“Zahirəddin Məhəmməd Babur - Şərqin böyük şairi

 

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, ölkəmizin Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə “Zahirəddin Məhəmməd Babur - Şərqin böyük şairi” adlı tədbir keçirilib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ali təhsil ocağının professor-müəllim heyəti, tələbələr, diasporumuzun nümayəndələri iştirak ediblər.

Universitetin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Şavkat Şaripov Zahirəddin Məhəmməd Baburun həyat və yaradıcılığı haqqında məlumat verib, onun böyük şair və dövlət xadimi olduğunu bildirib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında bildirib ki, Babur Əlişir Nəvaidən sonra cığatay türkcəsində əsərlər yaradan böyük şairdir. Qeyd edilib ki, şairin məşhur “Baburnamə” əsəri Azərbaycan dilinə də tərcümə edilib.

UNESCO-nun Özbəkistandakı nümayəndəsi, Pakistan və Əfqanıstanın bu ölkədəki səfirləri Baburun dünya ədəbiyyatındakı yeri, şairin ayrı-ayrı əsərləri haqqında məlumat veriblər.

Sonra universitetin tələbələri Baburun əsərlərindən ibarət kompozisiya göstərib, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

 

Mədəniyyət.- 2016.- 26 fevral.- S. 14.