İstanbulda UNESCO Dünya
İrs Komitəsinin sessiyası keçirilir
Dünya İrs
Siyahısına təqdim olunan nominasiya faylları arasında türk
dünyasına məxsus maddi və təbii
irs nümunələri də var
İyulun
10-da Türkiyənin İstanbul şəhərində
UNESCO-nun Dünya İrs Komitəsinin (World Heritage Committee)
40-cı sessiyası işə başlayıb.
Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin baş məsləhətçisi Təranə Qəmbərova, milli ekspert, memar Rizvan Bayramov, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birinci katibi Gülnarə Ağalarova iştirak edir.
Sessiyanın açılış mərasimi
Türkiyənin Baş naziri
Binəli Yıldırımın videomesajı ilə
başlayıb. Müraciətdə dünyadakı tarixi-mədəni
miras nümunələrinin məhv olma təhlükəsi ilə üzləşdiyi
bir zamanda UNESCO-nun üzərinə məsuliyyətli vəzifənin
düşdüyü vurğulanır.
Mərasimdə Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş, UNESCO-nun baş direktoru İrina Bokova, Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı və digər çıxış edənlər mədəni irsin və tarixi abidələrin bəşəriyyətin ən vacib dəyərlərindən olduğunu və onları birlikdə qorumağın əhəmiyyətini vurğulayıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası 2015-ci ilin 18 noyabrında Dünya İrs Komitəsinə üzv seçilib və sessiyada qəbul ediləcək qərarlara və müzakirə olunacaq məsələlərə münasibət bildirilərkən əsas söz sahibi ölkələrdən biridir.
İyulun 20-dək davam edəcək sessiya çərçivəsində Dünya İrs Siyahısında qeydiyyata alınan dünya üzrə 1031 bölgədən 156-sının qorunma vəziyyəti ilə bağlı hesabatlar nəzərdən keçiriləcək.
Təhlükə altında olan Dünya İrs Siyahısına daxil olan bölgələrin mövcud vəziyyəti də müzakirə olunacaq və Tentativ Siyahıya baxılacaq. Qeyd edək ki, UNESCO yanında Dünya İrs Siyahısına 29 yeni nominasiya faylı təqdim edilib.
Sessiyada quruma üzv dövlətlərin nümayəndələri, UNESCO-nun məşvərətçi orqanlarının rəsmiləri, mədəni və təbii irs üzrə ekspert və alimlər də daxil olmaqla 2 minədək iştirakçı var.
Komitənin sessiyasının ən vacib çağırışlarından biri son illərdə münaqişə regionlarında mədəni irsə qarşı dağıdıcı fəaliyyətlərin pislənilməsi və üzv ölkələrin bu kimi təcavüzkar və vandalizm fəaliyyətlərinin qarşısının alınmasında sıx əməkdaşlıq etməsidir.
Türk Mədəniyyəti və İrsi
Fondunun prezidenti Günay Əfəndiyeva jurnalistlərə
müsahibəsində bildirib ki, sessiyada türk
dünyasına məxsus maddi və təbii
irsin qorunması ilə əlaqədar
yaxın günlərdə mühüm qərarların
qəbul ediləcəyi nəzərdə tutulub.
Onu da qeyd
edək ki, tədbir zamanı türk ney sənətçisi
Kutsi Ergünerə UNESCO-nun
“Sülh naminə incəsənət xadimi” fəxri adı təqdim olunub.
Mədəniyyət.-2016.- 13 iyul.-
S.4.