Çimərlik əraziləri üçün planlaşdırma və idarəetmə modeli təqdim olundu

Novxanı qəsəbəsində ilk model layihənin tətbiqinə başlanılıb

 

İyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində yerləşən “AF-Hotel” mehmanxanasında model layihə əsasında hazırlanan çimərliyin açılış mərasimi keçirildi.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq sahə üzrə əməkdaşları, iqtisadiyyat, fövqəladə hallar, səhiyyə, ekologiya və təbii sərvətlər nazirliklərinin məsul şəxsləri, Bakı şəhəri və onun rayonlarının icra hakimiyyəti başçılarının müavinləriturizm sektorunun nümayəndələri iştirak edirdi.

Çimərlikdə yaradılan şəraitlə tanış olan nazir Əbülfəs Qarayevə məlumat verildi ki, bir ay müddətində yenidən qurulan məkanda turistlərin rahat istirahəti üçün hər cür şərait yaradılıb. Burada istirahət edən insanlar dənizlə yanaşı, çimərliyin ərazisində yaradılmış hovuz, soyunub-geyinmə otaqları, duş otaqları, çətirlər və s. faydalana bilərlər. İnsanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsi fəaliyyət göstərir. Mövcud yerli və beynəlxalq standartlar nəzərə alınaraq hazırlanan çimərlikdə sağlamlıq imkanları məhdud şəxslərin istirahətinin təşkili məqsədilə də lazımi şərait yaradılıb.

Diqqətə çatdırıldı ki, çimərliyə daxil olmaq ödənişsizdir. Yalnız əlavə xidmətlərə görə ödəniş tələb olunacaq.

Əbülfəs Qarayev digər müvafiq ərazilərdə də belə çimərliklərin açılmasının məqsədəuyğun olduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə çimərlik turizminin davamlı inkişafını, yerlixarici turistlərin yüksək keyfiyyətli çimərlik xidmətlərindən faydalanmasını, turizm xidməti obyektlərində insanların təhlükəsizliyini və sanitariya-epidemioloji sağlamlığını təmin etmək, həmçinin bu sahədə özəl sektor üçün çimərlik ərazilərinin standartlara uyğun planlanması və idarə edilməsi modelinin tətbiq olunması çox vacibdir.

Nazir çimərliyin fəaliyyətində müasir standartların diqqətə alınması ilə bağlı tövsiyələrini verdi.

 

* * *

SonraAF-Hotel” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin “Kutvan proje” şirkərti tərəfindən birgə hazırlanmış “Azərbaycanın çimərlik əraziləri üçün planlaşdırma və idarəetmə modeli” və bu modelin “AF-Hotel”ə uyğunlaşdırılmasına həsr olunmuş tədbir keçirildi.

 

Dünya standartlarının tətbiqi üçün nə edilməlidir?

 

Tədbiri giriş sözü ilə açan nazir Əbülfəs Qarayev Azərbaycanda çimərlik turizminin inkişaf etdirilməsi yollarından danışdı. Bildirdi ki, bu gün ölkəmizdə rəsmi qeydiyyata alınmış 92 çimərlik fəaliyyət göstərir. Bu çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqələri əhalinin təhlükəsiz şəraitdə istirahəti üçün xidmət göstərir.

Nazir qeyd etdi ki, ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi üçün böyük potensialın olmasına baxmayaraq, bundan istifadə imkanları istənilən səviyyədə deyil. Bu sahədə qanunvericilik bazasının gücləndirilməsi və çimərliklərin dünya standartları səviyyəsinə çatdırılması üçün müvafiq normativ-hüquqi sənədlərin qəbul olunması vacibdir.

Bildirildi ki, beynəlxalq təcrübədə çimərliklər mütəxəssislər tərəfindən müxtəlif kriteriyalara görə qiymətləndirildikdən sonra müvafiq status qazanırlar. Məsələn, “Mavi bayraq” çimərliyin diqqətçəkən hissəsinə sancılır və bu onun yüksək imicinin göstəricisidir. Bizdə mövcud olan çimərliklərin heç biri belə bayraqla təltif olunmayıb. Bu sahədə qardaş Türkiyə dünya ölkələri arasında öncül yerlərdədir. Biz bu təcrübədən yararlana bilərik və bu da ölkəmizdə bu turizm növünün inkişafına təkan vermiş olar.

Qeyd olundu ki, suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, insanların xilas edilməsi və təhlükəsizliyi, ərazinin sanitariya-gigiyena vəziyyətinin normada olması, dəniz kənarının təmizlik səviyyəsi, çimərliklərin inkişafı üçün başlıca amildir. Bu sahənin inkişafı üçün beynəlxalq təcrübənin öyrənilməsi, sanitar-gigiyenik normalara əməl olunması, sahibkarların gördüyü işlərə dövlət dəstəyinin verilməsi üçün həm müvafiq mərkəzi icra hakimiyyəti orqanları, həm də yerli icra hakimiyyəti orqanları öz köməyini əsirgəməməlidir.

 

Sahilboyu ərazilərin 60-70 faizində çimərlik turizmi üçün imkanlar var

 

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov ölkəmizdə çimərlik turizminin mövcud vəziyyəti, problemləri və perspektivləri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, dünya iqtisadiyyatında mühüm yer tutan turizm sənayesi və onun bir növü kimi çimərlik turizmindən müxtəlif ölkələr böyük gəlir əldə edirlər.

Sektor müdiri Azərbaycanda çimərlik turizminin inkişafı üçün münbit şəraitin olduğunu vurğuladı. Qeyd etdi ki, Xəzər dənizinin Azərbaycana düşən hissəsinin 60-70 faizində çimərlik turizminin yaradılması üçün imkanlar mövcuddur.

Daha sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, “Kutvan proje” şirkətinin nümayəndəsi Ali Bülənt Kutvan, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev ölkəmizdə turizmin inkişafı sahəsində atılan addımlardan danışdılar.

Qeyd olundu ki, son illər Azərbaycanda turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Ölkəmizdə bu sahənin inkişafı üçün görülən işləri daha da gücləndirmək üçün səylərin artırılmasının vacibliyi vurğulandı.

 

Çimərliklərə nəzarətlə bağlı işçi qrup yaradılacaq

 

Sonda qərara alındı ki, Mədəniyyət və Turizm Nazirliyinin əlaqələndiriciliyi ilə tədbirdə iştirak edən nazirlikicra hakimiyyətlərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılsın. İşçi qrupu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən çimərliklərdə dəniz suyunun təmizliyi, ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və xidmət səviyyəsinin vəziyyəti ilə əlaqədar baxış keçirilsin. Mövsümün sonunda aparılan araşdırmaların nəticələri elan edilərək, nümunəvi çimərliklər mükafatlandırılacaq. Eləcə də çimərliklərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyət planı hazırlanması təklif olundu.

Bildirildi ki, işçi qrupu ölkəmizdə çimərlik turizminin inkişafının təşviqi işinə, sahibkarların bu sahəyə marağının artırılmasına, yeni yerlərinin açılmasına yardımçı ola bilər.

 

Fariz

Mədəniyyət.-2016.- 20 iyul.- S.8.