Dünya Turizm Təşkilatı
Azərbaycanla əməkdaşlığı yüksək
qiymətləndirir
Bakıda “Multikultural cəmiyyət
və turizm” adlı birgə dəyirmi masa keçiriləcək
Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov iqamətgahı Madrid şəhərində yerləşən BMT-nin Dünya Turizm Təşkilatının (DTT) baş katibi Taleb Rifai ilə görüşüb.
Səfir A.Məhərrəmov Azərbaycanda turizmin daim prioritet sahələrdən biri olduğunu vurğulayıb, dövlətimiz tərəfindən bu sahənin inkişafına böyük əhəmiyyət verildiyini və turizm sektorunda islahatların uğurla davam etdirildiyini xüsusilə qeyd edib. Diplomat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunmasını diqqətə çatdıraraq cari il sentyabrın 27-də Bakıda “Multikultural cəmiyyət və turizm” adlı birgə dəyirmi masanın keçiriləcəyini və sözügedən tədbirin 27 sentyabr - Dünya Turizm Gününə və 29 sentyabr - Azərbaycanın DTT-yə üzv olmasının 15-ci ildönümünə təsadüf etdiyini bildirib.
Taleb Rifai bu ilin mart ayında Bakıya sonuncu səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilmiş səmimi görüşü xatırlayaraq Azərbaycanda son illər ərzində müxtəlif sahələrlə yanaşı, turizm sahəsində də aparılan islahatların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib. O, iyun ayında Bakıda keçirilmiş Formula-1 yarışını böyük maraqla izlədiyini bildirib, bu tədbirin yüksək səviyyədə və uğurla təşkilinə görə ölkəmizi təbrik edib.
Baş katib Azərbaycanın DTT-yə üzvlüyünün 15 illiyi münasibətilə təbriklərini çatdıraraq səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Taleb Rifai Azərbaycanın 2013-cü ildə DTT-nin İcraiyyə Şurasına üzv seçildiyini, həmçinin Etika komitəsi üzrə işçi qrup çərçivəsində ölkəmizin sədrlik etdiyini söyləyib. O, ölkəmizin işçi qrupda fəal iştirakından razılığını bildirərək bu cür fəaliyyətin gələcəkdə Azərbaycanın irəli sürüləcək namizədliyinin dəstəklənməsinə zəmin yaratdığını qeyd edib.
Söhbət zamanı Azərbaycan
tərəfindən irəli sürülmüş
“Münaqişə zonalarının turizm
sahəsində qanunsuz təbliğinin
qarşısının alınması” adlı təşəbbüsün
2015-ci ildə Şura üzvlərinin dəstəyi
ilə qəbul edildiyi müsbət hal kimi qiymətləndirilib
və bununla da işğal olunmuş
Dağlıq Qarabağ ərazisinə turist səfərlərinin təşkilinin
qarşısının alınması üçün
imkanın yaradıldığı vurğulanıb.
Mədəniyyət.- 2016.- 1 iyul.-
S.6.