İncə sənət
əlləri...
Tək elə
çörəyi yox, şan-şöhrəti
də daşdan çıxmış Cəlal
Qaryağdı
Onun əllərinə baxanda öz çağdaşı olan bir şairin bu misralarını da xatırlayırdım: ”İnsanda bütün əzalar - Hamısı ələbaxandı”.
Kələ-kötür materiyalar içində də apaydın, dupduru görünərdi bu daşlar sənətdaşı. O əllər ələ lal-dinməz tişə alanda natiq dillərtək danışardı. Elə dili də əlindən geri qalmırdı.
Döşünə yatan həmsöhbət olanda gözəl mətləblər yonurdu. Bir kərə də, yeri gəldi-gəlmədi, onu “intervü”yə cəlb edən müxbirlərə işarətlə, bizim bostanımıza daş atdı. Sözün şumundan başlayıb orman-xırmanına gəldi. Dedi, siz qələmçilərin çoxu sözə “natürmort” kimi baxır. Əslində, bizim heykəltəraşlıq ilə sizin söztəraşlıq arasında bir yaxınlıq var; bizdə tişə ilə yonulur, sizdə ifadəylə yoğurulur...
Onun bu qəbil söhbətləri məni “böyük incəsənətin böyük incə sənətçisi” kimi obrazlar işlətməyə sövq edər və fikirləşərdim: nə “yaxşı” ki, belələrinin sayı çox olmur, yoxsa bu qeyri-adilik də adiləşər, bir para adamlarda cəm olmuş intəhasız var-dövlət kimi gözdən düşüb, dəyərsizləşərdi. Fikrimdə davam edərdim ki, incəsənət təkcə maddi zinətlərin yox, həm də bütün mənəvi nemətlərin başında duran nadir nəsnə, incəsənətçilər isə bu bəşəri işin peşində duran qadir kimsələrdir. Elə bu iş xüsusi qabiliyyət, ilham, istedad, səbr-cəbr tələb etdiyindən deyilmi ki, istehsalçılarının sayı istehlakçılarınınkından dəfələrlə azdır?! Heykəltəraşlar isə yeganə sənətçilərdir ki, əllərindəki çörək və... sənət “ağacı” qabar məhsulu da yetirir. Deyim ki, onları fərqləndirməkdə yanılmıram; məsələn, bu yazı qəhrəmanının əmisi - yetmiş il qaval döymüş Qaryağdıoğlu Cabbarın və onun bütün həmkarlarının əlləri heç zaman qabar görməyib.
Bu sənətçilərin
“Zaman”ı...
Bu sənət sahəsinin tez-tez dəyişən “arka”, çeşid-çeşid poza, pyedestal pəstah-dəsgahları və hərdən (özündə illər-qərinələr ehtiva etsə də) dəyişib, çox işlərini dərbədər edən Zaman!
Heykəltəraşların illərlə tişələdikləri monumental bir əsər, ötəri bir “inqilab” əsiminin badına gedib...
Bəllidir ki, belə situasiyalarda digər sənətçilərin işi xeyli asandır; zəmanə bəd gəldimi, rəssam hər hansı naqolay işini aradan çıxara, ədib öz “köhnə”lərini yeni “seçilmiş əsərlər”inə salmaya, bəstəkar “dosye”li - simfoniyasını səsləndirməyə bilər. Bəs sənətin bu möhtəşəm “çöl növü”nü - gecə-gündüz kütləvi tamaşaçı-xalq qarşısında ideologiya tərənnümatı saçan “ağır artilleriya”ları neyləyəsən?..
Azərbaycan heykəltəraşlıq məktəbinin banilərindən sayılan Cəlal Qaryağdının bu sənətin formalaşmasında və inkişafında bənzərsiz xidmətləri olub. Heykəltəraşlığın müxtəlif janrlarında (monumental heykəl, portret, büst, qorelyef, barelyef və s.) bir-birindən maraqlı əsərlər yaratmış görkəmli tişə ustası əl qatdığı hər bir əsərdə obrazların son dərəcə plastik - mahiranə-şairanə həllini verə bilib. Onun bir sıra monumental işləri nəsillərin vətəndaşlıq-vətənpərvərlik hisslərinin oyanış və inkişafında müstəsna rol oynamış və oynamaqdadır. Lakin, yaşadığı dövrün ideolojisi bu sənətkarın da yaradıcılığını “ikililik” təfsirinə məruz qoymuşdur. Bunlar bir yana, C.Qaryağdı bir neçə halda həmin ideologiyanın “daxili ikililik” üzü ilə də üzləşməli olub. Onlardan biri günü bu gün də əbədi tamaşaçı nəsillərin gözləri qarşısındadır. Bəli, böyük sənətkarın ən cəlbedici əsərlərindən olan görkəmli yazıçı, maarifçi və dövlət xadimimiz Nəriman Nərimanovun heykəli ilə postamenti arasında elə ilk baxışdan sezilən bir uyğunsuzluq gözə çarpır. Bu haqda bir çox mütəxəssis sözü var ki, onlardan ən yığcamı heykəltəraşın həyat yoldaşı Firəngiz Hüseynovaya məxsus: “O vaxt - abidənin açılışına az qalmış Moskvaya məktub göndərib, azərbaycanlıların Bakıda Kirovun heykəlindən hündür heykəl ucaltmaq istədiklərini xəbər verdilər. Heykəl hazır idi. Tuncdan tökülmüş abidənin kiçildilməsi mümkün deyildi. Ancaq sovet hökuməti Nərimanovun öz xalqına Kirovdan uca nöqtədən baxmasına yol vermədi. Heykəlin postamenti kiçildildi. O zaman Cəlalın bundan nələr çəkdiyini bir Allah bildi, bir də mən...”
