Beynəlxalq
yarışlar Azərbaycanda turizmin
inkişafında xüsusi rol
oynayır
“Bakı turizm mərkəzinə çevrilir.
Artıq biz bunu
müşahidə edirik. Bakıya gələnlərin,
şəhərimizi, ölkəmizi tanıyanların sayı
artır”
İyulun 18-də
Braziliyanın Rio-de-Janeyro şəhərində
XXXI Yay Olimpiya
Oyunlarında iştirak edəcək Azərbaycan
nümayəndə heyətinin rəsmi yolasalma
mərasimi keçirilib. Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev
mərasimdə iştirak edib.
Dövlət başçısı mərasimdə nitq söyləyib. Avqustun 5-də Rio-de-Janeyroda start götürəcək Yay Olimpiya və Paralimpiya Oyunlarında təmsilçilərimizə uğurlar arzulayan Prezident əmin olduğunu bildirib ki, həm olimpiyaçılar, həm paralimpiyaçılar ölkəmizi ləyaqətlə təmsil edəcəklər və Vətənə böyük qələbə ilə qayıdacaqlar.
Qeyd olunub ki, Oyunlarda Azərbaycan Olimpiya komandası 56 idmançı ilə iştirak edəcək: “Bu, keçən Yay Olimpiya Oyunlarından çoxdur. Biz London Yay Olimpiya Oyunlarında 53 idmançı ilə iştirak etmişik və bildiyiniz kimi, böyük qələbə - 10 medal qazanmışıq, onlardan 2-si qızıl medaldır. Bu dəfə isə daha da böyük heyətlə iştirak edəcəyik və əlbəttə ki, yaxşı nəticələr gözləyirik”.
Prezident vurğulayıb ki, Azərbaycan idman dövləti kimi bütün dünyada tanınır. Ölkəmizdə idman infrastrukturu yaradılır. Son illər ərzində bölgələrdə 40-dan çox Olimpiya idman mərkəzi tikilib. Bakıda isə idman infrastrukturu ən yüksək səviyyədədir. Təkcə son bir-iki il ərzində bir neçə gözəl, möhtəşəm idman obyekti istifadəyə verilib - Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı. Bu idman obyektləri, eyni zamanda, gözəl memarlıq əsərləridir. Bu binalar, bu qurğular Bakını daha da gözəlləşdirir.
Ölkəmizdə bir qayda olaraq beynəlxalq idman yarışlarının keçirildiyini deyən Prezident qeyd edib ki, bu, beynəlxalq idman aləmi tərəfindən bizə göstərilən böyük hörmətdir.
Dövlət başçısı ötən il ilk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirildiyini diqqətə çatdırıb: “Bu Oyunlarda 6 min idmançı iştirak etmişdir, minlərlə qonaq Azərbaycanla tanış olmuşdur. Bu Oyunlar Avropada və digər qitələrdə televiziya vasitəsilə göstərilmişdir. Bütün dünya bir daha gördü ki, Azərbaycan inkişaf etmiş, müasir, gözəl ölkədir”.
Prezident bu yaxınlarda Bakıda keçirilən Formula-1 yarışının əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, bu, beynəlxalq reytinqə görə Yay Olimpiya Oyunlarının və futbol üzrə dünya çempionatının səviyyəsində olan yarışdır. Formula-1 yarışının tamaşaçı auditoriyası 500 milyon insandır: “Bu yarışın Azərbaycanda keçirilməsi, əlbəttə ki, bizim tarixi nailiyyətimizdir, bir daha ölkəmizin gücünü göstərir. Bakı Formula-1 yarışlarının keçirildiyi 21-ci şəhərdir. Əgər o şəhərlərin siyahısına nəzər salsanız, görərsiniz ki, bu şəhərlər inkişaf etmiş şəhərlərdir. Bakı da o sıradadır. Bizim istəyimiz ondan ibarət idi ki, bu oyunlar şəhər küçələrində keçirilsin. Bu da yarışlara əlavə gözəllik verir və eyni zamanda, bütün dünya Bakının gözəlliyini görəcək. Biri var, stadionda, - bu halda hansı şəhərdə keçirildiyi bəlli olmur, - biri də var ki, şəhərimizin mərkəzi küçələrində keçirilsin. Bakı turizm mərkəzinə çevrilir. Biz bunu görürük. Formula-1 yarışı Azərbaycanın turizm potensialının inkişafında xüsusi rol oynayacaq. Artıq biz bunu müşahidə edirik. Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artır. Onların çoxu Bakıya ilk dəfə gəlirlər. Onlar görürlər ki, Bakı necə gözəl, necə inkişaf etmiş şəhərdir.
Bu il Bakıda Dünya Şahmat Olimpiadası keçiriləcək. Gələn il İslam Həmrəylik Oyunları keçiriləcək. Bu, ölkəmizin potensialını göstərir. Eyni zamanda, ölkəmizin dünyada oynadığı rolu da artıq nümayiş etdirir”.
Mədəniyyət.-2016.- 20 iyul.-
S.2.