Nazir Berlin Erkən
və Qədim Dövr Tarixi
Muzeyinin direktoru ilə
görüşüb
Azərbaycan və Almaniya mütəxəssisləri Xocalı-Gədəbəy arxeoloji mədəniyyətini tədqiq edirlər
Fevralın 24-də
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Berlin Erkən və Qədim Dövr Tarixi Muzeyinin direktoru Mattias Vemhoffun rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir Azərbaycanla Almaniya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud səviyyəsindən razılığını ifadə edərək, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
İki ölkə xalqları arasında münasibətlərin zəngin tarixi olduğunu deyən nazir XIX əsrin əvvəllərində Qafqaza, o cümlədən Azərbaycana gələn alman icmalarının burada yaşayış məntəqələri saldıqlarını xatırladıb. Bildirilib ki, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illiyi UNESCO-nun 2016-2017-ci illər üzrə yubileylər proqramı çərçivəsində qeyd ediləcək.
Görüşdə Berlin Erkən və Qədim Dövr Tarixi Muzeyi ilə Azərbaycan mütəxəssislərinin qədim dünya tarixinin zəngin irs səhifələrindən olan Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin tədqiqinə dair apardığı işlərdən söz açılıb.
Əbülfəs Qarayev ölkəmizin işğal altında olan ərazilərində məhv edilən abidələr barədə qonaqlara məlumat verib, nümayəndə heyətinin səfərinin Xocalı soyqırımının ildönümü ərəfəsinə təsadüf etdiyi diqqətə çatdırılıb. Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti coğrafiyasının bir hissəsinin Ermənistan tərəfindən işğal edilmiş əraziləri əhatə etdiyindən tədqiqat işlərinin aparılmasında müəyyən çətinliyin olacağı vurğulanıb.
Mattias Vemhoff
Azərbaycanda ilk dəfə olduğunu vurğulayaraq bu səfərdən və
xalqımızın qonaqpərvərliyindən məmnunluğunu
ifadə edib, səmimi qəbula görə
nazirə təşəkkürünü bildirib.
Mədəniyyət.- 2016.- 26
fevral.- S. 3.