Xoş gəldin, «Müfəttiş»,

yaxud şəhərdə tərbiyəsi pozulan gəncin sərgüzəşti

 

Nə vaxtdır ki, mədəniyyət yeniliklərinin arasından bir xəbər baş qaldırırdı ki, bəs Akademik Milli Dram Teatrında Qoqolun «Müfəttiş» komediyası tamaşaya qoyulur.

Düzü, «Müfəttiş» elə əsərlərdəndir ki, hətta ən vasvası, ən inkarçı və ya avanqard ruhlu tamaşaçı bu xəbəri eşidincə «indi «Müfəttiş» vaxtıdır, başqa bir müasir əsər tapmırlar?» deməyəcək. Çünki təxminən 180 il əvvəl böyük rus yazıçısı və dramaturqu Nikolay Vasilyeviç Qoqol bu pyesdə elə bir mövzuya toxunub ki, bütün dövrlərdə və bütün xalqlarda rüşvətxorluq olduqca aktuallığını itirməyəcək.

Üstəlik, teatrdan verilən xəbərlərdə o da vurğulanırdı ki, bu əsər Xalq artisti Rafael Dadaşovun yubileyi münasibətilə tamaşaya qoyulur. Görkəmli aktyor tamaşada Anton Antonoviç Skvoznik-Dmuxanovski - bələdiyyə rəisi rolunda çıxış edəcək. Lakin tamaşa hazırlananda məlum oldu ki, tamaşadakı əksər obrazların iki ifaçısı varAnton Antonoviçistisna deyil. İş elə gətirdi ki, biz ikinci premyeraya baxdıq və yubilyarın birinci tamaşadakı ifası barədə teatrsevərlərdən yalnız xoş sözlər eşitdik. İkinci tamaşada Xalq artisti Ramiz Novruzun yaratdığı Anton Antonoviçi barədə də bu sözləri bəri başdan deyə bilərik.

Əvvəlcə, tamaşanın ümumi konsepsiyası barədə. «Müfəttiş» gənc rejissor Mikayıl Mikayılovun bu teatrda ilk işi deyil və nə yaxşı ki, bu vaxta kimi quruluş verdiyi tamaşalardan daha mükəmməldir.

Akademik teatrın çox yaxşı texniki imkanları, rekvizit bazası var, üstəlik, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. Yəni quruluşçu rejissor ilə quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu istəsəydilər ki, bərbad mehmanxananın da, Anton Antonoviçin zəngin evinininteryerini səhnəyə çıxara bilərdilər. Bu tamaşanın əsas yükü, seyrçiyə ünvanlanan ismarışı aktyor oyununun üstündə cəmləşib.

Pərdə açılarkən tamaşaçı səhnə boyu ən müxtəlif ölçülü çərçivələrin asıldığını görür. Ani olaraq «dünya bir pəncərədir, hər gələn baxar, gedər» deyimi ağıldan keçir, amma hadisələr cərəyan etdikcə məlum olur ki, bu çərçivələr səhnədə baş verənləri arxadakı zülmət boşluqdan ayırmaq üçündür. Həm də obrazların hərəsinin öz çərçivəsi var. Sadəcə, dərd ondadır ki, bu komediyanın heç bir qəhrəmanı portreti çərçivəyə salınacaq kəs deyil. Üstəlik, tamaşanın lap əvvəlində və sonunda Xlestakov (Əməkdar artist Elşən Cəbrayılov) Qoqolun qrimində ən yuxarı çərçivədə bir anlıq görünür. Əvvəldə səhnəyə baxıb xaç çevirən müəllif, sonda bir növ hər kəslə vidalaşır. Müəllifin kölgəsi çəkilən kimi həmin çərçivədə əyribuynuzlu, donuzburun Şeytan peyda olur. Quruluşçu rejissor əsərlərinin əksəriyyəti kimi həyatı və ölümü mistika və müəmmalarla dolu Qoqolu tələsik Şeytanla əvəzləyir. Elə qara bürüncəkli adamlar - bu şəhərin rüşvətxor, işini yarıtmaz məmur ordusu Şeytanın nəzərləri altında, fonda səslənən kilsə zəngləri kəsilməmiş səhnəyə daxil olurlar. Əsl həngamə elə bu zaman başlayır. Buradan sonrası elə dramaturqun yazdığı kimi davam edir. Diqqətcil və yaxşı bələd olduğu əsərin növbəti quruluşunda bildiklərinin necə göstəriləcəyini gözləyən tamaşaçı üçün ən maraqlı hissə başlayır. Tamaşanın ismarışı bəllidir. 180 il əvvəl Qoqolun təsvir etdiyi əhvalat, Qoqolun anadan olmasının 100 illiyi münasibətilə böyük Mirzə Cəlilin «bu gün «Müfəttiş» pyesinə baxarkən bizim qəzalara müfəttiş gəldiyini zənn edirsən» fikri ilə verdiyi dəyər, təəssüf ki, hələ də qüvvədədir. Quruluşçu rejissor rüşvətxor, işlərini bilməyən məmurların (məhkəmə sədri Lyapkin-Tyapkinin stolunun üstündəki sənədlərdən baş çıxarmaması buna sübutdur) üzünü göstərir.

Demək olmaz ki, tamaşada rol alan aktyorların hamısı uğurlu ifası ilə yadda qalır. Amma uğurlu obraz yaradanlar az deyil. Məsələn, illər öncə İ.Şıxlının «Ölüləri qəbiristanlıqda basdırın» əsərinin tamaşasında Cavanşir rolu ilə yaddaşlarda qalansonralar elə bir parlaq ifasını xatırlamadığım Rövşən Kərimduxtun Lyapkin-Tyapkini aktyorun ən müxtəlif rolların öhdəsindən gələ bildiyini göstərir.

