaycanın qədim yaşayış məskəni Xocalı haqqında həqiqətlərin Avropadünya miqyasında yayılmasına daha bir töhfə olacaq.

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 3.