“Rənglərin səyahəti”nin
növbəti dayanacağı Budapeşt oldu
"Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi neçə ildir ki, Azərbaycan mədəniyyətini, Qarabağ həqiqətlərini dünyaya tanıtmaq məqsədilə layihələr həyata keçirir. Xəbər verdiyimiz kimi, qurum iyunun 20-dən 26-dək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Rənglərin səyahəti: Bakı-Budapeşt" adlı növbəti sərgini reallaşdırıb.
İyulun 1-də Azərbaycan Dillər Universitetinin “Amerika mərkəzi”ndə keçirilən təqdimatda bu barədə söhbət açıldı.
İctimai birliyin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva Azərbaycanın gənc xanım rəssamlarının Macarıstan paytaxtında keçirilən sərgisi barədə məlumat verdi. Bildirdi ki, sərgi Budapeşt ictimaiyyətini ölkəmizin mədəniyyəti, tarixi, təbiəti ilə tanış etmək, Dağlıq Qarabağ həqiqətlərindən söz açmaq, Ermənistanın işğalı nəticəsində baş verən faciələri bir daha diqqətə çatdırmaq məqsədi daşıyırdı. Şəhərdəki "Helia" hotelində açılan sərginin ziyarətçilərinə Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar, Azərbaycan musiqisindən ibarət disklər də təqdim edilib.
"Rənglərin səyahəti: Bakı-Budapeşt" sərgisində Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərləri nümayiş olunub.
Təqdimatda sərgi günlərində lentə
alınmış videomaterial nümayiş etdirildi. Videomaterialda Azərbaycanın
Macarıstandakı səfiri Vilayət Quliyevin,
Türkiyənin həmin ölkədəki səfiri Şakir Fakılının, diplomatik
korpusun digər nümayəndələrinin,
Macar-Azərbaycan Dostluq Cəmiyyətinin
sədri Svetlana Abdullayevanın sərgi
barədə fikirləri yer alıb.
Macarıstanda yaşayan və təhsil alan həmvətənlərimizin, eləcə
də sənət adamlarının sərgilənən əsərlərin
bədii dəyəri barədə söylədikləri fikirləri
də eşitmək çox xoş idi. Bu ölkədə təhsil
alan soydaşımız Əziz Əbilzadə
isə sərginin açılış mərasimində gitara ilə çalıb-oxuduğu
mahnıları “Amerika mərkəzi”nə
toplaşanlar üçün
də ifa etməsi ilə hər kəsə
"Rənglərin səyahəti"nin təəssüratını
yaşatdı.
G.Mirməmməd
Mədəniyyət .-2016.- 6 iyul.-
S.12.