Xəzərin sahilində “İsti günlər”

Jara” Beynəlxalq Musiqi Festivalı unudulmaz anlarla yadda qaldı

 

İyulun 9-10-da Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində ilk dəfə “Jara” (“İsti günlər”) Beynəlxalq Musiqi Festivalı keçirildi. Festival paytaxt musiqisevərlərinə Azərbaycan, Qazaxıstan, Ukrayna və Rusiyanın tanınan, sevilən müğənnilərinin rəngarəng ifaları ilə unudulmaz anlar yaşatdı.

9 iyul, günorta. Festivalın başlanmasına hələ bir neçə saat var. Festivala akkreditə olunmuş jurnalist həmkarlarla möhtəşəm musiqi axşamına hazırlığı müşahidə edirik. Şıltaq xəzrinin müşayiəti ilə Xəzərin sahilində qurulan səhnə. Burada qızğın prosesinin şahidi oluruq. Festivalın yayımlanacağı Rusiyanın “1-ci kanal”ı və Azərbaycan Dövlət Televiziyasının (AzTV) operator və rejissorları ərazi ilə tanış olurlar. Rejissor qrupunun göstərişi ilə müğənnilər növbəylə səhnəyə çıxaraq məşq edirlər. Məşqləri ərazidə yaşayanlar və hoteldə dincələn qonaqlar da rahatca seyr edə bilirlər.

Mətbuat nümayəndələri ilə görüş

Festivalın təşkilatçılarından bəstəkar, müğənni Emin (Ağalarov), Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radionun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov, “A`Studioqrupunun rəhbəri Bayqali Serkibayev, müğənni Filip Kirkorov və başqalarının iştirakı ilə mətbuat konfransı keçirildi.

Emin çıxış edərək festivala verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və ailəsinə, həmçinin tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Qeyd etdi ki, festivalı canlı izləyə bilməyənlər bu möhtəşəm konsertə Rusiyanın “1-ci kanal”ı və AzTV vasitəsilə baxmaq imkanı qazanacaqlar: “Ümumilikdə festivalda 500-dək qonaq iştirak edəcək. İki gün ərzində sizləri Rusiyanın ən yaxşı artistlərinin parlaq musiqi nömrələri və möhtəşəm festival əhvalı gözləyir”.

Emin onu da əlavə etdi ki, tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayırlar. “İsti günlər” festivalı elə planlaşdırılıb ki, ifaçılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar. Düşünürük ki, bu festival hər il keçirilsin. Uzun fasilədən sonra Bakıda belə bir festivalın keçirilməsi böyük maraq yaratdı. Builki proqram iki gün üçün nəzərdə tutulub. Lakin gələn il festivalın daha artıq müddətə keçirilməsini təşkil edə bilərik”.

Sergey Kojevnikov festivalın heç kəsi laqeyd qoymayacağını, musiqiçilərin və artistlərin tamaşaçılara unudulmaz anlar yaşadacaqlarını dedi. Vurğuladı ki, festivala müxtəlif ölkələri təmsil edən iştirakçılar qatılıblar. Bu isə tədbirin mədəni həyatda əlamətdar hadisəyə çevriləcəyini təsdiqləyir. S.Kojevnikov bildirdi ki, festival ən yüksək standartlara uyğun təşkil olunub: “Buna görə də əminik ki, bu dostluq bayramı Rusiyanın və Azərbaycanın mədəni həyatında möhtəşəm və əlamətdar hadisəyə çevriləcək”.

Qriqori Leps festival iştirakçılarına uğurlar arzuladı, hər kəsin festivaldan zövq alacağına ümidvar olduğunu bildirdi. Qazaxıstanlı musiqiçi və bəstəkar Bayqali Serkibayev dedi ki, bu festival hər bir dinləyiciyə hərarət, təbəssüm bəxş edəcək. Dəfələrlə Bakıda konsert verdiklərini diqqətə çatdıran musiqiçi festival zamanı bütün sevilən müğənnilərin Bakıda toplanmasını əlamətdar hadisə kimi dəyərləndirdi.

Filip Kirkorov festivalın ənənəyə çevriləcəyinə ümidvar olduğunu söylədi, “Harada musiqi var, orada sevgidostluq varfikrini vurğuladı.

