Qurduğumuz platforma türkdilli ölkələrin həmrəyliyini göstərir”

 

 

“Məqsədimiz ortaq miraslarımızı UNESCO-ya birgə təqdim etmək və bir-birimizi dəstəkləməkdir”

Artıq bir neçə ildir ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO-dakı milli komissiyaları “Türkofon Platforması”nı qurublar. Azərbaycanın daxil olduğu platformanın toplantısı hər il bir ölkədə keçirilir. UNESCO üzrə Türkiyə Milli Komissiyasının rəhbəri Öcal Oğuzla söhbətimizdə bu formatda fəaliyyətə və hədəflərinə toxunmaqla yanaşı, Azərbaycan və Türkiyənin UNESCO müstəvisində əməkdaşlığına da nəzər saldıq.

- Öcal bəy, TÜRKSOY-a üzv ölkələrin UNESCO-dakı milli komissiyalarının toplantısı 2014-cü ildə Azərbaycanda yüksək səviyyədə keçdi. “Türkofon Platforması”nın qurulması ideyasını zəruri edən səbəblər nə idi?

- UNESCO-da təmsil olunan türkdilli ölkələr olaraq bir çox sahələrdə ortaq mirasya işbirliyimiz var. Ortaya belə bir sual çıxırdı: nə üçün biz UNESCO-da bir platforma qurmuruq? Biz bir-birimizə dəstək olaq ki, UNESCO-da işlərimiz daha rahat getsin. Elə platformanın qurulmasında əsas məqsədimiz də ortaq miraslarımızın UNESCO-nun müvafiq irs siyahılarına birgə təqdimatı və bir-birimizi dəstəkləməkdir. Platforma həm də bu türkdilli ölkələrin birgə siyasi və mədəni gücünü, həmrəyliyini göstərən faktordur. Yəni biz öz aramızda razılığa gələ bilərik ki, məsələn, Qazaxıstan bu il bu mirası təqdim edir, gələn ilbiz təqdim edək. Yaxud da ortaq bir mədəni mirası birlikdə təqdim edək. Bu ideya öncə Türkiyədə yarandı, sonra Azərbaycan, Qazaxıstan qoşuldu və beləliklə, platformaya çevrildi. TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiyalarının toplantısı ilk dəfə Türkiyədə baş tutdu, sonra Azərbaycan və ardınca Qazaxıstanda, daha sonra Tatarıstanda oldu. Ötən il Türkmənistanda keçirilməsi nəzərdə tutulsa da, gerçəkləşmədi. Bu il toplantını Türkiyədə keçirəcəyik.

- Platforma türkdilli ölkələrin UNESCO ilə bağlı fəaliyyətinə nə qədər təsir edir? Bu günə kimi müsbət nəticələr oldumu?

- Ötən toplantılarımızda bu ifadə hər zaman xüsusi vurğulanıb: biz TÜRKSOY-a üzv ölkələr olaraq. Yəni dünyada, məsələn, frankofon ölkələr kimi türkofon (fransızca türkdilli deməkdir) ölkələr deyə, bu şəbəkəni güclü tutaraq hər mövzuda işbirliyini gücləndirsək, çox önəmli nəticələr əldə edə bilərik. Türkdilli xalqların zəngin mədəni irsibir çox ortaq miras nümunələri var. Bizim arzumuz, istəyimiz bənzərliklərdən yararlanaraq UNESCO irs siyahısına birgə fayl təqdim etməkdir. Eyni zamanda türkdilli ölkələrdən biri öz mirasını ayrılıqda təqdim edirsə, digərləri də qurumda buna dəstək verirlər. Məsələn, Özbəkistanın bir neçə nümunəsi dünya irs siyahısına daxil edildibizbunu dəstəklədik. Keçən il isə “Koroğlu” dastanı ilə bağlı Türkmənistanın təqdimatı oldubuna da dəstək verdik. Lakin biz o zaman türkmənlərə dedik ki, bu dastan bizdə də, Orta Asiya xalqlarında da, Azərbaycanda da var. Gəlin, hamımız bir araya gəlib birlikdə təqdim edək. Onlar da razılaşdı, indi nəticəni görmək istərdik. Yaxın günlərdə türkdilli xalqlar olaraq Molla Nəsrəddin (Nəsrəddin xoca) və Koroğlu ilə bağlı UNESCO-ya ortaq sənəd təqdim etmək niyyətindəyik. Bir neçə il öncə Novruz bayramı ilə bağlı təqdimatda türkdilli ölkələr birgə çıxış etdilər. Lavaşla bağlı birgə təqdimat üçün aparırıq və artıq yekunlaşmaq üzrədir.

