Romantika yaradıcılığımın başlıca özəlliyidir”

“Məncə, bu gün dünyada romantika çatışmır. Əsərlərimdə insanlara bu əhvalı yaşatmaq istəyirəm”

Rusiyada yaşayan soydaşımız, tanınmış rəssam Bayram Salamovun iyulun 5-dən 9-dək Muzey Mərkəzində düzənlənən fərdi sərgisi ötən həftənin diqqətçəkən mədəni hadisələrindən biri oldu. 60-dan çox əsərin təqdim olunduğu sərgi sənətsevərlərdə romantik duyğular yaratdı. Müəlliflə sərginin davam etdiyi günlərdə görüşüb yaradıcılığı haqqında söhbətləşdik.

 

Bayram Salamov 1965-ci ildə Şəkinin Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Rusiyanın Tolyatti şəhərində yaşayır. Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə fərdi sərgiləri olub. Bakıda ilk sərgisi 2014-cü ildə “1969” qalereyasında keçirilib. Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiyaBöyük Britaniyada şəxsi kolleksiyalarda saxlanılır.

Sərgi salonunun girişindən başlayaraq müəlliflə bərabər bir-bir əsərlərə baxırıq. Bir tamaşaçı kimi hər əsərin duyğulandırma, coşdurma gücü olduğunu hiss edirəm. Deyəsən, rəssam qarşısına bu məqsədi qoyub - insanları ilk dəfə baş verirmiş, olurmuş kimi dərindən duyğulandırmaq: “Mən özümü impressionist hesab edirəm. Üstəlik, romantikanı çox sevirəm. Romantika yaradıcılığımın başlıca özəlliyidir. Məncə, bu gün dünyada romantika çatışmır. Bu, əslində mənim həyata münasibətimdir. Əsərlərimdə insanlara romantik əhval yaşatmaq istəyirəm. Onlar əsərlərə hər dəfə baxanda bu duyğunu yaşaya, hiss edə bilsinlər”.

Rəssamın yaradıcılığına xas olan xüsusiyyətlərdən biri də ayrı-ayrı rənglərlə silsilə əsərlər yaratmasıdır. Elə əsərlər var ki, az qala bütünlüklə qırmızı, göy, sarı, mor (bənövşəyi) rənglərlə işlənib. Bunu həmsöhbətim belə izah edir: “Rəng məsələsini yaradıcılığımda dövrlər hesab edirəm. Müxtəlif vaxtlarda ayrı-ayrı rənglərlə işləmişəm. Hər rəngin həyatımda və yaradıcılığımda ayrıca yeri var. Rəng mənim üçün hər şeydir. Bəzən ayrıca bir rənglə fikir və duyğuları elə gözəl ifadə etmək olur ki. Bunun səbəbini izah eləmək çətindir”.

Sərgini gəzdikcə əsasən bir neçə mövzunun üstünlük təşkil etdiyini görürəm. Rəssamın ən sevimli mövzularından biri güllər, ən sevimli janrlarından birinatürmortdur. O, gülləri - özəlliklə qızılgülləri, yasəməni çox çəkir. O qədər çox ki, sevdiyi çiçəklərə sevgisini izhar eləməkdən doymur. Onların sanki canlı olduğunu tamaşaçıya çatdırmaq üçün rəssam rəngləri qalın vurur, bununla da rənglərin təsir gücünü artırır. Rəngləri qalın yaxmaqdan çəkinən rəssamlar da var. Ona görə ki, müəyyən müddətdən sonra rənglər çatlayır və qopur. Müsahibim bunu nəzərə aldığını deyir, üstəlik, öz texnikasını sevdiyini söyləyir: “Yağlı boyanı bir barmaq qalınlığına qədər vurmaq olarçatlamaz. Sadəcə onun texnikasına düzgün əməl etmək gərəkdir. Rəng çömçəsi (rəngi yaxmaq üçün xüsusi alət) ilə işləməyi çox sevirəm. Əsərlərimin çoxunu onunla çəkmişəm. Fırçanın da öz yeri var”.