Mavi əbədiyyət”in yaratdığı coşqu

Budur, Xəzərin küləkli sahili, işıqların sayrışdığı möhtəşəm səhnə. Festival məşhur musiqiçilərin qırmızı xalı üzərindən keçidi ilə başladı. Aparıcı Murad Dadaşov Yana ÇurikovaAndrey Malaxovu səhnəyə dəvət etdifestivalRastqrupunun çıxışı ilə start götürdü.

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, görkəmli müğənni və bəstəkar Polad Bülbüloğlu ifasından öncə dedi: “Azərbaycanın Rusiya Federasiyasındakı səfiri kimi festivala gələn həmkarlarımı, dostlarımı salamlayıram. Biz Xəzəri xeyirxahlıq, dostluq, mehriban qonşuluq dənizi hesab edirik. Mən bu gün Rusiyanın ən məşhur ulduzlarına uğurlar arzulayıram. Azərbaycana xoş gəlmisiniz”.

Festivalın ilk günü Diana, A-DESSA, Katya Lel, Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu, Filip Kirkorov, Aleksandr Revva, Vlad Sokolovski, ArtikAsti dueti, Anita Tsoy, Tomas Nevergreen, “Suxiyeqrupu, Azər Nəsibov, Slava, Loboda, Sati Kazanova, Polina Qaqarina və başqaları bir-birindən maraqlı ifaları ilə iştirakçılara xoş anlar yaşatdılar.

Sonda müğənnilər festivalın himninə çevriləcək “Jara” mahnısını birlikdə ifa etdilər.

Festivalın ikinci günü

Festivalın ilk gününün konsertinin gecəyarıyadək davam etməsinə baxmayaraq, növbəti gün səhər tezdən bütün işçi heyət - rejissorlar, səs operatorları, texniki işçilər, təşkilatçılar, ifaçılar, rəqqaslar başında idilər. Tamaşaçıları daha bir unudulmaz şou gözləyirdi.

İkinci gündə də qırmızı xalının üstündən keçən musiqiçilər, eləcə də festivalın təşkilatçıları pərəstişkarları ilə fotolar çəkdirdilər, jurnalistlərin suallarını cavablandırdılar.

Festivalın ikinci gününün konserti Anna Sedokova və Ciqanın ifası ilə açıldı. Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra tamaşaçıları “Miracle” mahnısı ilə sevindirdi. SonraArsenium”, “Serebro” qrupları, Emil Kadırov, Denis Klyaver, Mitya Fomin, Tünzalə Ağayeva, Stas Mixaylov çıxış etdilər. Daha sonra Emin, Keti Topuriya, Nikolay Baskov, LobodaNastroyeniye AMOR” mahnısını birgə ifa etdilər.

Rusiya estradasının kralı Filip Kirkorov tamaşaçıların qəlbinə həm də Azərbaycan dilində danışması ilə yol tapdı. O, ifa etdiyi mahnının adını da dilimizə tərcümə etdi, rus dilində isə “Bakı, mən sənin uğrunda ölərəm” söylədi. Tamaşaçılar isə Filip Kirkorovla birgə mahnı oxudular.

A`Studioqrupu, Tomas Nevergreen, Yeva Polna, Revva, Valeriya, “A-DESSA”, “Pitsa” qrupları, Ani Lorak, “M BAND”, Lolita, “Band`eros”, Aleksey Vorobyov, Yulianna Karaulova, Narqiz Zakirova, “Vremya i steklodueti, “Buritoqrupu, PotapNastya dueti, Sergey Lazarev, Qriqori Leps, Timati, Nyuşa, Elina Çaqa və başqalarının çıxışları da hərarətlə qarşılandı.

Qriqori Leps, Emin, Nikolay BaskovAleksey Vorobyov dünya şöhrətli müğənni və bəstəkar Müslüm MaqomayevinSinyaya veçnost” mahnısını ifa etdilər.

Aparıcı Yana ÇurikovaJara” festivalının uğurla baş tutduğunu söylədi, bu musiqi bayramının təşkilinə verilən dəstəyə görə Azərbaycan Prezidentinə və xanımına təşəkkürünü bildirdi.

Musiqi bayramı Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla başa çatdı.

Bakıda ilk dəfə keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı ikigünlük işini uğurla tamamlayaraq tarixə qovuşdu. Gələn ilin isti günlərində rəngarəng musiqi sədaları altında görüşmək ümidi ilə...

Mədəniyyət.-2016.- 13 iyul.- S.8-9.