Rusiyada yaşayan soydaşımızın Bakıda fərdi sərgisi

İyulun 5-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış rəssam Bayram Salamovun fərdi rəsm sərgisi açılıb.

Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov və Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov rəssamın yaradıcılığından, sərginin əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, sərgidə nümayiş olunan 60-dək sənət əsəri müxtəlif mövzuları əhatə etməklə yanaşı, həm də rəssamın sənətə olan sevgisinin bariz nümunəsidir. İncəsənət, gözəllik, humanizm, insansevərlik mövzularında əsərlər rəssamın uzun illər səy göstərdiyi yorulmaz əməyinin bəhrəsidir. Diqqətə çatdırılıb ki, fırça ustasının emosional hisslərin rənglərlə ifadəsini yüksək sənətkarlıqla canlandırdığı sərgidə yer alan bütün əsərləri impressionist üslubda işlənib.

Bayram Salamov çıxış edərək sərginin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Bayram Salamov 1965-ci ildə Şəkinin Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Rusiyanın Tolyatti şəhərində yaşayır. Bayram Salamovun Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) digər şəhərlərdə 20-dək fərdi sərgisi olub.

2013-cü ildə Samara vilayətində Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş Azərbaycan mədəniyyəti günləri zamanı rəssamHamımız - bir tarixin övladlarıyıqadlı fərdi sərgisini təqdim edib. Bakıda ilk sərgisi 2014-cü ildə “1969” qalereyasında təşkil edilib. Yaradıcılığı çoxşaxəlidir, işlədiyi istənilən janrda (mənzərə, natürmort, süjetli kompozisiya, portret) özünəməxsus tərzi həmişə özünü göstərir.

Soydaşımız Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.

Rəssamın Muzey Mərkəzində sərgisi iyulun 9-dək davam edəcək.

Lalə

Mədəniyyət.-2016.- 6 iyul.- S.2.