“Müharibə uşaqların gözü ilə”

 

Fevralın 25-də İşərişəhərdəki “Bakı” rəsm qalereyasında Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı “Müharibə uşaqların gözü ilə” mövzusunda Bakı şəhər orta məktəblərinin şagirdləri arasında keçirilmiş rəsm müsabiqəsinin mükafatlandırılma mərasimi oldu.

 

Tədbirin təşkilatçıları olanAbşeron” rəsm qalereyasının direktoru, sənətşünas Eldəniz İbrahimov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov artıq ənənə halını alan bu müsabiqənin əhəmiyyətini vurğuladılar.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov faciə qurbanlarının xatirəsinin anılması yönündə sərginin təşkilini mühüm hadisə adlandırdı.

Azərbaycan Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin sədri, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev sərgilənən əsərlərin yüksək bədii keyfiyyətinə diqqət çəkdi.

ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Nyu York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyeva hər il Xocalı soyqırımı günündə soydaşlarımızın keçirdikləri etiraz aksiyalarından danışdı. Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, “Bakı” rəsm qalereyasının direktoru Eldəniz Babayev sərgi haqqında fikirlərini bölüşdülər.

Sonra müsabiqənin qalibləri mükafatlandırıldı. Birinci yerə Mirəhməd Musayev (Yasamal rayonu), ikinci yerə Günay Mazanova (Suraxanı rayonu), üçüncü yerə Fidan Rzazadə (Nizami rayonu) layiq görüldü. Qaliblərə və bütün iştirakçılara diplomlar verildi.

Sonra iştirakçılar əsərlərlə tanış oldular. 50-dən çox rəsmin nümayiş olunduğu sərgi bir həftə davam edəcək.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 2.