Cülyetta ilə Leyli
arasında
Yay məktəbindən dönən
aktrisa «Leyli və Məcnun»da
çıxış edəcək
Artıq bir neçə ildir ki, Azərbaycanın gənc teatr aktyorları Rusiyada Beynəlxalq Yay Teatr Məktəbində bir ay təlim keçirlər. Rusiya Teatr Xadimləri İttifaqı ilə ölkənin Mədəniyyət Nazirliyi bu il artıq onuncu dəfə bu layihəni təşkil etmişdilər. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Polşa və ev sahibi (Rusiyanın 40 şəhərindən teatr sənətçisi) də daxil olmaqla 30 ölkədən 87 aktyorun qatıldığı təlimlərdə Azərbaycanı Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva da iştirak edib. Vətənə dönüşündən sonra yeni mövsümdə təhvil veriləcək «Leyli və Məcnun» tamaşasının məşqlərində məşğul olan aktrisa ilə bugünlərdə görüşdük.
- Asya xanım, bildiyim qədər Yay Teatr Məktəbindən zəngin təəssüratla qayıtmısınız. Bu bir ayda təlimlərdə nə öyrəndiniz, nə yeniliklər gördünüz?
- Yay məktəbində hər gün məşğul idik. Səhərlər ustad dərsləri keçirdik. Ardınca dərslər başlayırdı: səhnə danışığı, səhnə hərəkəti, vokal-ritmika, qılıncoynatma və rəqs. Universiteti bitirəndən sonra tələbə vaxtı öyrəndiklərimin bir qismi elə bil köhnəlmişdi. Yay məktəbində keçdiklərimiz bir növ mənim unutduğum, beynimdə köhnəlmiş biliklərimi təzələdi. Müəyyən metodlarla tanış oldum, yəqin ki, öyrəndiklərimdən yeni mövsümdə istifadə edəcəyəm.
Bir dəfə tamaşadan başqa, küçə performansı adlanan bir göstəridə iştirak etdik. Hamımız qulaqcıq taxmışdıq, neyləyəcəyimizi bizim qulağımıza söyləyirdilər. Yəni, sonadək bilmirsən ki, sənin çıxışın necə qurtaracaq, maraqlı psixoloji priyom idi, çox xoşuma gəldi. - Bəs teatr tamaşalarına necə, baxdınızmı?
- Bir dəfə Obrazsovun teatrına apardılar bizi. Tamam fərqli tamaşa gördüm. Ümumiyyətlə isə, tamaşalara baxmağa vaxt yox idi. Üç şəhərdə Moskvada,
Zveniqorodda, İstrada məşqlər, məşğələlər
keçirdi. Bir ay ərzində
plana görə, bizim iştirakımızla
kukla, plastik, küçə və iki dramatik tamaşa
qoyulmalı idi. «Üç bacı.
Üçüncü pərdə», «Puşkin.
Kiçik faciələr», «Sakitlik», «Canto delle ombre/Kölgələrin şərqisi», bir də «Kiçik mismarlar». Mən yay məktəbinə məhz plastika məşğələlərinə görə getmişdim deyə, tamaşa seçəndə də elə «Kölgələrin
şərqisi»ni seçdim. 17 nəfər
iştirakçı idik
və bizim hər birimizin tərəfdaşı stul
idi.
Ustad dərslərində
iştirak etmək də çox maraqlı idi. Tanınmış
rejissorlar Yuri Butuzov,
Konstantin Raykin və
Sergey Jenovaçın, məktəbin
rəhbəri - Aleksandr
Kalyaginin söhbətləri
insanı zənginləşdirirdi.
Hamı ustad dərsini sual-cavab şəklində
qurmuşdu, amma Raykin düz iki saat özü
danışdı. Mən bir
dəqiqə də gözümü ondan çəkmədi. Üstəlik, «Romeo və Cülyetta» əsərini xırdalıqlarınadək
təhlil etməsi mənim üçün göydəndüşmə oldu.
Yay məktəbində xeyli qeydlər etmişəm,
video çəkmişəm. Ümid edirəm ki, öyrəndiklərimi tətbiq
edə biləcəyəm.
- Mən elə Cülyetta ilə bağlı bir sual verəcəkdim. Baş rolda çıxış
etdiyiniz «Romeo və Cülyetta» indi də teatrın repertuarındadır. Digər tərəfdən
də, «Leyli və Məcnun»da Leylini hazırlayırsınız.
Belə bir təhlükə gözlənilmir ki, Leyliniz Cülyettaya bənzəyər?
- Məncə, Leyli Cülyettadan qat-qat çətin obrazdır. Obrazın daxili aləmi bir tərəfə, elə mətn üzərində nə qədər çalışırıq.
Füzulinin dilində ərəb-fars
sözləri, izafətlər
çoxdur. Onları başa
düşərək əzbərləmək,
düzgün vurğu
ilə söyləmək
lazımdır. İnanırsınız, saatlarla məşq edirik, məşqdən sonra da Nicat
müəllimlə (quruluşçu
rejissor - Əməkdar
artist Nicat Kazımov) mətn üzərində
işləyirik. Hər halda
çalışaram ki,
mənim Leylim Cülyettaya oxşamasın.
Yəni bu, mənim rejissorun tələblərini
yerinə yetirmək, öyrəndiklərimi tətbiq
etmək fərasətimdən
asılıdır.
- Tamaşa hazır olanda baxıb deyərik. Mən sizin Cülyettanızı
görmüşəm deyə,
Leylinizə qiymət vermək çətin olmaz...
- Məşqlərimiz sentyabrda,
məzuniyyətdən qayıtdıqdan
sonra davam edəcək. Ola bilsin
ki, «Leyli və Məcnun» növbəti mövsümün
ilk premyerası olsun.
- Başqa tamaşa, yaxud serial-film təklifi varmı?
- Hələ ki, teatrda «Leyli və Məcnun»u məşq edirəm. Yeni təkliflər yəqin ki, yeni mövsümdə
olacaq. Həm də üç il demək
olar ki, həftədə dörd-beş
gün «Həyat, sən nə qəribəsən» serialında
çəkilişlərdə olmuşam. Eyni vaxtda teatrdakı
məşqlərimi, tamaşalarımı
da axsatmamışam.
İndi istəyirəm
ki, heç olmasa, bir ay dincəlim... Bir də Leyli üzərində çox
çalışmaq lazımdır,
diqqətimi yayındırmaq
istəmirəm.
- Mən sizin rejissor kimi quruluş
verdiyiniz diplom tamaşasına da baxmışam. Düzü,
o zaman gözləyirdim
ki, sizi teatr rejissoru kimi qazanacağıq... Amma siz aktrisa kimi
tanındınız.
- Elədir. Məni teatra aktrisa
ştatına qəbul
edəndə düşünürdüm
ki, yəqin ki, tezliklə rejissor assistenti kimi işləyəcəyəm.
Amma mənə rol verildikcə alışdım,
tamaşaçı da
məni qəbul etdi. Düşünürəm ki, yaxşı
ki, aktrisayam. Tamaşa qoymaqla bağlı bəzi ideyalarım var, lakin onların
məqamı hələ
yetişməyib, mənim
üçün tamaşa
hazırlamaq hələ
çox tezdir.
Gülcahan Mirməmməd
Mədəniyyət.-2016.- 20 iyul.- S.12.