Ölkəmizdə
ilk dəfə beynəlxalq dolma festivalı keçirildi
Qoy
dünya görsün
ki, necə zəngin mətbəximiz var
İyulun
1-də Mədəniyyət və Turizm Nazirliyi, Abşeron
Rayon İcra Hakimiyyəti, Milli Kulinariya Mərkəzi və Azərbaycan
Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı
ilə Xırdalan şəhərindəki Neapol
restoranında I Beynəlxalq Dolma Festivalı keçirildi. Tədbirə
ölkəmizdə fəaliyyət göstərən xarici
ölkə səfirliklərinin nümayəndələri də
qatılmışdı. Festival iştirakçıları
Xırdalan şəhərində yerləşən parkda Heydər
Əliyevin abidəsini ziyarət edərək, xatirəsini
hörmətlə andılar.
Festivalda
əvvəlcə yemək nümunələrinə
baxış keçirildi. Burada bölgələrimizdə
bişirilən və müxtəlif çeşiddə
hazırlanan 300-ə qədər növ dolma sərgilənirdi.
Həmçinin Azərbaycanda fəaliyyət göstərən
diplomatik korpusun nümayəndələri tərəfindən
hər ölkənin ənənəsinə uyğun
hazırlanan yeməklər təqdim olunmuşdu. Festivalda hər
birimizə yaxşı tanış olan dolma növlərindən
fərqli olan alma, heyva, zeytun dolması, həmçinin dolma
kababı, dolma şorbasını da görmək olardı.
Qeyd edək ki, festivala respublikanın 24 şəhər və
rayonundan iştirakçılar qatılmışdı. Eyni
zamanda Azərbaycanda fəaliyyət göstərən
İndoneziya və Ukrayna səfirliklərinin aşpazları tərəfindən
hazırlanan dolma çeşidləri də təqdim olunurdu.
Festival qaliblərin mükafatlandırılması
mərasimi ilə davam etdi.
Mərasimdə çıxış edən
mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev festivalın əhəmiyyətindən
danışdı. I Beynəlxalq Dolma Festivalının Abşeronda
keçirilməsinin təsadüfi
olmadığını vurğulayan
Vaqif Əliyev Abşeron bağlarının
öz üzümü
ilə tanındığını
xatırlatdı.
Vaqif Əliyev
bədnam qonşularımızın
Azərbaycan mədəniyyətini,
o cümlədən mətbəx
nümunələrini də
özününküləşdirməyə
çalışdığını qeyd edərək, bütün türk dünyasına məxsus olan lavaş və dolmanın da bu qəsbkarlıqdan
kənarda qalmadığını
vurğuladı. Qeyd etdi ki, biz
min illərdən gələn
və əsrlər boyu daha da
zənginləşən öz
milli, mədəni irsimizi qoruyub, gələcək nəsillərə
çatdırmağa borcluyuq.
Bunun üçün təbliğat
işlərini daha da gücləndirməliyik.
Vurğulandı ki, I Beynəlxalq
Dolma Festivalı da mədəniyyətimizin,
mətbəximizin dünyaya
çatdırılmasında əhəmiyyətli rol oynayacaq.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə
Gülməmmədova çıxış
edərək bildirdi ki, hər bir
xalqın tarixi keçmişi, adət-ənənələri,
yaşadığı coğrafi
ərazi onun milli mətbəxinin formalaşmasına təsir
edən başlıca
amillərdəndir. Bu baxımdan min illərdən
bəri formalaşan, inkişaf edən Azərbaycan mətbəxi
özünün zənginliyi,
dadı-ləzzəti ilə
məşhurdur.
Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov bildirdi ki, festival ölkənin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir. Qeyd etdi ki, bundan əvvəl də müxtəlif mətbəx nümunələrimizə aid festivallar keçirmişik. Çünki bəzən bir bölgədə bişirilən yeməklərdən digər bölgənin xəbəri olmur: Araşdırmalarımız nəticəsində Azərbaycan mətbəxinə aid 300-ə yaxın dolma növünü ortaya çıxarmışıq və bu gün onlar festivalda təqdim olunur. Qoy dünya görsün ki, necə zəngin mətbəximiz var.
Daha sonra qaliblər elan edildi. Mükafatlar 6 nominasiya üzrə
təqdim olundu.
Ən yaxşı
rayon süfrəsi nominasiyasında
I yerə Abşeron,
II yerə Sumqayıt,
Kəlbəcər və
Şamaxı, III yerə
Quba, Xızı, Zəngilan və Xocavənd sahib oldu.
Ən maraqlı
tarixi, qeyri-adi dolma nominasiyasında I yeri Xanədan restoranı (dolma-kabab), II yeri Abşeron (zeytun dolması) və Xaçmaz (lobya dolması), III yeri Qəbələ (şingilim dolma), Şabran (yarma dolması), Nizami (turş kələmdolması)
və Masallı (balqabaq dolması) rayonları tutdu.
Ən yaxşı dolma yarışması üzrə Şuşa
(heyva dolması) birinci, Binəqədi (tərs dolma) və Salyan (boranı dolması) ikinci, İsmayıllı
(gicitkən dolması),
Nərimanov (quyruq dolması), Qubadlı (yarpaq dolması) və Xətai (qoz dolması) rayonları üçüncü
oldu.
Ən çox dolma gətirən rayon nominasiyasında birinci yerə Kəlbəcər,
ikinci yerə Sumqayıt şəhəri,
Ən yaxşı xarici ölkə dolması nominasiyasında
isə birinci yerə İndoneziya, ikinci yerə isə Ukrayna aşpazları çıxdılar.
Ən yaxşı
dolma təqdim edən restoran nominasiyasında Xanədan
və Buta restoranları müvafiq olaraq birinci və ikinci oldular.
Qaliblərə diplom, medal və hədiyyələr təqdim
edildi. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının
kubokları da fərqlənənlərə təqdim
olundu.
Tədbir incəsənət ustalarının
konsert proqramı ilə başa çatdı.
Fariz Hüseynov
Mədəniyyət.-2016.- 6 iyul.-
S. 9.