- UNESCO üzrə Azərbaycan Milli Komissiyası ilə işbirliyiniz hansı səviyyədədir?

- Azərbaycanla münasibətimiz çox yüksək səviyyədədir. “Türkiyə və Azərbaycanda əl sənətlərinin gələcək nəslə ötürülməsində qadının rolu” layihəsini gerçəkləşdirdik. Hər iki ölkənin mütəxəssisləri qarşılıqlı şəkildə bir həftə Azərbaycanda, bir həftə də Türkiyədə çalışdı. Bu yaxınlarda layihəni kitab şəklində çap edəcəyik və seminarını keçirəcəyik. Gözmuncuğunu UNESCO-ya Azərbaycanla ortaq mirasımız kimi təqdim etmək istəyirik. Qeyd etdiyim kimi, gələcəkdə Nəsrəddin xoca, Koroğlu kimi miraslarımızın ortaq faylının hazırlanmasında işbirliyimiz olacaq. Türk dünyasındakı maddi mirasla bağlı mövzular da ola bilər. Məsələn, götürək, İpək Yolu üzərindəki karvansaraları. Bizim ortaq fəaliyyətimiz mümkündür, yetər ki, iradə olsun. Yəni ölkələrimiz rəhbərləri səviyyəsində birgə qərarlar, ortaq niyyət platformamızın da böyüməsinə və güclənməsinə zəmindir. Biz milli komissiya olaraq buna hazırıq.

- Sonuncu dəfə qeyri-maddi irs nümunəsi kimiTürk qəhvəsi” UNESCO siyahısına qəbul edilmişdi. Bu il hansı miras nümunələrinin təqdimatı nəzərdə tutulur?

- Bu il qədim çini sənəti faylımızı hazırlayırıq. Bundan başqa, Qara dəniz bölgəsində “Quş dili” deyə bəlli olan mədəni irsi təqdim etmək istəyirik. Bu, fit vasitəsilə kəlmələrin rahatlıqla deyilməsidir. Bu səsləri təşkil edən bir sistem varbu, Qara dəniz, Giresun bölgəsində geniş şəkildə yayılıb. Bu dil əvvəl telefonların olmadığı vaxtda bir rabitə vasitəsi idi, indi isə mədəni irs olaraq qorunur. Dünya mirası siyahısında bizim 60 mirasımız var. Keçici siyahıda isə daha 70 nümunə var. İşbirliyi halında bunlardan hansı ölkəmizin mənafeyinə xidmət edirsə, onları da təqdim edirik. Türkiyə zəngin mədəni mirası olan ölkədir. Burada zaman-zaman bir çox qədim sivilizasiyaların izi qalıb. Bu səbəbdən çox zəngin mədəniyyətimizi göstərmək istəyirik. Bizim üçün önəmli olan UNESCO-dakı türkdilli ölkələrin platformasında dialoq qurmaq, mədəniyyətlərini bir-birinə yaxınlaşdırmaqdır.

- Türkiyənin UNESCO Milli Komissiyası olaraq qarşıdakı planlarınız nədən ibarətdir?

- Türkiyə bu il UNESCO-da Dünya Miras Komitəsinə sədrlik edir. 10-20 iyulda Dünya Miras Komitəsinin müşahidəçi üzvlər də daxil olmaqla 2 minə yaxın mütəxəssisi İstanbulda bir araya gətirəcəyik. Hazırda Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə ortaq çalışırıq. Hədəfimiz Dünya Miras Komitəsinin toplantısının uğurla keçməsidir. Qeyri-Maddi İrs Komitəsində isə sədr müaviniyik. Bununla da bağlı noyabr ayının sonunda Efiopiyada toplantıya hazırlaşırıq. Bu toplantıda lavaş, Türkiyənin çini sənəti nəzərdən keçiriləcək. Digər bir mövzumuz, təbii ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO milli komissiyalarının platformasıdır. Bununla əlaqədar 9 iyulda İstanbulda bir toplantı keçirməyə hazırlaşırıq. Buraya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Rusiya Federasiyasının TÜRKSOY-a üzv olan respublikaları daxildir. Sentyabr ayında isə Afrika ölkələrini Türkiyəyə dəvət edərək qeyri-maddi irsi müzakirə edəcəyik.

 

Mehparə Sultanova

Ankara

Mədəniyyət.- 2016.- 1 iyul.- S.6.