Ahıl bələdiyyə rəisinin bekarçılıqdan macəra axtaran cavan arvadı rolunda çıxış edən Əməkdar artist Şəlalə Şahvələdqızının Anna Andreyevnası hər şeyi hamıdan tez bilməyə can atan, nökər-qarabaşa gün verməyən hikkəli qadındır. Onun Peterburqdan gələn müfəttişin diqqətini cəlb etmək uğrunda qızının belə yolunu kəsməyə hazır olması acı gülüş doğurur. Müfəttişin qarşılanması mərasimində «Sonalar gölü» baletinin musiqi sədaları altında səhnəyə çıxan, guya balet nömrəsi nümayiş etdirən ana-qız OdettaOdilliya kimi Xlestakovun rəğbəti uğrunda mübarizəyə də başlayırlar. Arvadının bu hoqqabazlığından heyrətlənən Anton Antonoviç zövcəsini «bir az başdanxarab» kimi təqdim etsə də, bu özününümayişi qonağa ehtiram kimi qələmə verir. Aktrisa isə Anna Andreyevnanın paytaxtda yaşayan cavan oğlanla eşqbazlığa həvəsini əsaslandırmağı bacarır.

Ramiz Novruz öz obrazını improvizələrlə çatdırmağa həvəs göstərən, hətta mətnə əlavələr etməyi xoşlayan aktyordur. Hələ ilk tamaşada arxasında zibillik yaranmış hasarın üstünə «müvəqqəti narahatlıq üçün üzr istəyirik» sözlərinin yazılması tapşırığını verməklə gülüş doğuran Anton Antonoviç Xlestakovun elçiliyi zamanı canfəşanlığı, gələcək kürəkəninin sayəsində Peterburqda general olacağı perspektivi ilə lovğalanaraq anladır ki, o, məhz Peterburqdakı əlaqələrinin sayəsində vəzifəyə yüksəlib. Anton Antonoviç o qədər çirkaba batıb ki, sadəcə, geyimindən və ədasından paytaxt adamına oxşayan Xlestakovdan nə sənəd istəyir, nə də onun barəsində ətraflı məlumat toplamağa cəhd edir.

Əməkdar artist Elşən Cəbrayılov bəlkə də indiyədək öz sənət karyerasında ən mükəmməl obrazlardan birini yaradıb. Əsasən rus filmteatr tamaşalarında gördüyüm Xlestakovların əksəriyyəti onu yalnız yalançı və avara kimi təqdim ediblər. Halbuki Xlestakov imkanlı kəndli ailəsində doğulub, iri şəhərlərə can atan, amma şəhərliləşmək anlayışını tərsindən anladığından tərbiyəsi pozulan əyalət cavanlarının tipik nümunəsidir. O, xüsusən də ilk səhnələrdə bunu öz jestləri, mehmanxana xidmətçisinin gətirdiyi köhnə və dadsız yeməkləri yeməyə məcbur ikən göstərməyə nail olur. Aktyorun guya şeir dediyi, ara-sıra imperator sarayına getməsi, Peterburq kübar cəmiyyətindəki mövqeyi, Puşkinlə dostluğu barədə uydurmalarına heyrət və heyranlıq dolu münasibəti düzgün qiymətləndirməsi, baş verənləri plastika və mimikanın köməyi ilə çatdıra bilməsi onun uğuru sayılmalıdır. Beləcə, Xlestakova baxırsan və düşünürsən ki, əgər bu cavan oğlan savadını və fantaziyasını düzgün istiqamətləndirsəydi, yəqin ki, ondan ən azı, əsl müfəttiş çıxardı.

Əslində bu mühitdə bir-iki kitab oxuduğuna görə digər obrazlardan fərqlənən, Xlestakovun yalan danışdığını göstərməkdən çəkinməyən bir nəfər var - bələdiyyə rəisinin qızı Mariya Antonovna. Gənc aktrisa İlahə Həsənovanın Mariyasını da uğurlu ifa saymaq olar. Xlestakovun öz adına çıxdığı əsəri başqasının yazdığını deyən Maşa bununla həm özünün hər kəsdən daha məlumatlı olduğunu göstərməyə, həm də qonağı qızına rəqiblik etməyə hazır anasının gözündən salmağa çalışır. Amma nə edəsən ki, babat adaxlı qıtlığı mühitində sənə saray balları, əsl kübar cəmiyyət vəd edən göydəndüşmə adaxlıdan keçmək hər qızın hünəri deyilMaşa istisna deyil.

 

«Müfəttiş» əsəri səhnədən cəmiyyətə ünvanlanan kifayət qədər açıq mesajlı komediyadır. Üstəlik, bu əsəri səhnəyə qoymaq iddiasında olan rejissor öz münasibətini çatdıra bilirsə, bu, artıq uğur deməkdir. Buna görə də Milli Dram Teatrının repertuarının daha bir maraqlı yozumlu tamaşa ilə zənginləşdiyini demək olar.

 

Gülcahan Mirməmməd

Mədəniyyət.-2016.- 6 iyul.- S.6.

 

P.S. Tamaşanın əvvəlində səhnədəki personajlara baxaraq xaç çəkən Qoqolun bu jestini sonda maraqlı tamaşa hazırlamış yaradıcı heyətə müəllifin xeyir-duası kimi də qəbul etmək olar. Bizcə də, Qoqol bu quruluşu bəyənərdi!