İllərin rəng
və çalarları
Xalq rəssamı Vidadi Nərimanbəyovun 90 illiyinə həsr olunmuş sərgi
İyulun
15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycan Milli İncəsənət Muzeyində
Xalq rəssamı Vidadi Nərimanbəyovun 90 illiyinə həsr
olunmuş fərdi sərgisi açıldı.
Mərasimdə Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev çıxış edərək Vidadi Nərimanbəyovun özünəməxsus yaradıcılığı olduğunu bildirdi, əsərlərinin ideya-sənətkarlığından danışdı.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında Vidadi Nərimanbəyovu XX əsr Azərbaycan rəssamlıq məktəbində iz qoymuş sənətkarlardan biri kimi səciyyələndirdi. Bildirdi ki, V.Nərimanbəyov 1926-cı ildə Fransanın Kann şəhərində anadan olub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında sənətin sirlərinə yiyələnib. Bu təhsil ocaqlarında dövrünün böyük rəssamlarından dərs alıb, yaradıcılığında ənənələrə sadiq qalıb.
Qeyd olundu ki, İkinci Dünya müharibəsinin iştirakçısı olan rəssam yaradıcılığının bütün dövrlərində müharibə mövzusuna müraciət edib. Rəssamın bu mövzuda olan əsərləri müxtəlif ölkələrdə keçirilən SSRİ mədəniyyət günlərində nümayiş olunub. Xalq rəssamı 2001-ci ildə vəfat edib. Bu gün sənətkarın yolunu davam etdirən övladları ölkəmizi xaricdə layiqincə təmsil edirlər.
Tədbirdə xalq rəssamları Ömər Eldarov, Səlhab Məmmədov və Fuad Salayev çıxış edərək rəssamla bağlı xatirələrini bölüşdülər, onun yaradıcılığından, yüksək insani keyfiyyətlərindən söz açdılar.
Rəssamın qızı, rejissor, animator Nigar Nərimanbəyova sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
Sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə rəssamın Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri nümayiş olunur. Həmçinin fırça ustasının bir neçə əsəri ilk dəfə bu sərgidə təqdim edilir.
Qeyd edək ki, Vidadi Nərimanbəyovun “Nədir günahımız?”, “Düşmənin sevinci...”, “Yolda” və digər əsərləri onu özünəməxsus dəst-xətti ilə seçilən, istedadlı rəssam kimi məşhurlaşdırıb. O, Azərbaycanda və keçmiş SSRİ-nin digər respublikalarında, eləcə də Bolqarıstan, Rumıniya, Əlcəzair, Finlandiya, Çexiya, Macarıstan kimi dünyanın 20-dək xarici ölkəsində keçirilən fərdi yaradıcılıq sərgilərində milli təsviri sənətimizi təbliğ edib. Rəssamın əsərləri Moskva Dövlət Tretyakov Qalereyasında, MDB və Avropa ölkələrinin muzeylərində saxlanılır.
Bildirək ki, 30-dan çox əsərin təqdim edildiyi
sərgi iyulun 20-dək davam
edəcək.
Fariz
Mədəniyyət.-2016.- 20 iyul.-
S.6.