Milli Qəhrəmanlara həsr edilən filmlər orta məktəbdə nümayiş olunur

 

Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Sabunçu rayonundakı 113 saylı orta məktəbdə “Salnamə” sənədli filmlər studiyasında lentə alınan, Milli Qəhrəmanlarımıza həsr edilmiş “Vətənim mənim” və “Şirin Mirzəyev” filmləri nümayiş olunub.

Məktəbin direktoru Rövşən Qasımov və tarix müəllimi Sücaət Babayeva bu təşəbbüsə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib. Qeyd olunub ki, belə film nümayişlərinin davamlı olaraq keçirilməsi məktəbin arxivində Milli Qəhrəmanlara həsr edilən filmlər guşəsinin yaradılmasına səbəb olub.

Qeyd edək ki, yuxarı sinif şagirdlərinə təqdim edilən “Vətənim mənim” filmi Milli Qəhrəman Koroğlu Rəhimovdan bəhs edir. Ekran əsərinin ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Kəmalə Musayeva, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədovdur.

Şirin Mirzəyev” sənədli filmi isə Milli Qəhrəman Şirin Mirzəyevin Qarabağ savaşındakı döyüş yoluna həsr olunub. Filmin ssenari müəllifi Feyruz Mirzəyev, rejissoru Vüsalə Mirzəyeva, icraçı prodüser Kamil Məmmədov, operatoru Elşən Əliyevdir.

Sonda şagirdlər vətənpərvərlik ruhlu şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 3.