Azərbaycan-Ukrayna əməkdaşlığının geniş perspektivləri var

İki ölkə arasında sənədlər, o cümlədən Mədəniyyət və Turizm nazirliklərinin 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığına dair proqram imzalanıb

Ukrayna Prezidenti Petro Poroşenko iyulun 13-14-də ölkəmizdə rəsmi səfərdə olub.

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşü keçirilibiki ölkənin Prezidentlər Şurasının V iclası olub. İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

Azərbaycan Prezidenti görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələri üzrə geniş müzakirələrin aparıldığını bildirib. Bu səfərin əlaqələrimizin inkişafında önəmini qeyd edən dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk səfərinin ölkələrimiz arasında müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyətin müəyyənləşdirilməsi və Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacaq.

Nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Petro Poroşenko ölkəmizin paytaxtında ilk saatlardan gördüklərinin onlarda dərin təəssürat yaratdığını bildirib. O, Bakının təkcə gözəlliyini deyil, paytaxtdakı insanların yüksək əhval-ruhiyyəsini də müşahidə etdiklərini vurğulayıb və ilk dəqiqələrdən nümayəndə heyəti üzvlərinin özlərini çox qonaqpərvər ölkədə hiss etdiklərini deyib.

İclasda siyasi, iqtisadi, energetika, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Beşinci İclasının Protokolunu Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Petro Poroşenko imzalayıblar.

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın Dövlət Fiskal Xidməti arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokolu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ukraynanın Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov imzalayıb.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqram”ı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ukraynanın xarici işlər naziri Pavel Klimkin imzalayıb.

Sonra Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının geniş perspektivləri olduğunu diqqətə çatdırıb. Bildirib ki, iqtisadi sahədə qarşılıqlı ticarətin genişləndirilməsi üçün imkanlar var: Biz danışdıq ki, Azərbaycan idxal edilən malların ölkəmizə gətirilməsi işində Ukrayna şirkətlərinə diqqət yetirəcək, - eyni zamanda, Azərbaycanın artıq çox geniş ixrac imkanları vardır və Ukrayna bazarı - böyük bazar bizim üçün çox maraqlıdır. Birgə investisiya layihələrinin icrası nəzərdə tutulurmüvafiq göstərişlər verildi ki, hər iki ölkənin investisiya imkanları araşdırılsın”.

Dövlət başçısı humanitar sahədə əməkdaşlığın əhəmiyyətini də vurğulayıb: “Azərbaycanda yaşayan ukraynalılar, Ukraynada yaşayan azərbaycanlılar, əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayırlar. Eyni zamanda, mədəniyyətlə, təhsillə, turizm imkanlarının genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı”.

Prezident Petro Poroşenko bu səfərin onda çox böyük təəssürat oyatdığını, Bakının küçələrini gəzdiyini, İçərişəhərdə ekskursiyada olduğunu bildirib. Qeyd edib ki, danışıqlar zamanı ölkələrimiz üçün maraqlı məsələləri, ölkələrimizin qarşılıqlı şəkildə suverenliyi və ərazi bütövlüyünün müdafiəsi məsələsini müzakirə etdik. Ukrayna Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və böyük məmnuniyyətlə biz bilirik ki, Azərbaycan da Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutur.

 

Mədəniyyət.-2016.- 15 iyul.- S.3.