Tanış olun: "qızdırma"lı
"Bliss ailəsi"
Qəribə ailələrin hər biri... yox, Lev Tolstoyun məşhur ifadəsini nə təkrar edirik, nə də həmin ifadəyə nəzirə qoşuruq. Sadəcə, deyirik ki, qəribə
ailələrin hər
biri özü kimi qəribədir. Məsələn, elə götürək "Bliss ailəsi"ni. Söhbət S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının bu mövsümdə son premyerasından, ingilis dramaturqu Noel Kauardın
"Səna qızdırması"
pyesi əsasında hazırladığı "Bliss ailəsi" ekssentrik komediyasından gedir.
O komediyadan ki, az qala doxsan ildir, bütün
dünyada oynanılır,
əsl klassik ingilis komediyası kimi müxtəlif dillərdə tamaşaya qoyulur.
O komediyadan ki, Rus Dram Teatrı onu Əməkdar artist Rita
Əmirbəyovanın yuvarlaq
rəqəmli doğum
ildönümünə həsr
edib və quruluşçu rejissor, Xalq artisti Aleksandr
Şarovski yubilyarın
ətrafına maraqlı
aktyor heyəti toplamaqla fərqli tamaşa hazırlamağa
nail olub.
Pyesin adı
"Səna qızdırması"dır. XXI əsrdə bu xəstəliyi daha çox pollinoz adı ilə tanıyırlar. Hərçənd
ad dəyişikliyinin fərqi
yoxdur, çünki pyes yazılandan az qala yüz il keçsə
də, bu xəstəliyin mahiyyəti
dəyişməyib. Yəni fəsildən
asılı olaraq, bu xəstəlik təbiətdə hansısa
ağacların çiçəkləməsinə,
onların uçuşan
tozcuqlarına qarşı
allergik reaksiyadır.
Yəni mövsümü gələndə
bundan əziyyət çəkənlərin halı
qarışır, onların
adi həyat tərzi dəyişir, özlərini heç də yaxşı hiss etmirlər.
"Bliss
ailəsi" də hamılıqla, hətta əvvəllər teatrda əlbisəçi işləmiş,
indisə Blisslərin
ev təsərrüfatını
idarə edən Klara (Mədinə Mullayeva) belə, bu allergiyadan əziyyət çəkirlər.
Əslində, Cudit Blissdən
başqa, bu evdə yaşayan hər kəs bu allergiyaya zorən tutulub. Çünki aktrisa Cudit Bliss (Rita Əmirbəyova)
keçən il teatrdan gedib, hətta ailəlikcə Londondan köçüb şəhər
kənarındakı malikanədə
yaşayır və səhnədə paylaşa
bilmədiyi oyunçu
potensialını öz
ailəsində xərcləyir.
Onun yazıçı-dramaturq
əri Devid (Fuad Poladov), rəssam olmaq istəyən, hələlik
yalnız nyu (çılpaq natura) janrında işləyən
və öz əsərlərini evdə
sərgiləyən oğlu
Saymon (Oleq Əmirbəyov), nə işlə məşğul
olunduğu bilinməyən,
amma quracağı ailənin öz doğma ailəsinə bənzəməyini istəməyən
qızı Sorel (əsərdə
bu məqam xüsusi vurğulanmasa da, qızın (Natəvan Hacıyeva) özünə sevgili olaraq seçdiyi oğlanların öz ailəsindəki kişilərdən
yerdən göyədək
fərqlənməsindən bunu anlamaq olur)
dəqiqəbaşı bir
obraza girirlər ki, Cudit səhnəyə
olan mənəvi ehtiyacını ödəyə
bilsin və ən başlıcası,
onların həyatında
başqa oyunlar oynamasın.
