Mədəni
irsimizə qarşı erməni vandalizmi
İşğal olunmuş
ərazilərdəki tarix və mədəniyyət
abidələri ilə bağlı layihə yekunlaşıb
İyulun 14-də Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi tərəfindən gerçəkləşdirilən “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi.
“Mərhəmət” İctimai Birliyinin sədri İradə Nəsirova layihə haqqında məlumat verdi. Qeyd etdi ki, layihənin əsas məqsədi Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonda (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) dağıdılmış tarixi abidələr, maddi-mədəniyyət nümunələri barədə dünya ictimaiyyətinə məlumat çatdırmaqdır. Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan on illər boyu tarixi abidələrimizi dağıdaraq maddi və mədəniyyət nümunələrimizi mənimsəyir. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud surətdə pozaraq mütəmadi şəkildə Azərbaycanın mədəni sərvətlərini talayır.
Bildirildi ki, layihə çərçivəsində Türkiyənin İstanbul və Ankara, eləcə də Gürcüstanın Tiflis şəhərində silsilə tədbirlər keçirilib. Tədbirlərdə hər üç ölkənin milli dəyərlərin təbliği üzrə ekspertləri, tarixçilər iştirak ediblər.
Milli Məclisin deputatı Elman Nəsirov və başqaları çıxış edərək erməni işğalçıları tərəfindən Azərbaycana vurulan ziyan, ermənilərin torpaqlarımızda apardığı vandalizm siyasəti haqqında danışdılar. Azərbaycanın işğal altında olan ərazilərində abidələrin ermənilər tərəfindən dağıdılması ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulandı.
Sonra işğal altında olan tarixi abidələrimiz və erməni vandalizmi haqqında videoçarx nümayiş olundu.
Konfransın sonunda işğal altında olan
abidələrimizlə bağlı UNESCO-ya
ünvanlanmış müraciət qəbul edildi.
Fariz Hüseynov
Mədəniyyət.-2016.- 15 iyul.-
S.4.