Azərbaycan BMT-nin bütün qurumları ilə sıx əməkdaşlıq edir

Mədəniyyət və turizm naziri BMT-nin baş katibininUNİCEF-in icraçı direktorunun müavinləri ilə görüşüb

Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorka səfəri gedişində BMT rəsmiləri ilə bir sıra görüşlər keçirib.

Nazirin BMT-nin baş katibinin müavini Yan Eliassonla görüşündə ölkəmizin qurumla əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

Y.Eliasson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə may ayında İstanbulda humanitar məsələlərə dair Dünya Sammitində görüşünü xatırladaraq ölkəmizin BMT üçün əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə bu ilin aprelində Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçirilməsi və Azərbaycanın dünyada multikulturalizm və mədəni müxtəliflik baxımından nümunəvi ölkə olaraq BMT-də əhəmiyyətli rol oynaması qeyd olunub.

BMT-nin baş katibinin müavini Azərbaycanı sentyabrda keçiriləcək tədbirə dəvət edib və ölkəmizin mədəniyyətlərarası dialoq təcrübəsini BMT-yə üzv ölkələrlə bölüşməyi təklif edib.

Öz növbəsində nazir BMT institutları olan UNESCO, UNİCEF, UNWTO, UNAOC ilə əməkdaşlığın və keçirilmiş görüşlərin əhəmiyyəti barədə məlumat verib. Söhbət zamanı gənclərin və mədəniyyətin qlobal təhlükəsizlik məsələlərində əhəmiyyəti xüsusi vurğulanıb.

Əbülfəs Qarayev BMT-nin baş katibinin müavininə mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi və 2017-ci ildə keçiriləcək 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək, onu həmin tədbirə dəvət edib.

* * *

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT Uşaq Fondunun - UNİCEF-in icraçı direktorunun müavini Castin Forsayt ilə də görüşüb. Görüşdə Azərbaycanın qurumla əlaqələrinin tarixi inkişafı və ölkəmizin uşaqlar və gənclərlə bağlı siyasəti, ailə dəyərləri və UNİCEF-in bu istiqamətlərdə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Əbülfəs Qarayev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz doğma yurdlarından zorla qovulmuş insanların ailə vəziyyəti, xüsusilə də uşaqların mədəni özünüifadə hüquqlarının bu təcavüz nəticəsində məhdudlaşdırıldığını diqqətə çatdıraraq qaçqın və məcburi köçkün uşaqların hüquqlarının müdafiəsi ilə bağlı birgə layihələrin həyata keçirilməsini təklif edib. Həmçinin Azərbaycanın təşkil etdiyi tədbirlərdə, xüsusilə Dünya Mədəniyyətlərarası Dialoq forumlarında mədəniyyətlərarası dialoq sahəsində uşaqların sülhə çağırış mesajlarına yer ayrıldığı, mədəni proqramlar təşkil edildiyi diqqətə çatdırılıb.

UNİCEF rəsmisi öz növbəsində Azərbaycanla əməkdaşlıq səviyyəsindən məmnun olduğunu deyərək, qeyd edilən istiqamətlərdə birgə işləməyə hazır olduqlarını və yeni təyin olunmuş UNİCEF nümayəndəsinin bu məsələlərdə öz töhfələrini verəcəyinə əmin olduğunu bildirib.

 

Mədəniyyət.-2016.- 6 iyul.- S.3.