Azərbaycanlı
tarzən beynəlxalq festivalda
çıxış edib
Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasında “Olonxo torpağında UNESCO şedevrləri ilə görüş” adlı üçüncü beynəlxalq festival keçirilib.
UNESCO-nun təşkilatçılığı ilə 3-cü dəfə təşkil edilən festivalı izləyən tamaşaçılar Rusiya, Azərbaycan, Monqolustan, İspaniya, Çin, Hindistan, Yaponiya, Gürcüstan və Qırğızıstanın ənənəvi mədəniyyəti ilə tanış olmaq imkanı qazanıblar.
Musiqi festivalı çərçivəsində Saxa (Yakutiya) Respublikası Mədəniyyət və Mənəvi İnkişaf Nazirliyinin Q.M.Krivoşapko adına Dövlət Filarmoniyasında Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı tarzən Sahib Paşazadənin konserti olub.
Konsert zamanı azərbaycanlı ifaçını Natalya Bazalevanın dirijorluğu ilə "Symphonica ARTica" simfonik orkestri müşayiət edib. Musiqi gecəsində S.Paşazadənin ifasında "Oxu, tar", "Qaytağı", "Sarı gəlin", "Segah", "Cəngi" və digər milli musiqi və muğam nömrələri təqdim olunub.
Mədəniyyət.-2016.- 13 iyul.-
S.7.