Xızıdakı unikal
müalicə mərkəzinin sorağı ilə...
Media qurumları və turizm şirkətləri nümayəndələrinin
rayona press-turu təşkil
olundu
Ölkəmizin turizm potensialının təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq bölgələrə media və infoturlar təşkil edilir. Növbəti belə press-tur iyunun 29-da nazirliyin dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Xızı rayonuna reallaşdı.
Press-turda ölkəmizdə fəaliyyət göstərən bir sıra media qurumları və turizm şirkətlərinin nümayəndələri iştirak edirdi.
Tur ölkə ictimaiyyətini rayonun Altıağac qəsəbəsində yerləşən “Cənnət bağı” hotelinin nəzdində fəaliyyət göstərən “Altay maralı” Sanatoriya tipli Sağlamlıq Mərkəzində həyata keçirilən müalicə üsulları ilə tanış etmək məqsədilə təşkil olunmuşdu.
Media və turizm şirkətlərinin nümayəndələri turun ilk günü sağlamlıq mərkəzi ilə tanış oldular. Məlumat verildi ki, 2015-ci ilin mayından fəaliyyət göstərən mərkəzdə Altaydan gətirilərək təsərrüfatı yaradılan maralların tam sümükləşməmiş buynuzlarından pant vannaları, mikroimalələr və maskalar hazırlanır. Mərkəzdə müasir avadanlıqlar quraşdırılmış 16 vanna otağı fəaliyyət göstərir. Xəstələrin tam müalicə kursu və asudə vaxtlarının maraqlı keçməsi üçün hər cür şərait yaradılıb.
Press-tur çərçivəsində “Azərbaycanda turizmin tarixi və inkişaf meylləri, perspektivləri” mövzusunda dəyirmi masa keçirildi.
“Altay maralı” üsulu ilə müalicənin əhəmiyyəti
Dəyirmi masada Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev son illərdə ölkəmizdə turizm sənayesinin, xüsusilə də sağlamlıq turizminin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışdı.
Bildirdi ki, ilboyu turist qəbul etmək imkanları olan sağlamlıq turizminin daha da inkişaf etdirilməsi üçün Azərbaycanda böyük potensial var: “Ölkəmizdə turizm özünün inkişaf dövrünü yaşayır. Son illər sağlamlıq turizminin inkişafı üçün də böyük addımlar atılır. Yeni, müasir standartlara cavab verən sanatoriyalar, müalicə mərkəzləri istifadəyə verilir. Bu gün tanış olduğumuz sağlamlıq mərkəzi də Azərbaycan üçün ənənəvi olmayan və unikal bir müalicə sahəsidir”.
R.Quliyev qeyd etdi ki, “Altay maralı” üsulu ilə müalicənin ölkəmizdə fəaliyyətə başlaması yerli turistlər üçün həm qiymət, həm də məsafə baxımından daha əlverişlidir.
Sağlamlıq mərkəzinin layihə rəhbəri Araz Qədimzadə çıxış edərək müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycanın dilbər guşələrindən birində yerləşən “Cənnət bağı” istirahət mərkəzinin nəzdində, maralçılıq təsərrüfatı yaradılıb: “2013-cü ildən fəaliyyət göstərən bu təsərrüfatda Altaydan gətirilən xüsusi növ marallar (Cervus Elaphus Sibiricus) bəslənir. Təbiəti Altayın təbiətinə bənzəyən Altıağacda marallara bir neçə hektar meşə zonası ayrılıb və bu füsunkar heyvanların bəslənməsi üçün zəruri olan hər cür şərait mövcuddur. Yaradılan şərait nəticəsində maralların iqlimə uyğunlaşma dövrü uğurla başa çatmışdır”.
A.Qədimzadə qeyd etdi ki, Altay maralının buynuzlarından hazırlanan pant vannaları vasitəsilə müalicə üsulları geniş yayılıb: “Biz də istədik ki, ölkəmizin vətəndaşları elə öz vətənimizdə bu müalicə üsullarından yararlana bilsinlər. Bu məqsədlə “Altay maralı” Sanatoriya tipli Sağlamlıq Mərkəzi 2015-ci ilin may ayından etibarən fəaliyyətə başlayıb”.
Xızı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Möhsün Bağırov rayonda turizmin inkişaf etdirilməsi üçün görülən işlərdən danışdı. Bildirdi ki, əsrarəngiz təbiəti olan Xızıda turizm sahəsinə göstərilən diqqət sayəsində ildən-ilə turist axını artmaqdadır.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov və “Skal İnternational Baku” klubunun vitse-prezidenti Ceyhun Aşurov ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi və xarici turistlərin ölkəmizə cəlb olunması yolları haqqında söhbət açdılar. Qeyd olundu ki, ölkəmizdə müxtəlif turizm növlərində yerli və xarici turistlərin istəklərinə cavab verən yüksək səviyyəli turizm müəssisələri fəaliyyət göstərir.
Sağlamlıq mərkəzinin həkimi Zahir Kərimov burada həyata keçirilən müalicə prosesindən danışdı: “Mərkəzdə Altay marallarının tam sümükləşməmiş buynuzlarından hazırlanan pant vannaları, mikroimalələri və maskaları ilə yanaşı, fitoçəlləklərdə buxar prosedurları və digər xidmətlər göstərilir. Pant vannalarının insan orqanizminə göstərdiyi bir sıra müsbət əlamətlərinə görə məşhurdur. Belə ki, bu vannaların seanslarının qəbulu müasir həyatın geniş yayılmış problemləri və xəstəliklərindən sayılan xroniki yorğunluq sindromunu aradan qaldırır və insanın ruhi-emosional vəziyyətini yaxşılaşdırır. Həmçinin orqanizmdə gedən maddələr mübadiləsinin, metabolik proseslərin intensivliyini artırır və damarlarda mikrosirkulyasiyanı sürətləndirir. Bundan əlavə, mərkəzimizdə sidik-cinsiyyət sistemi xəstəliklərinin, bronxial astmanın, osteoxondrozun və bir sıra dəri xəstəliklərinin müalicəsi həyata keçirilir”.
Press-tur iyunun
30-da yekunlaşdı. Media və turizm şirkətlərinin nümayəndələri
Xızıdan xoş təəssüratlarla ayrıldılar.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 1 iyul.-
S.9.