Türk dünyasının gənc yazıçıları yenə Bakıda bir araya gəliblər

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində türk dünyası gənc yazarlarının növbəti Bakı toplantısı keçirilir.

İyulun 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda toplantının açılış mərasimi keçirilib.

AYB-nin katibi İlqar Fəhmi çıxış edərək türk dünyası gənc yazarlarının Bakı toplantısının əhəmiyyətindən söz açıb, DGTYB-nin reallaşdırdığı layihələri müsbət qiymətləndirib. Bildirib ki, bu layihələr türk dünyası gənc yazarlarının birliyi və yaradıcılıq mübadiləsi baxımından olduqca maraqlıdır.

Milli Məclisin deputatı, şair-publisist Musa Urud tədbirə qatılan gənc yazarları türk dünyasının işıqlı gələcəyi naminə səylərini birləşdirməyə çağırıb, onları Azərbaycanın haqq işi olan Dağlıq Qarabağ problemindən yazmağabu istiqamətdə vahid mövqedən çıxış etməyə səsləyib.

DGTYB-nin sədri Əkbər Qoşalı türk dünyası gənc yazarlarının Bakı toplantısı barədə danışıb. Bildirib ki, iyulun 14-dək davam edəcək tədbirlər çərçivəsində qonaqların öz ölkələrindəki ədəbi vəziyyət, ədəbi işbirliyi imkanları haqqında məlumatları dinləniləcək. Tədbirdə bir qrup iştirakçıya DGTYB ilə fəal əməkdaşlığa görə fəxri fərmanlar təqdim olunub.

Layihə çərçivəsində növbəti tədbir Azərbaycanda Atatürk Mərkəzində təşkil olunub. Mərkəzin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, DGTYB-nin sədri Əkbər Qoşalı, layihənin kuratoru Əfsanə Bayramova çıxış edərək türk dünyası gənc yazarların Bakı toplantısı çərçivəsində keçiriləcək tədbirlərdən söz açıblar. Qeyd edilib ki, tədbirlərə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbriz, Şəki, Gəncə və Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gənc yazarlar, paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri qatılıblar.

Layihənin yekunu olaraq türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri nəzərdə tutulur.

 

Mədəniyyət.-2016.- 13 iyul.- S.15.