Turizm sahəsində elektron marketinq fəaliyyəti
Mədəniyyət və Turizm Nazirliyində turizm sahəsində elektron marketinqin həyata keçirilməsi məqsədilə yaradılmış işçi qrup 6 aydan çoxdur ki, fəaliyyət göstərir.
Qrup müvafiq təlimlərə cəlb olunduqdan sonra elektron marketinqin bütün əsas istiqamətləri üzrə prioritetləri əks etdirən strateji plan hazırlamış və plan üzrə təbliğat işlərinin icrasını həyata keçirmişdir. Əsas prioritetləri sosial media marketinqi (SMM), elektron poçt marketinqi (“e-mail marketinq”), elektron məlumat bazalarının yaradılması üzrə tədbirlər təşkil etmişdir. Sosial media marketinqi tədbirləri çərçivəsində əsasən “Facebook”, “İnstagram”, “Pinterest”, “YouTube” şəbəkələrində “Azerbaijan and Travel” adlı rəsmi səhifə vasitəsilə təbliğatın effektivliyini artırmaq üçün media planlar hazırlanmış, keyfiyyətli məzmun paylaşımı təmin edilmişdir.
Hazırda dünyada elektron xəbər bülletenləri e-poçt marketinqi olaraq, rəqəmsal marketinq fəaliyyətinin ən effektiv təbliğat alətlərindən biri hesab edilir. Nazirliyin ilk elektron xəbər bülletenləri dizayn olunmuş və göndərilməyə başlanmışdır.
Digər önəmli fəaliyyət isə qəbul edilmiş biznes kartlardakı mövcud əlaqələr, aidiyyəti üzrə əldə edilmiş əlaqələr və ünvanlar üzrə vahid elektron məlumat bazasının yaradılmasıdır.
Rəsmi turizm portalının yenilənərək texniki, qrafik və məzmun baxımından müasir standartlara uyğunlaşdırılması istiqamətində də davamlı olaraq iş aparılır.
Turizm sahəsində elektron marketinq tədbirlərinin genişlənməsi və müxtəlif ödənişli reklam kampaniyalarından, onlayn müsabiqələrdən, fərqli şəbəkələrdən və digər alətlərdən istifadə etməklə təbliğatın daha da gücləndirilməsi nəzərdə tutulur.
Mədəniyyət.-2016.- 13 iyul.-
S.4.