“Açıq kitabxana”ya istənilən vaxt gələ bilərsiniz
Milli Kitabxana yeni layihəyə start verir
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin yaxın günlərdə təqdimatı keçiriləcək.
Milli Kitabxanadan bildirilib ki, layihəyə əsasən kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında günün 24 saatı ərzində oxucular və bütün vətəndaşlar üçün sərbəst mütaliə guşəsi yaradılacaq. Guşədə kitabsevərlər yazıçı və şairlər, ziyalı və alimlər tərəfindən kitabxanaya təqdim olunan kitablarla yaxından tanış ola biləcəklər.
Eyni zamanda açıq kitabxanada “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsi də fəaliyyət göstərəcək. Burada hər bir vətəndaş artıq özünün mütaliə etdiyi kitabı gətirərək həmin guşəyə təhvil verə və əvəzində oxumadığı kitabı apararaq özünün iş və yaşayış yerində mütaliə etmək imkanı qazanacaq. Bundan əlavə, kitab guşəsinə müraciət edən hər bir kəs artıq onun mütaliə etdiyi və ona lazım olmayan kitabların başqa şəxslər tərəfindən də mütaliə olunmasına şərait yaradacaq. Layihə çərçivəsində açıq səma altında poeziya gecələri, mütaliə axşamları, yazıçı və şairlərlə görüşlər, yeni kitabların təqdimat mərasimləri də təşkil olunacaq.
Həmçinin kitab satış yerləri də yaradılacaq. İstənilən müəllif özünün yeni çap olunan kitabını satış üçün açıq kitabxanaya təqdim edərək müəyyən müddətdən sonra satılan kitablarının dəyərini geri ala biləcək. Guşədə Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap olunan istənilən kitabı onlayn sifariş etmək mümkün olacaq. Eləcə də uşaq guşəsi, dövri mətbuat bölməsi və milli musiqi guşələri təşkil olunacaq.
Bir sözlə,
“Açıq kitabxana” oxucularla
müəlliflərin, ümumilikdə kitabsevərlərin,
mütaliə həvəskarlarının maraqlı görüş yerinə çevriləcək
Mədəniyyət.-2016.- 6 iyul.-
S.10.