Gədəbəy Aşıq Məktəbində
sərgi
"Simens" muzeyinin təşkili üçün eksponatlar
toplanır
Gədəbəy Aşıq Məktəbində "Multikulturalizm ili" çərçivəsində sərgi təşkil edilib. Sərgidə 1864-1917-ci illərdə alman mənşəli sahibkarlar - Simens qardaşlarının Gədəbəy rayonundakı sənaye fəaliyyəti dövründə onlara məxsus olan mədən-zavod kompleksində işlədilmiş texniki avadanlıqlar, məişət əşyaları, o dövrə aid, eləcə də həmin sənaye kompleksindən qalma müxtəlif təyinatlı tikililərin fotoşəkilləri və s. nümayişə çıxarılmışdır.
Sərginin bir bölümündə həmin dövrə aid olan mətbu nümunələr və bu mövzuda kitablar (“Həyatımızda Simens izləri”, ”Gədəbəydə alman möcüzələri”, ”Azərbaycan-Almaniya əlaqələri tarixindən”) yer alıb. 350-dək nümunələr eksponat, foto, nəşr və s. nümunələrin nümayiş olunduğu sərgi böyük maraq doğurub.
Sərginin ziyarətçilərinə Simens qardaşlarının Gədəbəydə fəaliyyəti barədə maraqlı bilgilər verilib. Azərbaycanda ilk su elektrik stansiyasının, sənaye təyinatlı dəmir yolu xəttinin, meşə massivində gecə və gündüz istirahəti (turistik gəzintilər), teatr binasında (Gədəbəy şəhəri) Azərbaycan və əcnəbi (əsasən rus və alman) dillərində tamaşalar göstərilməsi, Göyçədən Dədə Ələsgərin, aşıq Teymur, aşıq Nəcəf və aşıq İslamın mədən-zavod işçiləri üçün konsertə dəvət edilmələri, əcnəbilərlə yerli əhalinin işgüzar və gündəlik yaşayış münasibətləri və s. barədə verilən məlumatlar diqqətlə qarşılanıb.
Qeyd edək ki, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin Azərbaycanın və Gürcüstanın təşəbbüsü əsasında 2017-ci ildə UNESCO səviyyəsində qeyd olunması ilə əlaqədar Gədəbəy rayonunda "Simens" muzeyinin təşkili nəzərdə tutulur. Muzeyin ilkin tərtibatının daha geniş, təkmil formada təşkili üçün Mədəniyyət və Turizm Nazirliyinin müvafiq göstərişinə əsasən rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən işlər görülməkdədir.
"Simens" muzeyi üçün müvafiq eksponatlar Gədəbəy
Aşıq Məktəbində toplanılır. Əhali ilə
bu mövzuda tez-tez söhbətlər aparılır.
Mədəniyyət.-2016.- 20 iyul.- S.14.