Mədəniyyət
sektorunun idarə olunmasının modernləşdirilməsi
Tvinninq layihəsi çərçivəsində
dəyirmi masa keçirilib
“Mədəniyyət sektorunun
siyasəti və idarə olunması sisteminin
modernləşdirilməsində Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinə dəstək” adlı tvinninq
layihəsi çərçivəsində iyunun
29-da Azərbaycan Milli Kitabxanasında dəyirmi
masa keçirilib.
Nazirliyin dəstəyi ilə gerçəkləşən tədbirin məqsədi ölkənin mədəniyyət sisteminə dair faydalı məlumatları toplamaq, mədəniyyət sektoru iştirakçılarının rol və fəaliyyətləri ilə tanış olmaq, onlar arasında münasibətlərə dair fikir-mübadiləsi aparmaq, Azərbaycan Respublikasının mədəniyyət sektorunda həllə ehtiyacı olan mövcud çətinlikləri müəyyənləşdirmək idi.
Dəyirmi masa layihənin yerli müşaviri Alessandro Biankinin və nazirliyin əməkdaşı Ramil Abbəkirovun çıxışları ilə başlayıb. İnteraktiv iclasın moderatorları isə italyan mütəxəssisləri Mikela Diadato və Eliza Petruççi idi.
Görüşə ölkəmizdə mədəniyyət sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların və qurumların nümayəndələri qatılmışdı. Görüşdən əldə olunan məlumatlar layihənin təhlil mərhələsinin yekunlaşdırılması üçün istifadə olunacaq.
Qeyd edək ki,
Mədəniyyət və Turizm Nazirliyinin Avropa
İttifaqı ilə birgə yeni tvinninq layihəsinin rəsmi təqdimatı bu ilin martında olub. Layihənin məqsədi Azərbaycanın
mədəniyyət sektorunda hüquqi baza və idarəetmə
sisteminin müasirləşdirilməsinə
töhfə verməkdir. Layihə iki əsas komponentdən ibarətdir: mədəniyyət
sektorunun idarə olunması üzrə islahatlar (ümumi strukturun, qanunvericilik
bazasının və işçi
potensialının yenidən nəzərdən keçirilməsi
və təkmilləşdirilməsi) və qeyri-maddi
və maddi mədəni irsin
idarə olunmasının institusional
inkişafı (qeyri-maddi və maddi irsin, muzeylər və kitabxanaların, eləcə də
mədəniyyət evləri və mədəniyyət mərkəzlərinin
müasirləşdirilməsi, bir-biri ilə
sıx əlaqə şəraitində fəaliyyət
imkanının yaradılması). 24 ay
müddətində İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi ilə bu iki istiqamətdə işləyəcək.
Mədəniyyət.-2016.- 6 iyul.-
S.5.