Həyat bir nağıl olarsa...

Elə əsərlər var ki, onların adı məzmunundan, məramından xəbər verir, nağıl olduğuna işarə vuraraq xoş sonluqla bitəcəyini bildirir. «999-cu gecə» də hər şeydən öncə məşhur “Min bir gecə» nağılları ilə assosiasiya yaradır. Nağıl-eposda gözəl Şəhrizadın 999-cu gecə danışdığı nağıl - çəkməçi Marufla onun arvadı Fatmanın başına gələnlər Musiqili Teatrda hazırlanan yeni tamaşaya mövzu olub.

Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədovadır. Rəqslərə YelenaZakir Ağayevlər quruluş veriblər.

Tamaşanın musiqi tərtibatında böyük bəstəkar Fikrət Əmirovun «Min bir gecə» baletinin musiqilərindən istifadə edilib. Hətta personajların ifa etdiyi mahnılar da Fikrət Əmirovun bəstələri və ya bəstəkarın bir zamanlar orkestr üçün işlədiyi xalq mahnılarıdır, bəzi mətnlərə də tamaşanın məramına uyğun dəyişikliklər edilib. Yeri gəlmişkən, vokal-estrada səsləri və estrada orkestri üçün nəzərdə tutulmuş mahnıların orkestr işləmələri də tamaşanın quruluşçu dirijoruna aiddir.

Səhnədəki hadisələr iki mərtəbədə baş verir. Xeyirlə şərin, sevgiylə nifrətin mübarizəsi üstündə qurulmuş, bu dünyadakı cənnəti də, cəhənnəmi də göstərən tamaşadakı mərtəbələr də bunu əks etdirir. Personajlar ya öz əməlləri üzündən, ya da sehrin hökmü ilə cəhənnəmə düşür, cənnətə yüksəlir.

...Bir şəhərdə çəkməçi işləyən fağır Maruf (Səmədzadə Xasıyev) arvadı Fatmanın (Gülnarə Abdullayeva) maddi tələblərini heç cür ödəyə bilmir. Evə əliboş, ya da qəpik-quruş qazancla gələn Maruf arvadının təhqirlərinə, şillə-təpiyinə məruz qalır. Təsadüfən bazarda Eşikağası (Əliməmməd Novruzov) ilə rastlaşan Marufun qəfildən bəxti açılır və o, saraya düşür. Acgöz padşah (Məhərrəm Qurbanov) Eşikağasının düzüb qoşduğu yalanlara - Marufun padşahlardan da zəngin tacir olduğuna inanır, yeganə və ağıllı qızı Reyhanı (Mehriban Zalıyeva) zorla ona ərə verir. Zalım Vəzir (Ruslan Mürsəlov) Reyhana aşiq olsa da, bu evliliyə mane ola bilmir.

Elə bütün həngamələr də bundan sonra başlayır.

...Tamaşanın məzmununu tam danışmaq niyyətindən uzağıq. Amma «999-cu gecə»də gördüklərimizdən söz açmalıyıq ki, oxucumuz olan tamaşaçı da bilsin ki, qarşıdakı mövsümdə bu tamaşaya baxmaq həvəsinə düşsə, nələri görəcək.

...Əvvələn, siz gözəl musiqi eşidəcəksiniz. Hər halda bəstəkar Fikrət Əmirovdur və onun dünya şöhrətli «Min bir gecə» baletindən əsas musiqi fraqmentləri səslənir və Azərbaycanın ən yaxşı müğənnilərinin repertuarında olmuş mahnıları oxunur. Əslində Maruf başını götürüb qaçandan sonra Fatmanın «Mən səni araram» mahnısını tam ciddiyyəti ilə oxuması, Reyhanı zorla özünə arvad etməyə çalışan Vəzirin «Axı, mən neyləmişəm?» mahnısını hikkə ilə ifa etməsi tamaşaçını bir qədər çaşdırır. Sadəlövhcəsinə düşünürsən ki, deyəsən, Fatma peşman olub, ya da Zınqırovlu ilana oxşayan başlıq taxmış Vəzir də heç pis oğlan deyilmiş. Amma yox! Nağıl da olsa, bir həqiqət var: hər kədərlənən peşman deyil, hər çaşqın və çarəsiz də saf! Əslində Fatma ilə Vəziri birləşdirən əsas bir cəhət var: öz istədiklərinə sehrin, cinlərin, şeytanların hökmü ilə də olsa, yetişmək! Daha düşünmürlər ki, zor gücünə, bəd əməl hökmüylə qazandıqlarını əldə saxlamaq mümkün olan deyil!

İkincisi, gözəl səslər eşidəcəksiniz. Teatrın gənc solistləri Mehriban Zalıyeva ilə Səmədzadə Xasıyevin şirin vokal səsləri qulağınızı oxşayacaq.

Üçüncüsü, şirin yumor, xoş zarafat dinləyəcəksiniz. Tutuquşunun (Elməddin Dadaşov), Eşikağasının zarafatları sizi güldürəcək.

Dördüncüsü, gözəl rəqslərə tamaşa edəcəksiniz. Teatrın balet truppası həm musiqinin, nağılın ruhuna uyğun “göbək rəqsi” də oynayacaq, həm də qan coşduran Azərbaycan milli rəqslərini də!

Beşincisi, siz müasir Cin görəcəksiniz. Bəli, bəli, müasir Cin. İsmi ifaçısının adına uyğun olaraq El-Cino adlandırılmış Cin (Elçin İmanov) səhnəyə elə müasir geyimdə çıxır, hər şeyi mobil telefonla həll edir. Amma ona zəng etmək üçün sehrli üzüyü libasının qoluna sürtmək gərəkdir. Düzdür, ola bilsin ki, birinci dəfədən ona zəng çatmasın. Sadəcə, həvəsdən düşmək lazım deyil! O elə nağıllardakı əsl cinlərdəndir, öz ağasının kimliyindən, məramından asılı olmayaraq, onun hər sözünü canla-başla yerinə yetirməyə hazırdır. Hətta pulun əhəmiyyəti barədə meyxana ritmində ürəkdən tikan çıxaran mahnı da oxuyur! Amma sonda... Bir azdan! Sona hələ bir az var!..

Altıncısı, səhnənin quruluşu, personajların geyimləri sizi əsl ərəb nağılı mühitinə aparacaq.

Yeddincisi, bu səhnə əsəri nağıl da olsa, gülüşün gücü ilə bu dünyanın ən böyük həqiqətini, ən böyük gerçəkliyini bir daha tamaşaçının yadına salacaq: əgər yeri-göyü Yaradan iki nəfərin qəlbinə bir-birinə qarşı məhəbbət salıbsa, heç bir qorxulu Vəzir, heç bir ifritə qəlbli arvad buna qarşı çıxmağa, onları bir-birindən ayırmağa qadir deyil!

Səkkizincisi... Yox, bundan sonrasını sizin ixtiyarınıza buraxırıq. «999-cu gecə»yə baxarısınız, deyərsiniz.

 

Gülcahan Mirməmməd

Mədəniyyət.-2016.- 20 iyul.- S.6.