Tanış məkanda incəsənət guşəsi

Paytaxtda rəssamların açıq havada satış-sərgi ənənəsi bərpa olunur

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə bu ilin iyun ayından paytaxtın Fəvvarələr meydanının yaxınlığında (Nizami küçəsi 73) açıq havada rəssamların əsərlərindən ibarət satış-sərgi fəaliyyət göstərir.

Bir vaxtlarpasajkimi tanınan bu məkan nəinki bakılıların, eləcə də xarici qonaqların çox sevdiyi yer olub. Bu ərazidə ilin bütün fəsillərində suvenirlər, bəzək əşyaları, rəsm əsərləri, müxtəlif dillərdə kitablar satılırdı. Köhnə yaxşı ənənənin bərpa edilməsi hər zaman xoş ovqat yaradır.

Biz də sərgiyə baş çəkdik, keçmiş ənənənin bərpa olunmasının insanlar tərəfindən maraqla qarşılandığının şahidi olduq.

 

İnsanların sənətə marağı azalmayıb

 

İsti yay günü və Bakının xəzrisi şəhəri ağuşuna alıb. Sərgi ərazisinə yaxınlaşırıq. Fəvvarələr meydanı həmişə olduğu kimi, yenə qaynar həyatını yaşamaqdadır. Günortadan keçsə də, havanın istisindən kölgəlik axtaran insanlara rast gəlirik. Həm yerli sakinlər, həm də xarici turistlərin axın etdiyi bu məkanı “internasional ərazi” də adlandırmaq olar.

Budur, kiçik bir fəvvarənin ətrafında rəssamlar yığışaraq söhbət edirlər. Stendlərdən asılan bir-birindən maraqlı rəsmlər yoldan ötənlərin diqqətini özünə cəlb edir. Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı Əli Nuruzadə Bakı küləyindən zarafatyana şikayətlənərək bir kənarda küləyin xətər yetirdiyi rəsm əsərinin çərçivəsini bərpa edir. Qalereyanın digər əməkdaşı Məhəmməd Əmişov da məşğuldur. Mədəniyyət və Turizm Nazirliyinin hər həftəsonu təşkil etdiyi konsertlər də bu məkanda baş tutur deyə quraşdırılmış səhnənin bannerlərini bərkidir... Hər ikisi ilə salamlaşıb ərazi ilə tanış oluruq.

Qurulmuş stendlərdə müxtəlif rəssamların əsərləri yer alıb. Burada köhnə Bakının rəsmləri ilə yanaşı, portret janrında çəkilmiş əsərlər də gözə dəyir. Rəsm əsərlərinin qiyməti 15-20 manatdan başlayır. Bu arada rəssamlara yaxınlaşıb onların fikrini öyrənirik.

İlk həmsöhbətimiz Əsgər Əliyev uzun müddət bərpaçı-rəssam işləyib. Sərginin açılmasından məmnunluğunu bildirir: “Çox şad oldum. Biz bu ərazidə bir müddət fəaliyyətimizi dayandırdıq. İndi yenidən buradayıq. Görürəm ki, insanların sənətə marağı azalmayıb. Mən əsasən İçərişəhəri çəkirəm və rəsmlərdə bu ecazkar məkanın özəlliklərini göstərmək istəyirəm”.

Gənc rəssam Elmar Məmmədzadənin sərgi-yarmarkasında ilk günüdür. Onun da əsərləri özəlliyi ilə seçilir. Elmar ipək üzərində boya ilə işləyir. Türkiyədə yaşayan həmyerlimiz yaradılan şəraiti yüksək dəyərləndirir. Deyir ki, bir gənc olaraq bu addım onun fəaliyyətinə dəstəkdir. O, satışa çıxarılan əsərlərinin hamısını Müəllif Hüquqları Agentliyində qeydiyyatdan da keçirib. Türkiyə, Almaniya, Fransa, Birləşmiş Ərəb Əmirliklərində fərdi sərgisini təşkil edib. Bildirir ki, sərgidə iştirakının ilk günü olsa da, artıq 3 əsərini satıb. Məlum olur ki, Elmarın eskizləri əsasında hazırlanan baş örtüklərinin də stenddə nümayiş olunması nəzərdə tutulur.