Başqalarının
bildiklərindən...
Hələ qatı sovet çağlarında böyük Mirzə Ələkbər Sabirin Elmlər Akademiyası Rəyasət Heyəti binası yanındakı heykəlindən söhbət düşəndə İçərişəhərli bir qoca kir-kinayə ilə gülümsünüb dedi: “Ay tələbə oğul, yəqin bilməzsən, indiki müəllimlər deməz; əvvəl bu heykəl ayaq üstündəydi. Cəlal Qarğaydı aləm bir Sabir yaratmışdı. Heç bir il keçməmiş ayıldılar, elə onun öz əliylə Sabiri də oturtdular!..”
O kişi bu nidadan sonra bəzi mətləblərə də toxundu. Cəlal Qaryağdını şəxsən tanıdığını dedi. Sovet hökumətinin onu qeyri-azərbaycanlı heykəltəraşların ayağına verməsindən danışdı. Ermənilər Moskvaya yazmışdılar ki, Cəlal Ermənistan daşlarından yalnız türk və müsəlman abidələri yonur...
Mənim özüm də çox xatirə danışa bilərəm bu sənətkardan. Amma bu xatirələrin çoxusunun qəzet həcminə sığışmazlığından yana, son söhbətlərimizin birindən kiçik bir “xülasə”.
Həmin vaxt o yenə iş başında idi, dedim, Cəlal müəllim, gəlin bir az da söz tişələyək. Məsələn, qədim sələflərinizdən olan Fərhadın heykəlini də yaratmaq arzunuz olubmu? Dedi, olub, amma heç vaxt heç kimə duyurmamışam. Bilirəm ki, desəm, deyəcəklər olar, amma mütləq, nəsə bir sovet ştrixi, bolşevik çaları ilə...
Söhbətimizin qaçaraq bir dəmində “Nədən bu Qırat, Dürat xalqının paytaxtında bir at heykəli yoxdur?” - deyə soruşanda, o bir xeyli duruxdu. Sonra gen-geniş bir söhbət açdı. Sözünün canı isə bu ki; “...O atla İran-Turana atlanmaq xəyallarımızın qarşısının alınması üçün...”
Və
danışmadıqlarımızdan...
Yəni nüvəsində tər-təmiz - özgür-özümüzlük olan məsələ-mətləblərdən, yaşadığı çox ciddi, “köhnə kişilər” sifətli, mərdlik-mərdanəlik siqlətli şəxsiyyətindən. 15 yaşında Azərbaycan Rəssamlıq Texnikumunu, 20 yaşında Tbilisi Rəssamlıq Akademiyasını bitirən, 22 yaşında mükafata layiq görülən üç büst, beş barelyef yaradan bu sənətkar öz dövründə bütün ictimai rakurslardan görünənlərdən, sayılıb-seçilənlərdən olub. Xan qızı Natəvanın, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, görkəmli ədib, ictimai-siyasi xadim Nəriman Nərimanovun abidələri, dahi Qara Qarayevin, Fikrət Əmirovun büstləri, dillər əzbəri Səməd Vurğunun qəbirüstü abidəsi onun o vaxtkı söhbət və müsahibələrimizdə danışmağa çətinlik çəkdiyi “əsərsiz” əsərlərindən fərqli olaraq, yüzillərlə ucadan və qürurla danışacaqlar. Nizami muzeyinin qərb fasadı lojasındakı monumental işi - Molla Pənah Vaqifin son dərəcə lirik, şairanə heykəli isə, tək elə “Xumar-xumar baxmaq göz qaydasıdır” kimi misralar yox, həm də müqəyyəd “usta-usta yonub-yapmaq ustad əl qaydasıdır!” kimi öygü nidaları da dalğalandırmırmı?..
Tahir Abbaslı
Mədəniyyət.-2016.- 13 iyul.-
S.13.