"Bliss ailəsi" komediyadır, lakin evdə cəmi bir qonaq otağı
olduğu halda ananın, atanın, oğulun və qızın bir-birindən
xəbərsiz qonaq dəvət etməsi ilə başlayan məzəli situasiyanın
üzərində qurulmuş
əsər ucuz gülüş doğurmur. Hətta ilk baxışda
gülüş doğurmalı
olan hadisələri, atmacaları belə tamaşaçı bir qədər ciddi qarşılayır. Səbəb? Səbəb çoxdur: başı yaradıcılığa
qarışan, ömür
boyu öz sənət karyerasını
daha çox düşünən valideynlər
bir-biri ilə heç yola getməyən iki övlad böyüdüblər
və artıq gənclik dövrünü
yaşayan bu övladlar hər kəsi - analarının pərəstişkarı, dardüşüncəli,
köntöy idmançı
Sendi Trirelli (Teymur Rəhimov), atasının əsərlərini
çox sevən, onun hansısa qəhrəmanı üçün
prototip kimi gördüyü üçün
qonaq çağırdığı
kütbeyin sarışın
Ceki Koritoni (Milana Sokolenko) ciddi qəbul etmir, onları da bu ailədəki
oyunlara alət edərək çaşdırırlar.
Hərçənd elə
özlərinin də
dəvət etdikləri
qonaqlar az
aşın duzu deyillər. Cuditlə az qala düşmən
mövqeyində olan, oğul Blissin dəvətini qəbul edib ata Blissi
yoldan çıxarmağa
həvəs göstərən
cəmiyyət xanımı
Mira Arundel (Lalə Rüstəmova),
Sorelin dəvətini niyə qəbul etdiyini sonadək anlamayan diplomat Riçard Qrehem (Maqsud Məmmədov) də bilmədən Cuditin tükənməyən sənət
eşqinin "qurbanına"
çevrilirlər.
Bu evdə çox
şey qəribədir. Hətta qonaqlar
üçün ayrılmış
otaq da yapon
otağı adlanır.
Elə əsl həngamə də bu otağın
üstündədir. Çünki ailə üzvlərinin hamısı bir-birindən
xəbərsiz həftəsonu
keçirməyə dəvət
etdiyi qonağını
məhz bu otaqda yerləşdirmək
niyyətindədir. Övladlar
anaya istehza edərək, onun gənc pərəstişkarını
bezdirir, ana oğlunun dəvət etdiyi qadınla münasibətin təhlükəli
ola biləcəyini
zənn etdiyindən ondan öz dəvətini
geri çevirməyini
tələb edir, qardaş bacısının
diplomat dostu üçün
ağzına gələni
deyir, növbəti romanının son səhifələrini
yazmaqla məşğul
olan ata isə kimin kimi dəvət etdiyinin fərqinə varmadan məhz öz qonağına lazım olan diqqətin göstərilməsini
tələb edir. Bu məzəli dördlük
o qədər oyunbazlıq
edir ki, hansı qonaq onu kimin dəvət
etdiyindən çaş-baş
qalır. Ailədən heç bir qonaqpərvərlik görməyən
qonaqlar səhər tezdən "ingilissayağı",
yəni sağollaşmadan
Blisslərin malikanəsini
tərk edirlər.
"Bliss ailəsi" tamaşaçını o dövrün
art-deko üslubunun
hakim olduğu, tvistin,
təkbaşına rəqs
etmək imkanı verən digər yeni musiqi janrlarının
meydana çıxdığı
dövrə aparır. Tamaşada
dekorasiyadan, musiqidən
geyimlərədək hər
şey təxminən
doxsan-doxsan beş
il əvvəlki tipik ingilis mühitini
xatırladır. Bundan
ötrü quruluşçu
rəssam Mustafa Mustafayeva,
geyim üzrə rəssam, Əməkdar mədəniyyət işçisi
Olqa Abbasova, rəqslərə quruluş
vermiş Raulya Turkkan və musiqi tərtibatçısı,
Əməkdar mədəniyyət
işçisi Vladimir Neverova
xüsusi təşəkkür
düşür.
Yaxşı, bəs bu əsər nə barədədir? Sadəcə, teatrsız yaşamağı bacarmamaq barədə! Siz necə, teatrsız yaşaya bilirsiniz? Bəs ətrafınızda, ailənizdə sənət eşqi tüğyan edən, özünü səhnəsiz təsəvvür etməyən necə, varmı? Lütfən, onların teatr məhəbbətinə qarşı çıxmayın. Qarşı çıxmayın ki, onlar sizin həyatınızı teatra çevirməsinlər. Siz isə elə teatr salonunda tamaşaçı qismində qalın.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 1 iyul.-
S.7.