Yarmarka ərazisində olan digər rəssamlar Hünər Cəbrayılov, Şahid Adıgözəlzadə də söhbətimizə qoşularaq sərgi-yarmarkanın təşkilinə görə minnətdarlıq edirlər. Bildirirlər ki, dünyanın bir çox şəhərlərində rəsm əsərlərinin küçədə satışı mövcuddur. Hətta qonşu Gürcüstanda bu ənənə davam edir. Bu təkcə qazanc məqsədilə deyil, həm də sənətə maraq yaratmaq, yaradıcı gənclərə stimul vermək üçün əhəmiyyətlidir.

 

“Bakıda həm Avropanı, həm də Şərqi gördük

 

Rəssamlarla söhbətimiz əsnasında stendlərə yaxınlaşan, rəsm əsərlərinin qiyməti ilə maraqlanan insanları görürük. Yerli sakinlər belə bir məkanın təşkilindən razılıq edirlər. Eyni zamanda xarici turistlərin sərgiyə münasibəti də bizim üçün maraqlıdır. İraq, Səudiyyə Ərəbistanı, Rusiya, İrandan olan turistlərin rəsmlərlə tanış olduqlarını öyrənirik. Ən maraqlısı isə odur ki, yerli sakinlərdən xarici dilləri bilənlər xarici qonaqlara kömək etməyə, az da olsa əsərlərdə əks edilənlər barədə məlumat verməyə çalışırlar. Məsələn, nar, tarkamança əks olunan rəsm əsərlərini qonaqlara izah edən sakinlərimizə yalnız minnətdarlıq etmək qalır...

Rusiyadan gələn turist Anna Avdeyeva Bakıda olmağından məmnundur. Dostlarının məsləhəti ilə istirahət üçün Azərbaycanı seçib: “Peşman deyiləm. Burada dil problemi yoxdur. Hava da könlümüzcədir. Sərgidə nümayiş olunan rəsm əsərlərinin hər biri Azərbaycan tarixinə qısa ekskursiya etməyimizə imkan verir. Məsələn, Qız qalası, İçərişəhər, adət-ənənələr bu rəsmlərdə əks olunub. Bu da çox xoşuma gəlir”.

İraqlı turistlər Əhməd, Əmir Əbdül rəsmlərlə maraqlanır. Müəlliflər onlara əsərlərin qayəsi barədə məlumat verirlər. Sövdələşdilərsə, demək bəyəniblər. Bakıya ilk dəfə gələn qonaqlar xalqımızın qonaqpərvərliyinə, istiqanlılığına heyran olduqlarını bildirirlər.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindən gələn ailə ilə söhbətimiz daha maraqlı oldu. Sərgilənən əsərlərə heyranlıqla baxan turistlər rənglərin yaratdığı sehrə düşmüşdülər sanki. Bütün stendləri gəzir, seçim etməkdə çətinlik çəkirdilər.

Xanım Nada Yousef Al-Rabiah bildirir ki, ölkəsində Azərbaycanı o qədər də tanımırlar: “Özüm universitetdə dərs deyirəm, professoram. Düzü, ölkənizə gələndə içimdə bir qorxu da var idi. Təhlükəsiz ölkə olduğundan əmin deyildik. Bu gün isə burada olmağımızdan o qədər məmnunuq ki, sözlə belə ifadə edə bilmirik. Paytaxtınız təmizdir, insanlar mehribandır. Azərbaycanın mədəniyyəti, adət-ənənələri xoşumuza gəldi. Azərbaycan tolerant ölkədir. Bakıda həm Avropanı, həm də Şərqi görə bildik. Birhəftəlik gəlsək də, gedib yenidən qayıtmaq fikrindəyik. Çünki bölgələrinizi də gəzmək istəyirik. Qiymətlər də münasibdir. Bakıda olduğumuz bütün məkanları elə anındaca çəkib Ər-Riyaddakı qohumlara göndəririk. Gələn il yəqin ki, böyük bir qrupla gələcəyik. Bizdə hava çox istiquru olduğundan buranın küləyi də bizim üçün əvəzedilməzdir. Bakıda ən çox bəyəndiyimiz insanların səmimiliyi, təmizlik və təhlükəsiz istirahət şəraitinin olmasıdır”.

Bax beləcə, Fəvvarələr meydanında rəsm əsərlərinin sərgi-yarmarkasında keçirdiyimiz 3-4 saat vaxtımız çox maraqlı və yaddaqalan oldu. Hər halda bütün bu addımlar rəssamlarımızın maddi rifahı ilə yanaşı, tanınmaları üçün də gözəl imkandır.

 

Lalə Azəri

Mədəniyyət.-2016.- 15 iyul.- S.7.