Ölkəmiz “Davamlı turizm ili” çərçivəsində BMT ilə əməkdaşlıqda maraqlıdır

 

Mədəniyyət və turizm naziri BMT İnkişaf Proqramının rəhbərləri ilə görüşüb

 

Xəbər verildiyi kimi, iyunun 28-dən ABŞ-ın Nyu-York şəhərində səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra görüşlər keçirib.

Nazir BMT İnkişaf Proqramı (UNDP) rəhbərinin müavini və siyasət və proqram dəstəyi bürosunun direktoru Magdy Martinez Soliman ilə görüşüb.

Görüşdə Azərbaycanda ölkə rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən islahatlar, xüsusilə turizm sahəsinin milli iqtisadiyyatın diversifikasiyasında rolu, habelə ölkəmiz ilə UNDP arasında mövcud olan ənənəvi sıx əməkdaşlığın perspektivləri müzakirə edilib.

M.Soliman 2014-cü ildə Azərbaycanda səfərdə olarkən keçirdiyi görüşlər və Bakıda ziyarət etdiyi tarixi məkanların onda dərin, xoş təəssürat yaratdığını qeyd edərək əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu bildirib.

Əbülfəs Qarayev BMT tərəfindən 2017-ci ili “Beynəlxalq davamlı turizm ilielan edildiyini bir daha xatırladaraq bu il çərçivəsində UNDP, UNWTO (Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı) və Azərbaycan arasında birgə fəaliyyət planının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Nazir BMT təmsilçisini Azərbaycan Prezidentinin himayəsi ilə 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

* * *

Azərbaycan BMT İnkişaf Proqramının (UNDP) birgə turizm vasitəsilə davamlı inkişafa nail olmaq istiqamətində, xüsusilə də 2017-ci ilin BMT tərəfindən elan edilmiş “Beynəlxalq davamlı turizm ili” çərçivəsində birgə layihələrin keçirilməsində maraqlıdır.

Bu fikirləri ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev UNDP-nin rəhbəri Helen Klarkla görüşdə səsləndirib.

Görüşdə UNDP ilə Azərbaycan arasında əməkdaşlıq, xüsusilə mədəniyyət və turizm sahəsində davamlı inkişafın dəstəklənməsi perspektivləri müzakirə edilib. Nazir turizm menecmenti, turizm informasiya mərkəzlərinin açılması məqsədilə Bakıdakı UNDP ofisi ilə sıx əməkdaşlıq edildiyini söyləyib.

H.Klark apreldə Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə təşkili münasibətilə naziri təbrik edərək forumda müzakirə olunmuş məsələlərin BMT-nin qəbul etdiyi Davamlı İnkişaf Gündəliyinə uyğun olduğunu vurğulayıb.

Ə.Qarayev BMT rəsmisinin diqqətinə çatdırıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması və bu münaqişə ölkəmizin, eləcə də regionun inkişafı və təhlükəsizliyi üçün ciddi maneədir.

Sonda nazir H.Klarkı gələn il Bakıda keçiriləcək 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

 

Mədəniyyət.- 2016.- 1 iyul.- S.4.