B.Salamovun yaradıcılığında önəmli yerlərdən birini onun səfərdə olduğu ölkələrdə çəkdiyi əsərlər tutur. Bu əsərlərdə şəhərlər yağışlı, insanlar çətirli təsvir olunub. “Venesiya”, “San-Marko”, “Madrid”, “Dumanlı Amsterdam”, “Venesiya səhəri”, “Bakı haqqında xatirə” bu baxımdan diqqətçəkəndir. Çətir demişkən, rəssamın çətirlə bağlı əsərləri də çoxdur: “Payız kafesi”, “Payız çətirləri”, “Payız, payız”, “Sevənlərin yağışı”, “Yağışın melodiyası”, “Kafe”, “Sevənlərin körpüsü”, “Şəhər və çətirlər” və s.

Şərq motivləri də rəssam üçün doğmadır. Təbii ki, Şərqin romantik obraz və hadisələri. “Şəhrizadın rəqsi”, “Rəqqas”, “Sirr”, “Həvvanın yuxusu”, “Fleytaçı”, “Semiramida”, “Kakos satıcısı”, “Şəhrizadın yuxusu”, “Musa”, “Evə qayıdış” bu sıradandır.

Müsahibim impressionist olsa da, ən çox sevdiyi rəssam Rembrandtdır. Aydındır ki, Rembrandtı əsasən kəskin işıq-kölgə təzadı yaratmaq ustalığına görə sevirlər. Bayram bəyin əsərlərində bu məqam çox gözə dəyir. O da tutqun rənglərlə açıq rənglərin təzadını əsərlərində ustalıqla verməyə çalışır.

Bütün dünyada sərgilər rəssamların həm əsərlərinin satıldığı ünvandır. Rəssam bu istəklə doğma Vətəndə ikinci sərgisini açıb. Əsərlərin qiymətini isə ölkəmizdəki iqtisadi durumla müqayisədə yüksək saymaq olar. Sərgidəki rəsmlərə ən aşağı min, ən yuxarı 10 min manat qiymət qoyulmuşdu.

B.Salamov: “2014-cü ildə Bakıda sərgim oldu. O zaman xeyli əsərim satıldı. Bu sərgiyə ümidliydim, hələ ki, satılmayıb. Belə bir söz var: “Rəsm çəkmək - sənətdir, onu satmaq isə incə sənətdir”. Mən yalnız əsərlərimi satmaqla dolanıram. Başqa gəlir yerim yoxdur. Yaşadığım şəhərdə 100 kvadratmetrlik studiyam var. Ora mənim yerimdir. Həm yaradıcılıqla məşğul oluram, həm insanlar istədikləri vaxt gəlib əsərlərə baxa bilirlər”.

İş prinsipindən söz açdı: “Hər gün işləyirəm, nəsə çəkirəm. Mən belə öyrəşmişəm. Çəkməyəndə darıxıram. Bəzən eyni vaxtda iki əsər üzərində işləyirəm. Birindən yorulanda o birisinə keçirəm. Rəsm çəkəndə hökmən musiqi dinləyirəm, siqaretsiz heç keçinə bilmirəm”.

Bəs rəssamın əsərlərini kimlər alır? Bayram bəy bildirir ki, alıcıları müxtəlif olurlar: “Adam var aylarla pul toplayır ki, rəsm əsəri alsın. Bir başqası evindəki divar kağızına uyğun əsər axtarır. Adam da var ki, sənəti anlayaraq əsər alır. Məsələn, Rusiyadakı kolleksiyaçılardan birində 60-dan çox əsərim var”.

Müsahibim sərgiyə tamaşaçı marağından ümumən razıdır. Deyir ki, gəlirlər, əsərlərə diqqətlə baxırlar, sərginin qonaq dəftərinə ürək sözlərini yazırlar. Tamaşaçı hansı əsərin qarşısında daha çox dayanıb baxırsa, onu yaxşı əsər hesab edirəm.

Bayram Salamov ildə iki sərgi keçirir. Bu il birinci sərgisi yazda Almaniyada baş tutub dediyinə görə, maraqla qarşılanıb. Qarşıda isə rəssam yeni sərgilərə hazırlaşır.

 

S.Qaliboğlu

Mədəniyyət.-2016.- 13 iyul.- S.12.