İslam coğrafiyasında xalq oyunları və meydan tamaşaları

Bakıda beynəlxalq elmi konfrans keçirilib

 

İyulun 15-də AMEA-nın Nizami adına Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli giriş sözündə beynəlxalq tədbirin 2017-ci ildə ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına olan marağın artırılması, elmi ictimaiyyətin diqqətini İslam coğrafiyasında oyun mədəniyyətinə, bu mədəniyyətin xalqlar arasında əlaqələrdə roluna cəlb etmək məqsədi daşıdığını bildirdi. Prezident İlham Əliyevin “İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında” 2016-cı il 14 yanvar tarixli sərəncamını xatırladan akademik İ.Həbibbəyli komissiyanın tərkibinə respublikanın tanınmış alimlərinin də daxil olduğunu, AMEA tərəfindən bir sıra tədbirlərin həyata keçiriləcəyini dedi.

Qeyd olundu ki, konfransda İslam coğrafiyasında yaşayan xalqların ənənəvi mədəniyyətinin, mərasim folklorunun, oyun və tamaşalarının müxtəlif aspektləri müzakirə mövzusu olacaq: “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi aktualdır. Xalq oyunları, meydan tamaşalarına aid araşdırmalar olsa da, bu istiqamətdə elmi tədqiqatların genişləndirilməsinə böyük ehtiyac var. Bunlar sadəcə, oyuntamaşalar olmayıb, Azərbaycanın ictimai fikir tarixini, bir çox hallarda milli-mənəvi varlığını, soykökünü, mədəniyyətini, mənəvi aləmini, dünyabaxışını geniş, sistemli şəkildə ifadə edən vasitələrdir. Hesab edirəm ki, biz milli xalq oyunlarının, meydan tamaşalarının mətnlərinin öyrənilməsinə, onların icra mexanizmlərinin unudulmamasına, tədqiqinə diqqəti daha da artırmalıyıq”.

Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov 2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində belə bir konfransın təşkilinin əhəmiyyətini vurğuladı: “Başlıca məsələ İslam coğrafiyasında və Azərbaycanda tarixən mövcud olan, bu günyaşayan oyunların ortaq dəyərlərinin tapılmasıdır. İstər bütövlükdə folklor, istərsə də onun ən qədim janrlarından olan xalq oyunları öz mahiyyətində və məzmununda dünyanın demək olar, əksər xalqları üçün ortaq olan mifoloji görüşlərə söykənir, oradan qaynaqlanır. Oyunlarda folklorun digər janrları ilə müqayisədə qədim görüşlər, etiqadlar, təsəvvürlər öz qabarıq ifadəsini tapa bilib”.

Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Azərbaycan və qədim türk xalqlarının mədəniyyətində, xalq oyunlarında təsviri sənətin yerirolu barədə danışdı, Azərbaycanda teatr sənətinin bir hissəsinin meydan tamaşalarına, digər qisminin isə müxtəlif sənət növlərinin təsvir obyektinə kökləndiyini dedi.

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev unudulmaqda olan xalq oyunlarının və meydan tamaşalarının bərpa olunmasının, qorunmasının və gələcək nəsillərə çatdırılmasının önəmini qeyd etdi, bu istiqamətdə bir sıra qurumların, həmçinin AMEA ilə nazirliyin əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğuladı.

Açılış toplantısında filologiya üzrə elmlər doktoru, professor Tahirə Məmmədin “Xalq oyun-tamaşalarında kuklalarmaskalar”, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin “Xalq oyunlarının funksional strukturu” adlı məruzələri dinlənildi.

Sonra konfrans işini bölmələrdə davam etdirdi. İslam coğrafiyasında ortaq oyunlar, xalq oyunlarının ritual kökləri, Azərbaycan oyun mədəniyyəti, meydan tamaşaları, xalq oyunlarının müxtəlif sənət sahələri ilə əlaqəsi, xalq oyunlarında personajlargeyim mövzusunda bölmə toplantılarında məruzə və çıxışlar edildi.

 

S.Qaliboğlu

Mədəniyyət.-2016.- 20 iyul.- S.7.