Şəkidə növbəti “İpək yolu” festivalı tarixə qovuşdu

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27 iyun - 1 iyul tarixlərində Şəkidə “İpək yolu” VII Beynəlxalq Musiqi Festivalı keçirilib. Festival iştirakçılarından TÜRKSOY-un Xalq çalğı alətləri orkestri, Türkiyənin “Şimdi” ansamblı və Anadolu Türk Xalq Mahnı və Rəqs Ansamblının, eləcə də Yaponiyanın “Va-Liqa” ansamblı və Gəncə Dövlət Filarmoniyasının konsertlərindən ötən saylarımızda bəhs etmişdik.

“Təbriz”dən “Sizə salam gətirmişəm”

Musiqi festivalının dördüncü günü rəngarəng konsert proqramları estafetini İrandan gəlmiş kollektiv - “Təbriz” instrumental ansamblı davam etdirib.

XVII əsrin tarixi-memarlıq abidəsi olan “Yuxarı Karvansaraymehmanxana-kompleksinin həyətində keçirilən konsertin əvvəlində kollektiv barədə məlumat verilib.

Bildirilib ki, “İpək yolu” festivalına ilk dəfə qatılan “Təbriz” instrumental ansamblı 15 ildir fəaliyyət göstərir. Bu illər ərzində ansambl İranın müxtəlif bölgələrində uğurla çıxış edib, tamaşaçı rəğbəti qazanıb. Ansambl uzun müddətdir tanınmış xanəndə Ramin Qəznəvi ilə əməkdaşlıq edir. İranda müxtəlif festival və müsabiqələrin laureatı olan Ramin Qəznəvi instrumental heyətlə birgə bir çox ölkələrdə, o cümlədən İsveç, Almaniya, Danimarka, Türkiyədə konsert proqramları ilə çıxış edib.

“Sizə salam gətirmişəm” mahnısı ilə başlanan konsert proqramı tamaşaçılarda böyük maraq doğurub və alqışlarla qarşılanıb.

Şəki ilə bağlı yeni kitabların təqdimatı

“İpək yolu” festivalı çərçivəsində iyunun 30-da Şəki xanları sarayının həyətində “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı və “Zirvə” instrumental ansamblının konserti olub.

Tədbiri festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə açaraq kitablar haqqında məlumat verib. Qeyd olunub ki, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının müəllifi olduğu kitablarda Şəkinin tarixi, mədəniyyəti, folkloru və ifaçıları haqqında ətraflı söz açılır.

TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı artıq yeddinci dəfədir keçirilən Şəki “İpək yolu” festivalının proqramının ildən-ilə zənginləşdiyini, daha da maraqlı olduğunu vurğulayıb.

 

 

 

 

Müəllif Səadət Təhmirazqızı çıxış edərək, belə bir mötəbər musiqi bayramında kitablarının təqdimatının keçirilməsinə görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları Şəkinin “Zirvə” instrumental ansamblının konsertini izləyiblər.

Respublikamızın tanınmış musiqi kollektivlərindən olan ansambl 1972-ci ildə yaradılıb. Kollektiv ötən əsrin 70-ci illərindən başlayaraq respublikamızda, həmçinin keçmiş SSRİ-nin müxtəlif şəhərlərində konsertlər verib, festivalların iştirakçısı olub. Televiziyaxalq yaradıcılığına həsr olunmuş müsabiqələrin laureatı olan “Zirvə” ansamblı 1996-cı ildə Türkiyənin Eşmə şəhərində “Sənət və kilim” festivalında respublikamızı təmsil edib.

Ansamblın solistlərinin təqdim etdikləri bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

“Belə mötəbər festivalda iştirak etməyimdən məmnunam”

İyulun 1-də festival çərçivəsində Şəki xanları sarayının həyətində Xalq artisti, professor Ağaverdi Paşayevlə görüş olub.

Bildirilib ki, tədbir Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Xalq Çalğı Alətləri Orkestrinin 80 illiyinə həsr olunur.

Məlumat verilib ki, Ağaverdi Paşayev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1978-ci ildə bu tədris ocağında pedaqoji fəaliyyətə başlayıb. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu kafedrasının müdiriprofessoru, eyni zamanda F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, həmçinin kollektivin nəzdində yaradılmış Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijorudur.

Sənətkar “Humaymilli mükafatına, İranda beynəlxalq “Qızıl çəng” mükafatına layiq görülüb.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Ağaverdi Paşayevin həyat və yaradıcılığından bəhs edən “Sənətə bağlı ömür” kitabının müəllifi Səadət Təhmirazqızı və TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı çıxış edərək, görkəmli sənət adamının Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərindən danışıblar.

Professor Ağaverdi Paşayev çıxış edərək, belə bir mötəbər festivalda növbəti dəfə iştirak etməyindən məmnun qaldığını bildirib. Qeyd edib ki, Azərbaycanın qədim diyarlarından olan Şəkidə keçirilən “İpək yolu” VII Beynəlxalq Musiqi Festivalı tarixə çevriləcək və həmişəlik yaddaşlarda qalacaq. Ənənə halını alan “İpək yolu” festivalı xalqları bir-birinə yaxınlaşdırır.

Sonra Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında qısa konsert proqramı ilə çıxış edib.

Təntənəli bağlanış mərasimi

Beş gün davam edən və izləyicilərə - şəhərin qonaqlarına, yerli sakinlərə bir-birindən maraqlı konsert proqramları təqdim edən “İpək yolu” VII Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi iyulun 1-də Şəki şəhərindəki Yay teatrında keçirilib.

Tədbirdə Xalq artisti, professor Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib.

Festivalın yekun konsertinin proqramında Üzeyir Hacıbəylinin “Çahargah fantaziyası”, “Koroğlu” operasından “Qızlar rəqsi”, “Cəngi”, Tofiq Quliyevin “Qaytağı”, Fikrət Əmirovun “Kürd ovşarı” simfonik muğamından fraqment, Hacı Xanməmmədovun Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi “Yenə o bağ olaydı” və digər bəstəkar mahnıları, rəqslər yer alıb.

Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, UNESCO-nunSülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə çıxış edərək festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə şəhər rəhbərliyinə, şəkililərə təşəkkürünü bildirib.

F.Əlizadə festivalda TÜRKSOY-un Beynəlxalq Xalq Çalğı Alətləri Orkestrinin çıxışını xüsusi vurğulayıb: “Bu, bənzəri olmayan bir hadisədir ki, bir konsertdə 11 xalqın, millətin nümayəndələri çıxış etsinlər. Onların milli kostyumları, milli çalğı alətləri, milli melodiyaları hamımızı valeh etdi”.

Festivalda Yaponiyaİran ansambllarının konsertlərinin də yüksək səviyyədə keçdiyini bildirən ABİ-nin sədri deyib: “Bütün bu konsertlər tacın bir inciləri kimi düzüldülər və yeddinci festivalın mənzərəsini yaratdılar. Beləliklə, “İpək yolu” VII Beynəlxalq Musiqi Festivalı da tarixə yazıldı”.

Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “İpək yolu” festivalının keçirilməsində əməyi olan bütün qurumlara minnətdarlığını bildirib.

Sonda kollektivin bədii rəhbəri Ağaverdi Paşayevə və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə İcra Hakimiyyəti adından festivalın rəmzi simvolu və xatirə hədiyyələri təqdim olunub.

Bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.

Mədəniyyət .-2016.- 6 iyul.- S.8.